411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib - ÖZƏL

Son 5 ilin geniş miqyaslı sosial islahatlarının mühüm istiqaməti kimi, ölkəmizin reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Olaylar"a bildirilib ki,12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Həmçinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın vaxtlarda Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi də istifadəyə veriləcək. Əlilliyi olan uşaqlar üçün reabilitasiya infrastrukturunun respublikamızın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Görülən işlər reabilitasiya mərkəzlərinin potensialının və reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının dəfələrlə artmasına imkan verib.

Son illər yaradılan müasir reabilitasiya infrastrukturu Zəfərimizin qəhrəmanları olan, müharibədə yaralanmış hərbçilərimizin səmərəli, keyfiyyətli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün də mühüm potensialdır. İkinci Qarabağ müharibəsindən sonra Nazirliyin reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2722 şəxsə reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35,5 min reabilitasiya vasitəsi ilə təmin olunub. 2020-ci ilin dekabr ayından isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminat proqramına başlanıb və I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31