Cənubi Qafqazın yeni siyasi arxitekturası: Münaqişə meydanından sülh və əməkdaşlıq məkanına – ÖZƏL

"Prezident İlham Əliyevin Bişkekdə Cənubi Qafqazın sülh zonasına çevrildiyini bəyan etməsi regionda yaranmış yeni reallığın ifadəsidir. Azərbaycan-Ermənistan sülh sazişi mətninin paraflanması 30 ildən artıq davam edən qarşıdurmanın siyasi mərhələdə başa çatması istiqamətində mühüm addımdır. İndi əsas məsələ bu sülhün real əməkdaşlığa, açılan kommunikasiyalara və regional iqtisadi inteqrasiyaya çevrilməsidir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, Prezidentin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin uzun illər icrasız qalması ilə bağlı tənqidi isə beynəlxalq sistem üçün ciddi mesajdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, lakin bu prosesdə həmin qətnamələrin effektiv icra mexanizmi olmadı. Dövlət başçısının vurğuladığı kimi, gələcəkdə belə sənədlərin kağız üzərində qalmaması üçün real və işlək mexanizmlər yaradılmalıdır.

"Bu baxımdan, hesab edirəm ki, Azərbaycanın mövqeyi aydındır ki, ədalətli sülh, ərazi bütövlüyünə hörmət və qarşılıqlı əməkdaşlıq Cənubi Qafqazın yeni siyasi reallığının əsasını təşkil etməlidir. Region artıq münaqişə meydanı deyil, nəqliyyat, ticarət və əməkdaşlıq məkanı olmalıdır. Cənubi Qafqazın yeni geosiyasi, geoiqtisadi xəritəsini yaradan məhz sülhün bərqərar olmasından sonrakı əməkdaşlıq olacaq, "-deyə, B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31