Ana və uşaq sağlamlığı üçün atıla biləcək ilk addım nədən ibarətdir? - ÖZƏL

"Ana və uşaq sağlamlığı üçün ilk ata biləcəyimiz addım ondan ibarətdir ki, antenatal (doğuşaqədər nəzarət) qulluğun düzgün şəkildə təşkil olunsun. Antenatal qulluğun məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəni valideynliyə hazırlanmaqda kömək etməkdir". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun cərrah mama-ginekoloqu Aynurə Əmirova deyib. Bildirib ki, ötən il respublikada "Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə" yenilənmiş klinik protokol dərc olunub. Protokola uyğun olaraq, hamiləliyin normal gedişində hamilə qadın ən azı 7 dəfə həkim məsləhətindən keçməlidir. Birinci trimestrdə - ayda bir dəfə, ikinci trimestrdə - 2-3 həftədən bir, 36 həftədən doğuşa qədər - həftədə bir dəfə: "Həmçinin, hər konsultasiya zamanı müvafiq müayinələr aparılmalı, fövqəladə hal aşkar edilərsə, lazımi müdaxilələr edilməlidir. Düzgün göstərilən antenatal qulluq ilə vaxtında fəsadların qarşısını almaq olar. Bu məqsədlə tibb işçiləri, gələcək ana və tibb müəssisəsi tərəfindən düzgün yanaşma mütləqdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31