Nəriman Həsənzadə ilə görüş keçirilib - FOTO

Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının mədəniyyət və incəsənət adamları ilə görüş layihəsi çərçivəsində  12 oktyabr 2022-ci il tarixində Nəriman Həsənzadə ilə görüş keçirilib. Görüşdə şairlə bərabər şairin qızı musiqişünas ve rəssam Xatirə Həsənzadə və Azərbaycan əsilli müğənni Aref Mehmandost da iştirak edib. Görüşdə kafedranın professorları R. Qeybullayeva, L. İmaməliyeva, dosenti Fərrux Məmmədov, müəllim Səbinə Ağababayeva çıxış etmişlər. Görüş çərçivəsində Nəriman Həsənzadə tələbələrlə ömür yolu, yaradıcılığı, həyatın ona gətirdikləri və ona qatdığı dəyərlər barədə fikirlərini bölüşüb, şeirlərini oxuyub. Milli Yaylaq Festivalının  laureatı Aref Mehmandostun akapella ifası görüşə özəl bir aura gətirib.   Nəriman Həsənzadənin şeirləri ilə görüşə  qatılan  tələbələr üçün Nəriman müəllimin həyat və insanlarla  bağlı qənaətləri yaddaqalan olub.  Həyatı boyu ona çətin zamanlarda  dəstək olan insanları, özəlliklə Mir Cəlal Paşayev təşəkkürlə xatırlayan Nəriman Həsənzadə insanın insana dəstəyinin önəmi, insani dəyərlər barədə fikirlərini bölüşüb. 
Nəriman Həsənzadə ilə bu görüş tələbə müəllim heyəti üçün həm ədəbi baxımdan, həm də dünyagörmüş bir insanın həyat haqqında dəyərləndirmələri baxımından yaddaqalan oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31