"6-7 yaşlı usaqları ağır idman növlərinə qoymaq olmaz" - ÖZƏL

"Kadrlardan aydın olur ki, məşqçi təkcə Fəridə qarşı deyil, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Uşağın daxili orqanlarının dağılması açıq şəkildə vəhşicəsinə adam öldürmə faktından xəbər verir. Bədənindəki qançırlar isə prosesin yalnız həmin hadisədən ibarət olmadığını, çox əvvəldən başladığını deməyə əsas verir.

Əgər belələri çox sərt və ciddi cəzalandırılmasa pis bir tendensiya yaranacaq. Öldürülənin doğmaları belələrini qanundan qabaq tutub cəzasını özü verəcək. Adamlar cəzanın yüngül olduğunu görsələr, artıq qısası özləri alacaqlar. Bu səbəbdən cəzaların xeyli ağırlaşdırılmasını tələb edirəm. Üstəlik, psixi xəstələrin ortalıqdan yığışdırılıb dispanserlərə yerləşdirilməsini".

Bu sözləri Olaylar.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

"Valideynlərə isə məsləhətim odur ki, dəb xatirinə uşağınızı hara gəldi qoymayın. Seçərkən həyati dərəcəli fiziki xəsarət ehtimalı olmayan idman növlərini seçin, məsələn, üzgüçülük, gimnastika, futbol, voleybol və s. Əlbəyaxa döyüş növləri idman deyil, bu insanların bir-birinə ağır fiziki xəsarət yetirməklə məşğul olduqları vəhşi bir döyüşdür. Bunları idman adlandırmaq idman adına təhqir olardı.

Uşağınızı idman kursuna qoyanda, heç olmasa maraqlanın, müəllim kimdir, psixoloji vəziyyəti necədir, narkomandır, yoxsa normal adamdır. Kimə gəldi uşaq etibar etmək olmaz. Yeri gəlmişkən, sosial şəbəkələrdə məşqçinin narkoman olduğu, daim aqressiv və davakar biri kimi tanındığı deyilir. Belə birisini Elm və Təhsil Nazirliyi nə deyib müəllim kimi işə götürüb izahat verməlidir.

Digər tərəfdən 6-7 yaşlı usaqları ağır idman növlərinə, xüsusən də idmana aid olmayan əlbəyaxa döyüş növlərinə qoymaq olmaz. Ən azı 10 yaşı keçməlidir. Qanuna görə də belə növlərə uşaqlar yalnız 9 yaşdan sonra qəbul olunur. Fəridi isə qeydiyyatdan kənar götürüblər. Demək, nə valideynin savadı, düşüncəsi var, nə də məşqçinin. Üstəlik, uşağı vaxtında həkimə aparmamaq da cinayətdir. Qanunlara, vicdana tüpürən insanlardan yaxşı nə gözləmək olardı ki? Belə məsuliyyətsiz valideynin və psixopat məşqçinin ucbatından körpə bir balamız məhv oldu.

Mən hesab edirəm ki, burada cəzalanması vacib olan 3 nəfər var- məşqçi, məşqçini işə götürən məsul şəxs və ana. Media bu məsələni sonadək diqqətdə saxlamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31