Yaşma bağlarında hərbi sursat aşkar edilib
26 Aprel 2023 13:32 SosialFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yaşma bağları ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Nazirlikdən "Olaylar"a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd 122 mm-lik top mərmisi olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.