Əkbər Qoşalı: “Bu qərar həm də bölgələrin sosial dayanıqlığına xidmət edir” – ÖZƏL
17:27 SosialTƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sahəsində sosial rifahın yüksəldilməsinə yönəlmiş növbəti mühüm addım kimi qiymətləndirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü Prezident İlham Əliyev tərəfindən dəstəklənib və yeni əməkhaqqı qaydaları 1 sentyabr 2026-cı ildən tətbiq olunacaq. İslahat 72 mindən çox tibb işçisini əhatə edəcək, əməkhaqqı fondu isə illik 189 milyon manat artırılacaq. Artımlar işçinin vəzifəsi, ixtisası, iş yükü və regionlardakı kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq.
Mövzu ilə bağlı araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı suallarımızı cavablandırıb. Tibb işçilərinin əməkhaqlarının artırılmasını dövlətin sosial siyasətinin prioritetləri baxımından necə qiymətləndirirsiniz?
Bu qərar insana xidmət edən insanın əməyinə verilən dəyərin bir ifadəsidir. 72 mindən çox tibb işçisini əhatə edən, əməkhaqqı fondunun illik 189 milyon manat artırılmasını nəzərdə tutan islahat sosial siyasətdə insan amilinin önplanda olduğunu göstərir. Azərbaycan Prezidentinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsünü dəstəkləməsi səhiyyə işçilərinin sosial rifahının dövlətin yüksək diqqətində olduğunu bir daha göstərir. Tibb işçisinin sosial təminatı onun iş motivasiyasına, peşəyə bağlılığına və nəticə etibarilə tibbi xidmətin keyfiyyətinə təsir edir. Tibb işçisinə verilən dəyər, əslində, cəmiyyətin sağlamlığına qoyulan yatırım dəyərindədir.
Bu islahatın regionlarda kadr çatışmazlığının aradan qaldırılması və səhiyyə xidmətlərinin əlçatanlığına hansı təsirləri ola bilər?
Burada ən önəmli məqamlardan biri, belə deyək, diferensial yanaşmadır. Yəni söhbət əməkhaqqı artımının vəzifə, ixtisas, iş yükü və bölgələrdəki kadr təminatı nəzərə alınmaqla fərqləndirilməsindən gedir.
Belə bir həssas yanaşma islahatın sosial xarakteri ilə yanaşı, həm də strateji xarakter daşıdığını göstərir. Bölgələrdə çalışan tibb işçiləri üçün daha əlverişli təminat yaradılması kadrların bölgələrimizə cəlbini stimullaşdıra, yerli səhiyyə müəssisələrini gücləndirə bilər. Bunun nəticəsində vətəndaşın keyfiyyətli tibbi xidmət üçün böyük şəhərlərə üz tutmaq zərurəti də tədricən azala bilər. Axı sosial dövlətin gücü ən ucqar yaşayış məntəqəsində də vətəndaşın özünü nə qədər təminatlı hiss etməsi ilə ölçülür. Bu baxımdan, sözügedən qərar həm tibb işçisinin rifahına, həm vətəndaşın sağlamlığına, həm də bölgələrin sosial dayanıqlığına xidmət edən önəmli addımdır.
Səidə Ramazanova