Virtual emosional əlaqə xəyanətdir, yoxsa?...
21 Aprel 2023 12:58 SosialYaşadığımız əsr texnologiya və elm əsri olduğundan texnoloji və elmi inkişaflar həyatımıza yeni dəyişikliklər gətirib. Xüsusilə 1990-cı illərin ortalarından etibarən geniş vüsət alan internetdən istifadə ailəyə əhəmiyyətli təsir göstərməklə yanaşı, gündəlik həyatın da hər sahəsində təsirli olur. Bu gün ən çox yayılmış texnoloji inkişaf olan internet texnologiyasının təmin etdiyi mühüm yeniliklərdən biri də məkan və zaman məhdudiyyətlərinin aradan qaldırılmasdı. Məkan və zaman sərhədlərinin ortadan qalxması ilə insanlar ənənəvi ünsiyyət növü olan üz-üzəlikdən uzaqlaşaraq, fərqli bir şəkildə reallaşan virtual ünsiyyətə üz tutmuşlar. Bu ünsiyyət forması fərdlərin bir baxımdan asanlıqla sosiallaşmasını təmin edərkən, digər tərəfdən evlilik birliyini təhdid etməyə başlayıb. Şəkillər və digər məlumatları tez bir zamanda paylaşma imkanı sayəsində söhbət otaqları, oyunlar, e-poçt və sosial şəbəkələrin həyatın əvəzolunmaz hissəsi olması, həm ucuzluğu, həm də asan əlçatanlığı və anonimliyi, chat otaqlarında dostluq, tanışlıqdan tutmuş geniş fəaliyyət sahəsinə sahibdirlər. Bu çərçivədə internet əlaqələri, sosial şəbəkələr evliliyə getdikcə daha çox zərər verir.
Psixoloq Ülkər Məmmədli bildirir ki, bu kontekstdə sosial medianın həmyaşıdlar arası ünsiyyətə təsirlərinə diqqət yetirmək faydalıdır:
"Sosial medianın cütlüklər arasındakı qarşılıqlı əlaqəyə ən çox təsir etdiyi mövzulardan birincisi, sosial mediada keçirdikləri vaxt cütlüklərin birlikdə keçirdikləri vaxtla əvəz olunur. İkincisi, sosial medianın qaranlıq xüsusiyyəti virtual xəyanətlərə səbəb olur və həyat yoldaşları arasında etibarsızlıq hissi yaradır. Fərdlərin əksəriyyəti ağıllı telefonlarını və ya kompüterlərini işə salan kimi ilk olaraq üzv olduqları sosial media səhifələrinə baxır və bu səhifələrdə çox vaxt keçirirlər. Cütlüklər arasında bu vəziyyət əhəmiyyətli bir ünsiyyət boşluğuna səbəb olur. Çünki cütlüklər ən sağlam ünsiyyət növü olan üz-üzə ünsiyyət əvəzinə çağımızın populyarlığına çevrilmiş sosial mediada vaxt keçirirlər. Xəyanət anlayışı mədəniyyətdən mədəniyyətə fərqli olsa da, ümumiyyətlə evli ola-ola həyat yoldaşının xəbəri və ya razılığı olmadan başqa bir şəxslə emosional əlaqədə olan tərəflərdən biri kimi müəyyən edilir. Buna uyğun olaraq aldatma yalnız fiziki cəhətdən deyil, həm də emosional səviyyədə baş verə bilər".
Texnologiyanın yayılması və inkişafı mürəkkəb sosial, fərdi və mədəni həyata gətirib çıxarmışdır. Texnoloji inkişaflar bəzi iqtisadi rahatlıqlar təmin etsə də, fərdlərin etibar, sədaqət, sevgi, həmrəylik, təhlükəsizlik və maraq kimi mövzulardan məhrum olmasına səbəb olmuşdur. Ancaq sosial mediadan istifadənin artması evli cütlüklər arasında paylaşımları azaldıb və nəticədə boşanmalar baş verməyə başlayıb.
İnsanların bir-birinə verdikləri vədlərlə birlikdə yaşamaq istəyini gücləndirən ailə institutu keçmişdən bu günə aktuallığını qoruyub saxlamış və yeni anlayışların ortaya çıxmasına səbəb olmuşdur. Araşdırmalara görə, evlilik növlərini bu anlayışlar çərçivəsində nəzərdən keçirsək, ilk növbədə həyat yoldaşlarının sayına görə nikah növlərini qeyd lazımdır. Bu kontekstdə nikahın ən təbii forması monoqamiyadır. Mənası "çoxarvadlılıq" deməkdir. Araşdırmalar göstərir ki, xüsusilə müharibələr zamanı kişilərin sayının azalması kişilərin birdən çox qadınla evlənməsinə səbəb olub. Digər bir nikah növü poliqyniya adlanır ki, bu da əksinə, qadınların sayının kişilərdən az olduğu cəmiyyətlərdə qadınlar birdən çox kişi ilə evlənirlər.
Psixoloq bildirir ki, boşanma sosial, iqtisadi, hüquqi, psixoloji, mədəni təsirləri və səbəbləri olan mürəkkəb sosioloji vəziyyətdir:
"Hüquq baxımından boşanma nikah birliyinin sonu deməkdir. Lakin psixoloji olaraq ailənin parçalanmasına və ya tamamilə dağılmasına səbəb olan və bütün ailə üzvlərinə dərindən təsir edən hadisədir. Boşanma evlənmək qədər təbiidir. Halbuki cəmiyyətimizdə evliliyin davam etdirilməsi uğur, boşanma isə uğursuzluq kimi qəbul edilir. Boşanmaların ən çox yayılmış səbəblərindən biri də evli cütlüklərin bir-birinə xəyanət etməsidir ki, bu, cütlük terapevtlərinin tez-tez üzləşdiyi problemlərdən biridir. 2015-ci ildə aparılan araşdırmaya görə, boşanan qadınların uyğunsuzluq əlamətlərinin evliliklərinin ilk illərində başladığı, boşanma qərarı verən tərəfin isə boşanma üçün məhkəməyə müraciət etdiyi qənaətinə gəlinib. Yenə eyni araşdırmada qadınların əsl boşanma səbəbləri ilə rəsmi boşanma səbəblərinin fərqli olduğu müəyyən edilmişdir. Çünki, rəsmi boşanma səbəbi ciddi uyğunsuzluq olan qadınların boşanmalarının əsas səbəbinin xəyanət olduğu müəyyənləşib. Mütəxəssislərin 2016-cı ildə boşanma prosesində qadınlarla bağlı araşdırmasında iştirak edən qadınların 65,8%-nin laqeyd, 55,8%-nin ünsiyyət problemi, 46,7%-nin psixoloji zorakılıq, 43,3%-nin aldadılmış, 36%-nin fiziki şiddəti 0,7%-nin boşanma səbəbini fiziki zorakılıq olaraq qəbul etdiyi müəyyən edilib".
Psixoloqun sözlərinə görə, boşanma səbəbi kimi yanlış ünsiyyətin mühüm faktor olduğunu nəzərə alsaq, bu gün boşanmaların artmasında sosial medianın mühüm rolu görülür:
"Mütəxəssislər Twitter, Facebook və sosial medianın həyatımıza daxil olması ilə ailə həyatının təsirləndiyini və ünsiyyət çatışmazlığına səbəb olan sosial medianın boşanmalara səbəb olduğunu iddia edir.
Sosial media internetlə əlaqəli bir platforma olduğundan, sosial media üzərində aparılan araşdırmalar müəyyən mənada interneti də əhatə edir. Bu gün sosial şəbəkə saytları ən çox istifadə olunan ünsiyyət vasitəsinə çevrilib. Ünsiyyət vasitələrinin dəyişməsi bir çox başqa sahələrdə vərdişləri aradan qaldırıb və onları sosial media ilə bağlı yeniliklərlə əvəz edib. Sosial media hətta ictimai əlaqələri, nəşriyyatı, marketinqi və medianı dəyişdirib və fərdləri aktiv subyektlər kimi gücləndirib. Sosial media internet texnologiyası və yeni media ilə qidalanır və fərdiliyi ön plana çıxarır, senzura nisbətini minimuma endirir və qeyri-məhdud qarşılıqlı əlaqə mühiti təmin edir. Bunlara əlavə olaraq, sosial medianın onlayn ünsiyyət üçün uyğun olması və dostlarla üzbəüz söhbətlər yerinə internet vasitəsilə fərqli bir şəhərdə yaşayan insanlarla ünsiyyət təmin etməsi sosial medianın fərdləri cəlb edən başqa bir cəhətidir.
Son illərdə sosial həyat baxımından əhəmiyyət kəsb edən internet və verdiyi imkanlarla artan sosial əlaqələr şəbəkəsi fərdlərin bir-biri ilə və sosial mühitlə əlaqəsini məhv edir. Fərdlərin üz-üzə münasibət qurmasına mane olan bu yeni ünsiyyət növü şəxsiyyətlərarası münasibətlərdə mövcud olan hüquqi və əxlaqi qaydalardan uzaqda inkişaf edir və çox vaxt çox dağıdıcı təsir göstərə bilir. Bu səbəbdən sosial media vasitəsilə qurulan virtual əlaqələrin dinamikasını araşdırmaq çox vacibdir. Mütəxəssislərin fikrincə, emosional və ya cinsi yaxınlıq qurmaq, həyat yoldaşından başqa heç kimlə internet vasitəsilə fiziki əlaqə olmasa belə, açıq-saçıq cinsi söhbətlər etmək və ya şəxsi mesajlaşmalar aldatma hüdudlarındadır. Klassik aldatmada duyğu və düşüncələr həyat yoldaşı baxımından virtual aldatma klassik aldatma kimi dağıdıcı təsirə malikdir.
Evliliklə bağlı qəzəb, xəyal qırıqlığı, cansıxıcılıq, bəyənilmə və qəbul olunma arzusu, həyat yoldaşının kənarda başqa bir əlaqə axtarmasının ən çox görülən səbəbləri kimi sıralana bilər. Digər tərəfdən, evliliyin yaratdığı məsuliyyət, evli cütlüklər arasında evlilik birliyinin ehtiyaclarından biri olan yaxınlıq qura bilməmək və ya bu yaxınlığın həyat yoldaşlarından birində yaratdığı gərginlik hissi də digər amillər olaraq görülür. Bu baxımdan yaxınlıq dedikdə nəzərdə tutulan fiziki yaxınlıq deyil, insanın istədiyi kimi davranması, danışması, arzu və istəklərini ifadə etməsi, bunları edərkən mühakimə olunmadan dəstək və qarşılıq tapacağına inanmasıdır. Ancaq xəyanət həyat yoldaşları üçün çox dağıdıcı bir hadisə olaraq görülür, lakin bəzi evli insanlar fiziki təmas olmadığı üçün internet vasitəsilə qurulan əlaqənin əsl xəyanət olmadığını düşünürlər.
Evliliyin sərhədlərinin pozulması olan xəyanət, istər açıq, istərsə də gizli bir vəziyyət olsun, evliliklə verilən vədləri pozmaq deməkdir".
Daha əvvəl qeyd edildiyi və psixoloqun da bildirdiyi kimi, ailə birliyinin pozulması və boşanma səbəbləri arasında sosial media çox mühüm yer tutur. Sosial media vasitəsilə aldatma hər zaman boşanma ilə nəticələnməsə də, münasibətlərə təsir edir və bir çox cütlük üçün bu təsir ağrılıdır. Sosial media həyatımızın ayrılmaz hissəsi kimi həyatımıza daxil olub. Bu reallıq bizim sosial və fərdi həyatımıza dərindən təsir edir. Bu təsiri ilk növbədə ailə münasibətləri hiss edir. Sosial medianın strukturuna görə sürətlə artan virtual əlaqələr məsuliyyəti üzərinə götürməkdən qaçan fərdlərin evlilikdən və həyat yoldaşlarının ayrılmasından qaçmasına səbəb olur. Bundan əlavə, asılılıq psixoloji pozğunluqlara və asosiallaşmaya səbəb olur. Nəticədə sosial medianın boşanmalara təsiri amansız olaraq artmaqda davam edir. Bu məqamda cəmiyyətin və fərdin üzərinə çoxlu vəzifələr düşür.
Psixoloq qeyd edir ki, cəmiyyət və fərd olaraq ilk növbədə sosial media istifadəçilərini uşaqlıqdan bu mövzuda maarifləndirmək və müxtəlif bacarıqların inkişaf etdirilməsinə kömək edərək sosial mediada çox vaxt keçirmələrinin qarşısını almaqdır.
Röyalə Xəyal