İran BAEA-nın yoxlamalarının bərpası üçün şərtləri açıqladı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) inspeksiyalarının bərpası yalnız qurumun İslam Respublikasının nüvə obyektlərinin və alimlərinin təhlükəsizliyinin təmin edildiyini rəsmi şəkildə bəyan etməsindən sonra mümkün olacaq.

Bu barədə İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Vahid Əhmədi bildirib.

"Beynəlxalq Atom Enerjisi Agentliyinin qaydalarına əsasən, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin iştirakçısı olan ölkələrə məxsus bütün nüvə mərkəzləri mühafizə altında olmalı və hücumlara məruz qala bilməz", - deyə komitə üzvü "SNN" telekanalına müsahibəsində vurğulayıb.

Deputat qeyd edib ki, beynəlxalq tənzimləyici qurumla qarşılıqlı fəaliyyət tamamilə dondurulub. "BAEA ilə istənilən əməkdaşlıq dayandırılıb. Bu dayandırılmaya həm inspeksiyaların keçirilməsi, həm də digər əməkdaşlıq formaları daxildir", - deyə o qeyd edib.

İranlı deputatın sözlərinə görə, Tehran yalnız konkret tələbin yerinə yetirilməsindən sonra birgə işə qayıdacaq. "İranın nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi üçün zəruri şəraitin təmin edildiyi barədə BAEA-nın rəsmi açıqlamasından sonra agentliklə inspeksiyaların və əməkdaşlığın bərpası mümkün olacaq", - Əhmədi bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31