Lider İradəsi və Xalq Qüruru
16:43 SiyasətAzərbaycan xalqının milli qüruru, tarixi yaddaşı və dövlətçilik ənənələri əsrlər boyu sınaqlardan keçərək bu günümüzə qədər gəlib çatıb. Xalqımızın malik olduğu mənəvi zənginlik, əzmkarlıq və Vətənə sədaqət hər zaman Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət mərkəzində olub, onların çıxışlarında ən yüksək qiymətini alıb.
Ulu öndər Heydər Əliyev hər zaman azərbaycanlı olması ilə qürur duyduğunu vurğulayaraq xalqımızın böyük potensialına və mənəvi gücünə inamını belə ifadə etmişdir: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam."
Bu fəlsəfə xalqın özünəqayıdışının, milli kimliyinin dərk edilməsinin və öz gücünə güvənməsinin təməlini qoydu. Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi hər bir azərbaycanlının öz tarixinə, dilinə və mədəniyyətinə sahib çıxmasını milli borc hesab edirdi.
Bu tarixi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni mərhələyə qaldırılır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər xalqımızın qürur mənbəyini əbədiləşdirdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq".
Bu ifadə sadəcə bir hərbi qələbənin deyil, həm də əsrlər boyu haqqı tapdalanmış, lakin əyilməmiş bir xalqın intibahının təntənəsidir. Azərbaycan xalqı hər zaman öz tarixi missiyasını layiqincə yerinə yetirib. Ölkə başçısı təsadüfən vurğulamırki: "Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb".
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası və İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində bu gün Azərbaycan xalqı dünyanın ən ləyaqətli, özünəgüvənən və gələcəyə inamla baxan xalqlarından biridir. Xalq ilə liderin birliyi həm keçmişin uğurlarını qoruyub saxlayır, həm də gələcək nəsillər üçün möhkəm təməl yaradır.
Sadiq Qurbanov
Milli Məclisin deputatı