Artan qaz partlayışlarına qarşı hansı tədbirlər görülməlidir? - ÖZƏL

Son vaxtlar qaz cihazları ilə davranış səbəbindən mənzillərdə, obyektlərdə baş verən partlayışlar artıb. Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Biləsuvar şəhərində yerləşən beşmərtəbəli binanın 5-ci mərtəbəsində  çox güclü partlayış baş verib. Partlayış zamanı 1 nəfər həlak olub, bir neçə nəfər xəsarət alıb, binanın yuxarı hissəsi dağılıb. Partlayışın səbəbi səhlənkarlıqla bağlıdır. Belə ki, həmin mənzildə yaşayan qadın işə gedərkən çaydanı qaz sobasının üzərində altı yanılı halda qoyub. İşdən qayıdarkən mənzilin  işığını yandıranda dəhşətli partlayış baş verib. Qadın həlak olub.

Sosial şəbəkələrdə hadisənin səbəbi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri iddia edir ki, qazın iyi olmadığından qadın heç bir iy hiss etməyib, digərləri qeyd edir ki, bu unutqanlıq və işə tələsmə nəticəsində baş verib. Bəs bu kimi faciələrin qarşısının alınması üçün nə etmək lazımdır? Nələrə riayət edilməlidir?

Mövzu ilə bağlı kommunal məsələlər üzrə ekspert, sosioloq Elçin Bayramlı qeyd edib ki, belə problemlərin yaranmasının bir çox səbəbləri var: "Təəssüf ki, bizdə təkcə qazla deyi, su və elektriklə də davranışda texniki təhlükəsizlik qaydalarına düzgün riayət edilmir, nəticədə belə hadisələr baş verir. Biləsuvardakı hadisə də konkret məsuliyyətsizliklə bağlıdır. İstənilən halda evdən çıxarkən qaz cihazları yoxlanmalıdır. Evə qayıdarkən isə dərhal elektriki açmaq məsləhət deyil, çünki hətta qaz cıhazlarını söndürmüş olsan belə, borulardan qazsızma baş vermiş ola bilər".

Ekspert deyir ki, inkişaf etmiş ölkələrdə bütün evlərə, obyektlərə qaz detektoru quraşdırılır, bizim ölkədə isə bu kimi məcburiyyət yoxdur ki, bu da çox pis haldır: "Vətəndaşlar bu məsələyə çox laqeyd yanaşırlar. Çox az evlərdə, mənzillərdə bu cihazlar qoyulub. Belə cihazların qiyməti o qədər də baha deyil. Mən bilən 30-50 manat civarındadır. Özünü və digərlərini təhlükədən sığortalamaq üçün hamı bu pulu verib həmin cihazları qoya bilər. Əgər kiminsə buna imkanı yoxdursa, yerli icra orqanlarına müraciət etməli və belələri üçün həmin cihazlar pulsuz quraşdırılmalıdır. Həmin detektorlar qazsızma baş verərkən bunu hiss edir və avtomatik olaraq qazın mənzilə giriş klapanını bağlayır. Beləliklə də kiçik bir cihaz böyük faciənin qarşısını ala bilir. Təəssüf ki, həm "Azəriqaz"ın, həm də bizim apardığımız maarifləndirmə və təbliğata baxmayaraq hələ də əksəriyyət bu cihazların quraşdırılmasını təmin etməyib. Təklif edirəm ki, bu məcburi xarakter daşısın və detektor quraşdırılmayan mənzillərə, obyektlərə qazın veriişi dayandırılsın. Çünki belə partlayışlar həm insan itkilərinə səbəb olur, həm ciddi iqtisadi zərər vurur".

Elçin Bayramlı qazın iyi olmadığına görə partlayış baş verməsini uydurma iddia sayır: "Belə bir hal ola bilməz. Təbii qaz müvafiq emaldan keçirildikdən sonra şəbəkəyə buraxılır. Bu qaza emal zamanı  odorant adlı xüsusi ətirli maddə vurulur ki, bu iyi də hiss etməmək qeyri-mümkündür. Yaınız bir halda bu mümkündür- hansısa xəstəlik zamanı iybilmə qabiliyyətinin tam itməsi zamanı. Belə vəziyyətdə isə, mənzilə daxil olarkən dərhal işığı açmamaq, qaz cihazlarına baxıb, pəncərəni açdıqdan sonra işığı yandırmaq lazımdır. Üstəlik, evi tam qapalı saxlamaq olmaz, mütləq kiçik də olsa hava çıxışı açıq olmalıdır. Qaz partlayışı yalnız mənzil tamamilə qazla dolduqda və güclü qaz sıxlığı yarandıqda olur".

Ekspertin sözlərinə görə, bu ilə kimi Azəriqaz-ın əməkdaşları evə daxil olub, qaz sistemini yoxlaya bilmirdilər, lakin bu ilin ikinci yarısından onlar evlərə daxil olub, yoxlamalar apara biləcəklər ki, bu da çox yaxşı haldır və belə halların qarşısını alacaq. Abonentlər də bu məsələdə məsuliyyətli və diqqətli olmaldır ki, belə faciələr baş verməsin.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31