İran iqtisadiyyatı böhran içində: “Sanksiyaların götürülməsinə nail olmaq lazımdır”- ÖZƏL
17:20 İqtisadiyyatİran iqtisadiyyatı sanksiyalar, yüksək inflyasiya, milli valyutanın dəyər itirməsi və istehsal problemləri səbəbindən ciddi təzyiq altındadır. Əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi sosial gərginliyi artırarkən, nüvə proqramı ilə bağlı siyasət beynəlxalq təzyiqlərin əsas səbəblərindən biri olaraq qalır.
İran iqtisadiyyatının hazırkı ağır vəziyyətinin əsas səbəbləri nələrdir? İstehsal müəssisələrinin üzləşdiyi problemlər İran iqtisadiyyatının gələcəyi üçün hansı riskləri yaradır? Tehran iqtisadi böhranı yumşaltmaq üçün real olaraq hansı addımları ata bilər?
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, İran iqtisadiyyatının hazırkı ağır vəziyyətinin ilkin görüntüləri sanksiyalarla izah olunsa da, əslində bunun daha dərin kökləri var. Sual yarana bilər ki, bəs sanksiyaların yaranmasına səbəb nədir?
Struktur problemləri nələrdir? İnvestisiya çatışmazlığı, su qıtlığı və kifayət qədər problemlər var ki, bu da İranı hazırkı ağır iqtisadi duruma salır.
Sanksiyalar belədir ki, qəbul edildikdən bir müddət sonra təsiri görünməyə başlayır. Bəzi ölkələr sanksiyaların təsirini 3-5 il sonra hiss edir, bəziləri isə bir il ərzində. Xammal resursları ilə zəngin olan ölkələrdə isə bu təsir daha gec hiss oluna bilər. Bunu Rusiya və İran nümunəsində də görmək mümkündür.
Düşünürəm ki, İran müəssisələrinin problemləri İran iqtisadiyyatı üçün risk yaradır. Əksinə, məsələ bir qədər tərsinədir: İran iqtisadiyyatı İran müəssisələri üçün problem yaradır. Çünki İran iqtisadiyyatı elə bir vəziyyətdədir ki, bir çox proseslər, xüsusilə də siyasi səbəblərlə bağlı amillər, belə bir forma yaradıb və birmənalı şəkildə demək olmur ki, müəssisələr iqtisadiyyata zərər vurub, yoxsa iqtisadiyyat müəssisələrə.
Yəni İran iqtisadiyyatı bərbad vəziyyətə düşdüyü üçün müəssisələr də bu vəziyyətdə qalır. Çünki sanksiyalar müəssisələrin inkişaf imkanlarını məhdudlaşdırır.
Tehranın iqtisadiyyatı yumşaltmaq üçün hansı addımları ata biləcəyinə gəlincə, düşünürəm ki, yeganə addım bu münaqişənin bitməsidir. Sanksiyaların götürülməsinə nail olmaq lazımdır. Amma hazırkı məqamda ABŞ-ın mövqeyi bununla bağlı gözləntiləri sıfıra endirir".
Zeynəb Mustafazadə