Narkomaniya- zəmanəmizin sosial bəlası
27 May 2022 14:50 SosialPandemiya dövründə sıxıntılara məruz qalmış narkotik bazarları fəallaşıblar
Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq, həmişə, xüsusilə də son dövrlərdə insanların sosial, iqtisadi, mənəvi dəyərlərinə zərbə vuran mürəkkəb ictimai təhlükəli hadisəyə çevrilib. Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi sabitliyin təmin edilməsi, insan həyat və sağlamlığının, genefondunun mənəvi-əxlaqi dəyərlərinin qorunması, gələcək nəslin normal formalaşmasını təmin etmək məqsədilə narkomaniyanın qarşısının alınması istiqamətində ciddi addımlar atılmaqdadır. Lakin görünən bütün tədbirlərə baxmayaraq hələ də ölkədə narkomaniyanın kökünü kəsmək mümkün olmayıb. Polisə Dəstək İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev qeyd edib ki, son illər ərzində ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı prinsipal mövqe nümayiş etdirilir. Narahat gecələr və xidmətlə davam edən mübarizə siyasəti vəziyyəti sivil cəmiyyətin ovqatına uyğun dəyişməyə çalışsa da,yenə görmədiyimiz çətinliklər qarşıya çıxır.Yeniyetmələr sırasında sosial bəlaya məruz qalan qurbanların olması həyacan təbilini zəruri edir. Bu hal cəmiyyət üçün fövqaladə dərəcədə təhlükəli SOVİD-in təhlükəlilik dərəcəsindən az deyil. Respublika Narkoloji Mərkəzinin statistikasına görə narkotik istifadəçilərinin sayı son 3 il ərzində artımla müşahidə edilir. Belə ki, 2019-cu ildə istifadəçilərin sayı 32 min 921 nəfər, 2020-ci ildə 33 min 788 nəfər, 2021-ci il ərzində isə narkotikdən istifadəçilərin sayı 34 min 602 nəfər təşkil edib. Narahatlıq doğuran hal ondan ibarətdir ki, 2019-cu ildə 32 min istifadəçilərin 641 qadın, 9 yeniyetmə, 2020-ci ildə 33 min istifadəçilərin 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 34 min istifadəçinin 566 nəfəri qadın,14 nəfəri isə yeniyetmə təşkil edib. Faktların müəyyən hissəsinin eydə alınmaması-latent xarakter daşıması da ehtimal edilir. Əldə edilən məlumata görə Bakı şəhərinin Narkoloji narkomaniyadan asılı vəziyyətdə olan şəxslərin müalicəsi üçün yer azdır. Məsələn, Bakı dispanserlərində 5000 narkomanın müalicəsi üçün 400 yer var.Bu məqsədlə ixtisaslaşmış müəssisələr çatışmır. Digər problem istifadəçilərin dispanserlərdə müalicəsindən sonra reabilitasiya mərkəzlərinə yönləndirilməsinin mümkün olmamasıdır. Həmin mərkəzlər özəl sektorlardır və xəstələrin maddi imkanlarına görə əlçatmazdır. Məhz bu səbəbdən dispanserlərdə müalicə alanların az bir qismi asılılıqdan qurtula bilirlər.Yerdə qalan istifadəçilər yenidən "tələyə"düşürlər: "Dövlət, ali məqsədindən irəli gələn konstitusion müddəalara uyğun narkoman vətəndaşlarının müalicəsini tam olaraq öhdəsinə götürməklə narkomanların sayı azalar.Belə yanaşma hüquqi dövlətin mayasını təşkil edən vətəndaş-sivil cəmiyyətin canlı təzahürü ölkədə məmnunluqla qarşılanacaq. Bu sosial bəla haqda "savaşa"nə qədər tez başlasaq bir o qədər rahat olarıq". Akademik İradə Hüseynova qeyd edib ki, narkomaniya təhlükəsi və ondan qorunmaqla bağlı məsələlər əsrlər boyu ağıllı beyinləri həmişə narahat etmişdir. Narkoasılılığın mexanizmlərinə, onun köklərinin və mənbələrinin axtarışına, təbiəti və mahiyyətinin açılmasına çoxsaylı kitablar, məqalələr həsr olunsa da, bu problemin sirlərini tam açmaq hələ də mümkün olmamışdır: "21-ci əsrin əvvəllərində beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklər dünya ictimaiyyətinin və ayrı-ayrı dövlətlərin milli təhlükəsizlik probleminə konseptual yanaşmalara yenidən baxılmasına gətirib çıxarmışdır. Narkotika cəmiyyətlərin və dövlətlərin formalaşmasında dağıdıcı rol oynayır. Mütəxəssislər qeyd edirlər ki, narkotika sanki şüşə qabdan çıxan cin kimi bütün sosial fəaliyyətlərə dağıdıcı təsir edir, qanunsuz narkoticarət milyonlarla insanı əhatə etməklə ən gəlirli biznesə çevrilir. Hazırda dünyada narkopartlayış yeni gücə malikdir və ona qarşı mübarizə əksər inkişaf etmiş dövlətlərin milli təhlükəsizlik doktrinalarında və praktiki siyasi fəaliyyətlərində öz əksini tapmışdır". Onun bildirdiyinə görə, COVID-19 pandemiyasının ilk dövrlərində baş verən ciddi qapanmalar, sərhədlərin bağlanması, beynəlxalq nəqliyyat axınlarının dayandırılması, sosial uzaqlaşma, restoran, kafe və klubların fəaliyyətinə, kütləvi tədbirlərə qoyulmuş qadağalar narkotika ticarətini də müəyyən dərəcədə buxovlamışdı. Narkobaronlar külli miqdarda kokain və heroini toplayaraq sərhədlərin açılmasını, quru, hava və dəniz nəqliyyatının fəaliyyətə başlamasını gözləyirdilər ki, bazarı ucuz qanunsuz mallarla doldursunlar. Bu, artıq koronavirus epidemiyası və sintetik narkotiklərin istifadəsinin artması ilə sağlamlığı zədələnmiş dünya əhalisi üçün qorxulu gözləntilər demək idi: "Təəssüf ki, gözlənilən təhlükələr artıq özünü doğrultmaqdadır. Pandemiyanın ilk çağlarında qeyd etdiyimiz sıxıntılara məruz qalmış nəhəng narkotik bazarları qanunsuz fəaliyyətlərini tez bir zamanda bərpa etmişlər və daha da genişlənməyə nail olmaqdadırlar. İlk vaxtlar narkotika istehlakının azalması qiymətlərin də böyük artımına səbəb olmuşdu. Pandemiya dövrü irəlilədikcə narkotik və psixotrop maddələrin istehsalı nəinki azalmamış, əksinə, dünyanın əksər ölkələrində narkotiklərin istifadəsində 40%-dən çox artım müşahidə olunmuşdur. Pandemiyanın qadağaları yumşaldıqca tələbatın artması narkotik maddələrin qeyri-qanuni tədarükünün genişlənməsinə, onların qanunsuz dövriyyəsinin diversifikasiyasına, gizli quru və su nəqli marşrutlarının sayının yüksəlməsinə, sualtı gəmilərdən, şəxsi təyyarələrdən və təmassız çatdırılma üsullarından istifadənin artmasına səbəb olmuşdur: "Pandemiya dövründə narkotika ticarətində təmassız üsulların istifadəsinin geniş vüsət aldığını da xüsusi qeyd etmək lazımdır. Biz texnoloji inkişafın mühüm göstəricilərindən biri olan internet sosiallaşmasının intensiv xarakter aldığı bir dövrdə yaşayırıq. Bu gün müxtəlif adlarda narkotik maddələrin internet üzərindən, sosial şəbəkələr, elektron poçtlar və s. vasitəsilə istifadəçilərə çatdırılması alıcı və satıcının bir-birini tanımadan əməliyyat aparmasına şərait yaratmaqla narkotik maddələrin paylanması şəbəkəsinin ifşa edilməsini olduqca çətinləşdirmişdir. Beləliklə, narkotiklərin ötürülməsi və qəbulunun qlobal modelləri daim yenilənir. Ekspertlərin hesablamalarına görə, internet üzərindən illik narkotik ticarətinin həcmi 2021-ci ildə 315 milyon dolları keçmişdir və bu rəqəm son 4 ildə ən azı dörd dəfə artmışdır. Pandemiyanın səngidiyi bir dövrdə isə məhz qloballaşma sayəsində narkomaniya bəlasının yayılması bir sıra tranzit nəqliyyat xətlərinin qovşağında yerləşən Azərbaycan üçün təhlükəli xarakter almaqdadır. Rəsmi məlumatlara görə, ölkə əhalisinin 0,3%-i narkotik asılılıqdan əziyyət çəkməkdədir. Bəzi region və şəhərlərdə isə bu rəqəm 1%-ə çatır. Hazırda biz total informasiya əsrində yaşayırıq. Bu gün içərisində olduğumuz məlumat axını o qədər güclüdür ki, hər hansı faktı saf-çürük etmək, doğrunu saxta xəbərdən, pisi yaxşıdan seçmək, həqiqəti arayıb tapmaq olduqca çətindir. Bu hal xüsusən hələ tam formalaşmamış xarakterlərin, dünyagörüşlərinin daşıyıcısı olan yeniyetmə və gənclərə aiddir. Elm adamlarının vətəndaşlıq borcu, ziyalılıq vəzifəsi mövcud olan nəhəng informasiyanın analizinə, yoxlanılmış və etibarlı faktlara, elmi tədqiqat nəticələrinə əsaslanaraq, dövlət və özəl təhsil sistemi və ənənəvi dini məktəblərlə əməkdaşlıq edərək cəmiyyətə düzgün impulslar vermək, inandırmaq və beləliklə, aludəçilik girdabına düşmüş və ya narkotik uçurumuna yuvarlanmaq təhlükəsi altında olan hər bir insanın həyatının xilası uğrunda mücadilə etməkdir. Əminliklə demək olar ki, nəinki ayrı-ayrı fərdlərin, hətta bəşəriyyətin və xalqların taleyi bu mübarizədə kimin qalib gələcəyindən asılı olacaqdır. Beləliklə, insan cəmiyyətin qorunması və bəşəriyyətin gələcəyi naminə narkotəhlükəsizliyinin təmin edilməsi zərurui məsələdir və o, kompleks təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi icra hakimiyyəti orqanları, dövlət və ictimai institutların daim diqqətində olmalıdır".
Alim