AZƏRBAYCANIN YENİ MƏRHƏLƏSİ - MİLLİ TƏHLÜKƏSİZLİK, YENİ İDEOLOGİYA VƏ QOVŞAQ DÖVLƏT MODELİ
20:09 SiyasətTuran Araşdırma Mərkəzi İB-nin sədri, iqtisadçı alim, hüquqşünas, geosiyasət üzrə ekspert Cavid Əjdəroğlu İsmayılın Olaylar.az-a müsahibəsi
Sual: Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışını necə qiymətləndirirsiniz? Sizcə, bu çıxışı yalnız qurultay nitqi kimi qəbul etmək olarmı?
Cavab: Məncə, olmaz. Çünki Prezident çıxışında Azərbaycanın qarşıdakı dövr üçün əsas istiqamətlərini geniş şəkildə ortaya qoydu. Ordu, iqtisadiyyat, enerji, nəqliyyat, xarici siyasət, informasiya təhlükəsizliyi, təhsil və ideoloji dayanıqlıq bir-biri ilə əlaqəli şəkildə təqdim edildi.
Prezident çıxışının sonunda səsləndirdiyi fikirlərin ölkə qarşısında duran əsas, yəni strateji əhəmiyyət daşıyan istiqamətlər olduğunu bildirdi. Bu baxımdan çıxış Azərbaycanın Zəfərdən sonrakı yeni mərhələsi üçün mühüm siyasi mesajlar verir.
Mən "milli təhlükəsizlik və yeni ideologiya" ifadəsini də məhz bu mənada işlədirəm. Söhbət yeni qəbul edilmiş rəsmi sənəddən getmir. Söhbət Prezidentin çıxışında ortaya qoyulan yeni strateji düşüncədən gedir.
Sual: Siz "yeni mərhələ" ifadəsini xüsusi vurğulayırsınız. Azərbaycanın əvvəlki mərhələdən əsas fərqi nədir?
Cavab: Əvvəlki mərhələnin əsas məqsədi ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmək idi. 2020-ci il Zəfəri və 2023-cü ildə suverenliyin tam bərpası bu tarixi mərhələnin əsas nəticəsi oldu.
İndi qarşıda başqa vəzifələr dayanır. Söhbət qazandığımız Zəfəri qorumaq və onu uzunmüddətli milli gücə çevirməkdən gedir.
Bu isə yalnız ordu ilə mümkün deyil. Güclü iqtisadiyyat, enerji, nəqliyyat, informasiya təhlükəsizliyi, təhsil, diplomatiya və milli birlik də dövlətin gücünü müəyyən edir.
Yəni Azərbaycanın təhlükəsizlik anlayışı artıq genişlənir.
Sual: Prezident hərbi gücün artırılmasını xüsusi vurğuladı. Sizcə, bunun əsas səbəbi nədir?
Cavab: Güclü ordu yalnız müharibə aparmaq üçün deyil, müharibənin qarşısını almaq üçün də vacibdir.
Dövlət özünü müdafiə edə biləcək gücə malikdirsə, ona təzyiq göstərmək də çətinləşir. Bu, xüsusilə mürəkkəb təhlükəsizlik mühitində daha böyük əhəmiyyət daşıyır.
Azərbaycan sülh tərəfdarıdır. Amma sülhün qorunması üçün güclü müdafiə imkanları da olmalıdır. Buna görə ordu Azərbaycanın milli təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.
Sual: Bəs milli təhlükəsizlik artıq yalnız ordu və sərhəd məsələsi deyil?
Cavab: Əlbəttə, deyil. XXI əsrdə təhlükələr də dəyişib.
Bu gün təhlükə yalnız tank və raketlə gəlmir. Saxta xəbər, kiberhücum, sosial şəbəkələrdə yayılan manipulyasiya və cəmiyyətdə parçalanma yaradan informasiya da ciddi təhlükəyə çevrilə bilər.
Ona görə ölkəni qorumaq yalnız sərhədi qorumaq demək deyil. İnformasiya məkanını, iqtisadiyyatı, enerji sistemini, texnologiyanı və cəmiyyətin daxili birliyini də qorumaq da çox mühüm məsələdir.
Sual: Prezident ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər vacib məsələ kimi təqdim etdi. Siz bunu necə izah edərdiniz?
Cavab: Məncə, çıxışın ən mühüm mesajlarından biri də budur.
Fiziki təhlükə ölkənin ərazisinə yönəlir. İdeoloji təhlükə isə insanın düşüncəsinə təsir etməyə çalışır.
Tarixini bilməyən, milli kimliyə bağlı olmayan, informasiyanı düzgün qiymətləndirə bilməyən cəmiyyət müxtəlif təsirlərə daha açıq olur. Buna görə ideoloji təhlükəsizlik yalnız təbliğat məsələsi deyil.
Burada əsas məsələ düşünən, bilən, tarixini unutmayan, dədə-baba köklərinə bağlı, milli maraqları anlayan və onları qorumağı bacaran vətəndaş yetişdirməkdir.
Sual: Bu baxımdan təhsili də milli təhlükəsizliyin bir hissəsi hesab etmək olarmı?
Cavab: Bəli. Hətta ən vacib və uzunmüddətli təhlükəsizlik elementlərindən biridir.
Güclü ordu ölkəni xarici təhlükələrdən qoruyur. Güclü təhsil isə cəmiyyəti informasiya və düşüncə təhlükələrinə qarşı hazırlayır.
Tarixini bilən insan saxta tarixə daha çətin inanır. İnformasiya savadlılığı olan insan manipulyasiyanı daha tez tanıyır. Dövlətçilik düşüncəsi olan vətəndaş isə ölkəsinin maraqlarını daha düzgün qiymətləndirir.
Bu baxımdan təhsil artıq yalnız sosial məsələ deyil. O, milli təhlükəsizliyin də əsas hissəsidir.
Sual: Prezident "yeni, müasir ideoloji işlər" aparılmasının vacibliyindən danışdı. Sizcə, burada nə dəyişməlidir?
Cavab: Əsas dəyişiklik yanaşmada olmalıdır.
Bu gün insanlar informasiyanı yalnız televiziya və qəzetdən almırlar. Sosial şəbəkələr, video platformalar, podkastlar və rəqəmsal media həyatımızın ayrılmaz bir hissəsidir. Süni intellekt isə bu prosesi daha da sürətləndirir.
Deməli, ideoloji iş də çevik və müasir olmalıdır.
Azərbaycan öz tarixini, həqiqətlərini və dövlətçilik mövqeyini daha peşəkar və daha müasir vasitələrlə dünyaya çatdırmalıdır.
Amma məncə, əsas məqsəd insanlara nə düşünməli olduqlarını demək deyil. Əsas məqsəd onlara düzgün düşünmək, məlumatı yoxlamaq və doğru ilə yanlışı ayırmaq bacarığı qazandırmaqdır.
Sual: Bəs "yeni ideologiya"nın əsasını hansı dəyərlər təşkil edə bilər?
Cavab: Mən burada ilk növbədə müstəqillik, dövlətçilik, milli birlik, tarixi yaddaş, dədə kökə bağlılıq, vətənpərvərlik, təhsil, səhiyyə, məsuliyyət və milli maraqları görürəm.
Amma bunlar yalnız söz olaraq qalmamalıdır.
Vətənpərvərlik yalnız bayraqla şəkil çəkdirmək deyil. Vətənpərvərlik həm də yaxşı oxumaq, peşəni vicdanla yerinə yetirmək, qanuna hörmət etmək və ölkənin gələcəyinə töhfə verməkdir.
Dövlətçilik də yalnız dövlət haqqında danışmaq deyil. Dövlətçilik məsuliyyətli vətəndaş olmaqdır.
Sual: Bu yanaşmada ümummili lider Heydər Əliyev siyasi xəttinin rolunu necə qiymətləndirirsiniz?
Cavab: Prezident çıxışında ümummilli lider Heydər Əliyevin siyasi xəttinin əsas prinsiplərinə xüsusi diqqət yetirdi. Müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial bu xəttin mühüm istiqamətləri kimi təqdim edildi.
Bu prinsiplər bir-birindən ayrı deyil. Güclü dövlət üçün siyasi iradə, iqtisadi imkan, hərbi güc və xalqın dəstəyi lazımdır.
Yeni mərhələdə əsas məsələ bu dövlətçilik təcrübəsini dəyişən dünyanın reallıqları ilə birləşdirməkdir.
Sual: Xarici siyasət Azərbaycanın yeni təhlükəsizlik modelində hansı yeri tutur?
Cavab: Xarici siyasət burada mühüm yer tutur. Çünki müasir dünyada ölkənin təhlükəsizliyi onun xarici əlaqələrindən də asılıdır.
Azərbaycanın qardaş Türkiyə ilə strateji müttəfiqliyi, Türk dövlətləri o cümlədən Mərkəzi Asiya ilə əlaqələri, Avropa ilə tərəfdaşlığı, Çin və ABŞ-la münasibətləri, İslam dünyası ilə əməkdaşlığı müxtəlif istiqamətləri olan xarici siyasət xəttini formalaşdırır.
Burada əsas məsələ Azərbaycanın öz milli maraqlarını qorumasıdır. Müxtəlif dövlətlərlə əməkdaşlıq etmək olar. Amma milli maraqların əsasını Azərbaycan özü müəyyən etməlidir.
Sual: Mərkəzi Asiya ilə əlaqələrin inkişafı Azərbaycanın yeni geosiyasi roluna necə təsir edə bilər?
Cavab: Bu əlaqələr Azərbaycanın regional rolunu genişləndirir.
Azərbaycan yalnız Cənubi Qafqazla məhdudlaşan ölkə deyil. Xəzər vasitəsilə Mərkəzi Asiyaya, oradan isə daha geniş Avrasiya məkanına çıxış imkanımız var.
Mərkəzi Asiya ilə əlaqələrin dərinləşməsi Azərbaycanın siyasi, iqtisadi və nəqliyyat imkanlarını artırır. Bu proses ölkəmizin coğrafi mövqeyini strateji üstünlüyə çevirir.
Sual: Prezidentin nəqliyyat məsələsinə verdiyi önəmi necə qiymətləndirirsiniz?
Cavab: Bu istiqamət Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətlidir.
Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi mühüm coğrafiyada yerləşir. Orta Dəhliz və Şimal-Cənub marşrutları bu mövqenin əhəmiyyətini daha da artırır.
Mən Azərbaycanın rolunu yalnız "tranzit ölkə" kimi görmürəm. Azərbaycan enerji, nəqliyyat və logistikanın kəsişdiyi qovşaq dövlət funksiyasını daha da gücləndirəcək.
Bu, yalnız əlavə iqtisadi gəlir demək deyil. Eyni zamanda Azərbaycanın regional və daha geniş Avrasiya məkanındakı geosiyasi əhəmiyyətinin artması deməkdir.
Sual: Enerji məsələsi də bu modelin mühüm hissəsidir?
Cavab: Əlbəttə. Enerji Azərbaycanın ən mühüm strateji imkanlarından biridir.
Neft və qaz ölkəmizin iqtisadi inkişafında böyük rol oynayıb. Amma Azərbaycanın enerji əhəmiyyəti yalnız hasilatla bitmir. Ölkəmiz həm də enerji marşrutlarının üzərində yerləşir və Avropanın enerji təhlükəsizliyində rol oynayır.
Deməli, enerji həm iqtisadi, həm də geosiyasi məsələdir.
Gələcəkdə Xəzərin enerji potensialından daha geniş istifadə olunması Azərbaycanın strateji əhəmiyyətini də artıracaq.
Sual: İqtisadi güclə milli təhlükəsizlik arasında hansı əlaqə var?
Cavab: Bu, dövlətin onurğa sütünunu təşkil edir. İqtisadiyyatı güclü olmayan dövlətin uzunmüddətli təhlükəsizlik imkanları da məhdud olur.
Güclü iqtisadiyyat orduya, təhsilə, texnologiyaya, infrastruktura və sosial sahəyə investisiya qoymağa imkan verir. Eyni zamanda ölkənin xarici təsirlərə qarşı dayanıqlığını artırır.
Ona görə iqtisadi müstəqillik siyasi müstəqilliyin əsas dayaqlarından biridir.
Sual: Qarabağın və Şərqi Zəngəzurun bərpasını bu yeni mərhələnin hansı hissəsi hesab edirsiniz?
Cavab: Qarabağın və Şərqi Zəngəzurun bərpası şərəfli və tarixi Zəfərin davamıdır.
Müharibədə qələbə bir mərhələdir. Qələbədən sonra həmin torpaqlarda həyatın yenidən qurulması isə başqa bir mərhələdir.
Bu gün orada yollar, məktəblər, xəstəxanalar, yaşayış məntəqələri və digər infrastruktur qurulur. İnsanlar öz doğma torpaqlarına qayıdırlar.
Bu proses Zəfərin siyasi nəticələrini real dövlət quruculuğuna çevirir.
Sual: Bütün bunları birləşdirəndə Azərbaycanın yeni milli təhlükəsizlik modelini necə ifadə edərdiniz?
Cavab: Mən bunu sadə şəkildə belə ifadə edərdim: güclü ordu, güclü iqtisadiyyat, enerji təhlükəsizliyi, güclü nəqliyyat imkanları, müstəqil xarici siyasət, informasiya təhlükəsizliyi və savadlı milli kimliyə bağlı olan cəmiyyət.
Bunların hamısı bir-birinə bağlıdır.
Güclü ordu üçün iqtisadi güc lazımdır. Güclü iqtisadiyyat üçün sabitlik lazımdır. Sabitlik üçün isə təhlükəsiz və sağlam cəmiyyət lazımdır.
Deməli, milli təhlükəsizlik ayrı-ayrı sahələrin deyil, bütöv dövlət sisteminin məsələsidir.
Sual: Bu sistemin mərkəzində nə dayanır?
Cavab: Birmənalı olaraq, insan. Daha dəqiq desək, milli dəyərlərə bağlı, savadlı və peşəkar kadr.
Çünki bütün bu imkanları yaradan və qoruyan insanlardır. Güclü ordu üçün peşəkar hərbçi, güclü iqtisadiyyat üçün savadlı mütəxəssis, güclü diplomatiya üçün peşəkar diplomat, müasir texnologiyalar üçün hazırlıqlı gənclər lazımdır.
Ona görə Azərbaycanın gələcəyi insan kapitalından keçir.
Yeni ideoloji yanaşmanın əsas məqsədlərindən biri də milli dəyərlərə bağlı, savadlı, düşünən və məsuliyyətli vətəndaş yetişdirməkdir.
Sual: Belə çıxır ki, siz Prezidentin çıxışında yeni ideologiyanın əsas konturlarını da görürsünüz?
Sual: Siz "yeni ideologiya" deyəndə nəyi nəzərdə tutursunuz?
Cavab: Mən burada "yeni ideologiya" ifadəsini ayrıca elan edilmiş yeni siyasi xətt kimi başa düşmürəm. Bu ifadəni Prezidentin çıxışında görünən yeni düşüncə istiqamətini ifadə etmək üçün işlədirəm.
Bu düşüncənin əsasını müstəqil dövlətçilik, güclü ordu, güclü iqtisadiyyat, milli birlik, tarixi yaddaş, vətənpərvərlik, təhsil, informasiya təhlükəsizliyi və milli maraqlar təşkil edir.
Əsas məsələ bütün bu dəyərləri yeni dövrün tələbləri ilə uzlaşdırmaq və onları cəmiyyətin həyatında daha da gücləndirməkdir.
Sual: Son olaraq, Prezidentin çıxışının əsas mesajını necə ifadə edərdiniz?
Cavab: Məncə, əsas mesaj budur: Azərbaycan Zəfərdən sonrakı mərhələdə qazandığı suverenliyi qorumaqla yanaşı, onu daha güclü dövlətə, daha dayanıqlı iqtisadiyyata və daha böyük geosiyasi imkanlara çevirmək mərhələsinə daxil olur.
Əvvəlki mərhələnin əsas sualı "Azərbaycan ərazi bütövlüyünü necə bərpa edəcək?" idi. Bu suala tarix artıq cavab verib.
İndi əsas sual başqadır:
"Azərbaycan qazandığı suverenliyi necə qoruyacaq və milli gücünü necə daha da artıracaq?"
Məncə, Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışı məhz bu yeni mərhələnin əsas istiqamətlərini göstərir.
Azərbaycan artıq yalnız torpaqlarını qoruyan dövlət deyil. Qarşıda daha böyük vəzifə dayanır. Zəfəri uzunmüddətli gücə çevirmək, dövlətin iqtisadi və hərbi imkanlarını artırmaq, informasiya məkanını qorumaq, insan kapitalını inkişaf etdirmək və Azərbaycanın geosiyasi imkanlarından daha səmərəli istifadə etmək.
Bu baxımdan milli təhlükəsizlik yalnız ordunun, ideoloji təhlükəsizlik yalnız dövlət strukturlarının işi deyil. Bu, bütövlükdə dövlətin və cəmiyyətin məsələsidir.
Çünki güclü dövlət yalnız güclü ordu ilə qurulmur. Güclü dövlət güclü iqtisadiyyat, savadlı insan, sağlam cəmiyyət, milli birlik və aydın dövlətçilik düşüncəsi üzərində qurulur.