Əfsanə İbrahimova: Media tərəfdaşlığı diplomatik təşəbbüslərə ictimai dəstəyi gücləndirir – ÖZƏL
11:30 Siyasət"Siyasi və diplomatik imkanlara nəzər salsaq görərik ki, üzv ölkələrin jurnalistləri Azərbaycanda keçirilən tədbirlərdə iştirak etdikcə, ölkənin mövqeyi və prioritetləri vasitəçisiz çatdırılır. Bu, xüsusilə regional təşəbbüslər və beynəlxalq gündəm üçün əhəmiyyətlidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əfsanə İbrahimova deyib. Siyasi şərhçi bildirib ki, həmçinin birbaşa media əlaqələri qarşılıqlı məlumatlılığı artırır və üçüncü tərəflərin süzgəcindən keçən təsəvvürləri azaldır. Bu prosesin müsbət təsirlərindən biri də odur ki, media tərəfdaşlığı ictimai rəyi, mədəni mübadiləni və xalqlararası bağları möhkəmləndirir. Bu da rəsmi əlaqələrə əlavə dəstək yaradır.
Beynəlxalq platformalarda dəstək mövzusuna gəldikdə isə qeyd edə bilərik ki, mövqelərin üzv ölkələrin mediasında daha geniş və dəqiq işıqlandırılması diplomatik təşəbbüslərə ictimai dəstəyi gücləndirə bilər.
Həmçinin bu proseslərin nəticəsində yeni tərəfdaşlıq kanalları formalaşır. Media qurumları arasında müqavilələr, birgə layihələr və təlimlər sonradan iqtisadi, mədəni və siyasi əməkdaşlığın zəmini ola bilər. Müntəzəm və şəffaf məlumat axını anlaşılmazlıq və yanlış təfsir riskini azaldır. Xəbər agentlikləri arasında məlumat mübadiləsi və ortaq platformalar böhran, təhlükəsizlik və humanitar məsələlərdə sürətli reaksiya verməyə imkan yaradır. Belə olduğu halda dezinformasiyaya qarşı mübarizə də asanlaşır. Faktların yoxlanılması üzrə birgə təcrübə və peşəkar standartlar yalan məlumatın yayılmasına qarşı müqaviməti artırır.
"Müsbət təsirlərdən biri də odur ki, peşəkar potensial artır. Birgə təlimlər, jurnalist mübadiləsi və texnoloji təcrübənin bölüşülməsi üzv ölkələrin media imkanlarını bərabərləşdirir. Daimi dialoq iqlim, təhlükəsizlik, inkişaf kimi mövzularda ortaq mövqelərin formalaşmasına kömək edir. Və Təbii ki, bu təsirlərin real nəticəyə çevrilməsi mexanizmlərin praktikada nə qədər davamlı işləməsindən, redaksiya müstəqilliyinə hörmətdən və üzv ölkələrin fəal iştirakından asılıdır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova