Bronxial astmanı tam aradan qaldıran müalicə üsulu yoxdur - ÖZƏL
4 May 2023 11:19 Sosial"Bronxial astmanın diaqnozu ilk növbədə xəstənin şikayətlərinə, anamnezinə və obyektiv müayinənin nəticələrinə əsaslanır. Həkim üçün boğulma tutmasının nə zaman inkişaf etdiyini, nə qədər davam etdiyini, nə vaxtdan sonra dayandığını, xəstəliyin ilk əlamətlərinin nə qədər əvvəl ortaya çıxdığını öyrənmək son dərəcə vacibdir". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova deyib. Bildirib ki, allergik bronxial astmanın diaqnozunu təsdiqləmək üçün xəstədə və onun qohumlarında digər allergik xəstəliklərin əlamətlərinin mövcudluğunu müəyyən etmək vacibdir. İlkin diaqnoz qoyulduqdan sonra müəyyən laborator və digər müayinələr aparılır: "Xəstəliyi düzgün və ən əsası davamlı müalicə ilə kontrol altında saxlamaq mümkündür, lakin xəstəliyi tam aradan qaldıran müalicə üsulu yoxdur. Müalicədə astmalı şəxslərin allergenlərlə kontaktdan uzaq durması da önəmlidir".