“Milli müstəqillik və güclü dövlətçilik əsas hədəflər olaraq qalır”- ÖZƏL

"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı bir daha göstərir ki, Azərbaycanın əsas siyasi kursu milli müstəqilliyin qorunmasına və güclü dövlətçiliyə əsaslanır. Dövlətçilik hər zaman prioritet məsələdir və bu mövzuda ulu öndər Heydər Əliyevin irsi və izi əsas örnək götürülür".

Bu fikirləri politoloq Tural İrfan Olaylar.az-a açıqlamasında söyləyib:

"İllər keçsə də, dövlətin təməl prinsipləri dəyişmir. Lakin bu, heç də yeni ideyaların və yeni proqramların meydana gəlməsinə maneə xarakteri daşımır. Mövcud dövlətçilik ideyaları ətrafında yeni prinsiplərin doğması və inkişaf metodları lübüd faktor kimi özünü doğruldur. Taktiki addımlar zamanla fərqlənsə də, əsas hədəflər sabit qalır. Bu reallıqlar göstərir ki, ölkənin taleyi yalnız xalqın və etibarlı rəhbərliyin əlindədir. Xarici təsirlərdən asılı olmayan müstəqil siyasət yeridilir.
Eyni zamanda maliyyə və iqtisadi sahədə özünü təminetmə səviyyəsi tam reallaşdırılıb. Bu, ölkənin beynəlxalq mövqeyini daha da gücləndirir. Ordunun modernləşdirilməsi və müdafiə qabiliyyətinin artırılması təhlükəsizliyin əsas təminatçısıdır.
Ulu Öndər Heydər Əliyevin siyasi xətti həm daxildə, həm də xaricdə əməli şəkildə davam etdirilir. Sabitlik və təhlükəsizlik tam qorunub saxlanılır. İqtisadi inkişaf və sosial rifah tədbirləri həyata keçirilir. Azərbaycan beynəlxalq aləmdə müstəqil və hörmətli mövqe nümayiş etdirir. Ölkə maraqları hər şeydən üstün tutulur. Ümumiyyətlə işğalda olan torpaqların azadlığa qovuşması proqramı da məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunun əsas hədəflərindən biri idi ki, onu da Prezident İlham Əliyev tam təmin etdi. Təməli, bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş daxili və xarici siyasət istiqamətlərinin davam etdirilməsi Azərbaycanın bu günü və gələcəyi üçün vacib faktor olaraq qalmaqda, davam etdirilməkdədir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31