Hamiləliyin normal gedişi üçün aparılan müayinələr hansılardır?

"Antenatal qulluq zamanı anemiyanın vaxtında aşkarlanması üçün ən vacib olan müayinə qanın ümumi analizi hesab olunur. Çünki qan azlığı olan hamilə qadınlarda qanaxma riski olan zaman normadan çox qan itkisi ağır vəziyyət yarada bilər. Hətta son təlimatlarda anemiyası olmayan qadınlara belə anemiyanın profilaktikası məqsədilə dəmir preparatları təyin olunur". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova deyib. Əlavə edub ki, dəmir preparatları və fol turşusunun qəbulu müəyyən ağırlaşmaların qarşısını almaq üçün əsas məqamlardan hesab olunur. Fol turşusu (vitamin B9) dölün böyüməsi və inkişafı, hematopoez, qan dövranı, sinir, ürək-damar və reproduktiv sistemlərin normal fəaliyyəti, həmçinin xərçəngin qarşısının alınması üçün zəruri olan bir maddədir. Bundan əlavə, fol plasentanın normal inkişafı üçün zəruri olan dölün sinir borusunun formalaşmasında mühüm rol oynayır. Hamiləlikdən 3 ay öncə və hamiləliyin 12-ci həftəsinə qədər gələcək anaya gündəlik 400 mikroqram dozada fol turşusunun təyin olunması tövsiyə olunur. Bu, döldə sinir sisteminin inkişaf qüsurlarının qarşısını almaq üçün məsləhətdir: "Hamiləliyin normal gedişi üçün aparılan müayinələr arasında əsas yerlərdən birini sidiyin ümumi analizi tutur. Daha sonra ilk konsultasiyalar zamanı müəyyən infeksiyalar - Hepatit B, C, siflis, İİV, Rubella IgG yoxlanılmalı, uşaqlıq yolundan yaxma götürülməlidir. Yaxma analizi zamanı hansısa bakterial vaginoz, qeyri-spesifik vaginit aşkarlanarsa, gələcəkdə vaxtından əvvəl doğuş, dölyanı mayenin vaxtından əvvəl axması kimi problemlərlə qarşılaşmamaq üçün erkən mərhələdə müalicəsi aparılmalıdır. Məhz bu müayinələrin icrası üçün qadın hamiləliyin 12-ci həftəsinə qədər mama-ginekoloqun konsultasiyasına gəlməlidir. 12 həftədən sonra baş tutan konsultasiyalarda hamiləliyin gedişatında hər hansısa dəyişikliyin olub-olmamasını aydınlaşdırmaq üçün hər ay qanın və sidiyin ümumi analizi mütləq şəkildə müayinə olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31