Aİ Ermənistanın ixracına yaşıl işıq yandırdı: Hədəf Rusiyanın təsirini azaltmaqdır? ÖZƏL

Avropa İttifaqı Rusiyanın ticarət məhdudiyyətlərindən zərər görən Ermənistanın ixracına dəstək məqsədilə erməni məhsullarına müvəqqəti gömrük güzəştləri tətbiq etməyi dəstəkləyib. Güzəştlər Aİ-yə Ermənistan ixracının təxminən 80 faizini əhatə edəcək və iki il qüvvədə olacaq. Təşəbbüs xüsusilə kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz və içkilərin ixracını əhatə edir. Aİ bildirir ki, məqsəd Rusiyanın məhdudiyyətləri fonunda Ermənistanın ixrac və tranzit problemlərinin təsirini azaltmaqdır.

Aİ-nin Ermənistana bu güzəştləri hansı siyasi məqsədlərə xidmət edir? Bu addım Ermənistanın Rusiyadan iqtisadi asılılığını azaltmağa nə dərəcədə kömək edə bilər? Aİ-nin bu qərarını Ermənistanın Avropaya siyasi yaxınlaşmasının göstəricisi saymaq olarmı?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

" Avropa İttifaqının Ermənistanla bağlı qəbul etdiyi qərar gözlənilən bir qərar idi. Nəzərə alsaq ki, bu ilin may ayında Rusiya tərəfindən Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq ediləndən sonra Avropa İttifaqı bu istiqamətdə müəyyən addımlar atmağa başladı. İlk növbədə Ermənistan fermerlərini dəstəkləmək üçün 50 milyon avroluq yardım paketi ayrıldı.
Ardınca müxtəlif yardımlar və güzəştlər tətbiq olunmağa başladı. Hələ iyun iyul aylarında Ursula fon der Lyayen və Nikol Paşinyan arasında baş tutan telefon danışıqları və görüşlərdə Avropa İttifaqının Ermənistan məhsullarının Avropa bazarına güzəştli, rəsmiləşdirilmiş şərtlərlə çıxarılması ilə bağlı müzakirələr aparılmışdı və artıq bununla bağlı qərar qəbul olunub.
Ermənistan üçün kifayət qədər ciddi güzəştlər hesab oluna bilər. Ermənistan-Rusiya ixracatının əsasını təşkil edən məhsullar mineral sular, içkilər və kənd təsərrüfatı məhsullarıdır və Rusiya bunlara məhdudiyyətlər tətbiq etmişdi. Avropa İttifaqı isə məhz bu güzəştli addımları atmaqla Ermənistan fermerlərinin vəziyyətinə yardım etməyə çalışır və əlbəttə ki, Ermənistan üçün kifayət qədər yaxşı bir qərar oldu. Yəni Ermənistan üçün önəmli bir qərardır və bu qərar Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin təsirlərini azaltmaq üçün Ermənistana verilmiş bir fürsət kimi də dəyərləndirilə bilər.
Bu qərar və güzəştlər, əlbəttə ki, Avropa İttifaqının Cənubi Qafqaza, xüsusən də Ermənistanla bağlı siyasətinin mərkəzində durur. Avropa İttifaqı bölgədə güclənmək istəyir və Rusiyanı bölgədən sıxışdırmağa çalışır. Bu addımla Avropa İttifaqı Paşinyan hökumətinə də siyasi dəstək vermiş oldu. Paşinyan Ermənistan cəmiyyətinə daha rahat şəkildə Avropa ilə münasibətlərin normallaşmasının faydalı olacağını bildirə bilər və Avropanın onların arxasında dayandığını, onlara dəstək verdiyini söyləyə bilər.
Yəni bu baxımdan Avropa İttifaqının bu qərarı həm Ermənistan hakimiyyətini, həm də Ermənistan cəmiyyətini Avropaya yaxınlaşmağa bir az da sövq edəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31