“BMT-nin çəkindirici güc mexanizmi yoxdur”- Açıqlama- ÖZƏL
16:37 SiyasətPrezident İlham Əliyev Bişkekdə "ŞƏT+" formatında keçirilən görüşdə Cənubi Qafqazın sülh zonasına çevrildiyini bildirib. Dövlət başçısı Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanmasını 30 illik münaqişənin başa çatması baxımından mühüm addım kimi qiymətləndirib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin vaxtında icra olunmamasını tənqid edib və bu sənədlərin icrası üçün effektiv mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Cənab Prezidentin "ŞƏT+" konfransında dedikləri həqiqətən də müasir dövrümüzün ən böyük problemlərindən biridir. Faktiki olaraq, dünyada nizamı, intizamı və beynəlxalq hüququ qorumaqla mükəlləf olan dünyanın ən böyük təşkilatı- Birləşmiş Millətlər Təşkilatı və Təhlükəsizlik Şurası ümumilikdə bu prosesləri tam nizamlaya bilmir. Təəssüf ki, burada beş daimi üzvün veto hüququ mexanizmin tıxanmasına gətirib çıxarıb. Elə cənab Prezidentin qeyd etdiyi kimi, Birləşmiş Millətlər Təşkilatının özünün qəbul etdiyi dörd qətnamə 30 il ərzində icra edilmədi və bunun icra edilməməsi ilə bağlı Azərbaycan dəfələrlə etirazını bildirib, dəfələrlə məlumat verib və bunun fəsadlarının olacağını bildirmişdir.
Nəticə etibarilə biz 44 günlük Vətən müharibəsi, daha sonra lokal xarakterli antiterror əməliyyatları və daha kiçik əməliyyatlar fonunda gördük ki, bəli, bu gün faktiki olaraq Azərbaycanın dediyi oldu və sülh yolu ilə danışıqlar nəticəsiz qaldı. Çünki çəkindirici güc mexanizmi olmayan və yalnız məsləhət xarakterli qətnamələrin qəbul edilməsi dövlətləri çəkindirmir, onları ortaq münaqişəyə gətirmir. Ermənistanın işğal prosesi bitmədiyi üçün Azərbaycan hərbi əməliyyatlar vasitəsilə torpaqlarını işğaldan azad etdi.
Amma bu gün Azərbaycan təkcə qalib ölkə deyil, əslində rəsmi şəkildə qalib ədası ilə deyil, bərabərhüquqlu və ləyaqətli danışıqlar aparır. Bu danışıqlarda faktiki olaraq Ermənistanın təhqir olunmasına və yaxud hər hansı bir məcburiyyətə ehtiyac yoxdur. Faktiki olaraq, Azərbaycanın təklifləri konstruktivdir və bu konstruktiv danışıqlar əsasında da sülh prosesi irəliləyir.
Yenə təsadüfi deyil ki, Azərbaycan və Azərbaycan Prezidentinin yanaşma tərzinə görə sülh danışıqlarında Ermənistanın da müsbət cavabları gəldi. Bu, əslində bir neçə şeyi göstərir. Birincisi, vaxtında prosesə müdaxilə olunsaydı, müharibə olmazdı. İkincisi, vasitəçilik adı altında proseslərdə iştirak edən şəxslər əslində prosesi uzadan şəxslər oldular. Əslində, danışıqlar tərəflər arasında daha erkən başlasaydı və kənar müdaxilələr olmasaydı, faktiki olaraq sülh prosesi daha erkən yekunlaşa bilərdi. Bu baxımdan da biz artıq Vaşinqtonda baş verənlərdən görürük ki, tərəflərin sülh sazişini parafladığını, təzminat və delimitasiya işini uğurla davam etdirdiyini, artıq rəsmi səviyyədə təmasların qurulduğunu müşahidə edirik və qarşılıqlı səfərlər baş verir.
Bundan başqa, ikitərəfli danışıqların aparıldığının şahidi oluruq. Onu da qeud edim ki, ŞƏT görüşü öncəsində Ermənistanın baş naziri Nikol Paşinyan və Prezident İlham Əliyev arasında ikitərəfli görüşlər başladı və bu görüşlərdən sonra da yenə nümayəndələr arasında görüşlər oldu. Artıq diplomatik təmaslar var, ilkin iqtisadi əlaqələr də qurulubdur və bu, sülhə gedən yolda çox konstruktiv addımlardır. Cənab Prezident məhz bunları nəzərə alaraq qeyd edir ki, Azərbaycan-Cənubi Qafqaz təhlükəsizlik zonası qurubdur.
Çünki Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtında icra olunmaması, əslində, qeyd etdiyim kimi, həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyanın beşdən böyükdür ifadələri var. Bu yanaşmalar əslində dünyanın müxtəlif ölkələrindən gəlməkdədir. Bu gün faktiki olaraq dondurulmuş münaqişələr yenidən alovlanır, xüsusilə hərbi kontekstdə. Bu da azmış kimi, hələ yeni münaqişələr də alovlanmaqdadır və bunların hamısı BMT və Təhlükəsizlik Şurasının səriştəsizliyi, çəkindirici güc mexanizminin olmaması ilə bağlıdır.
Ona görə də mütləq şəkildə təşkilatda islahat siyasətinə başlanılmalı, ya da daimi üzv statusu tamamilə aradan qaldırılmalı, yəni veto hüququ ləğv edilməli və yaxud da veto hüququna malik ölkələrin sayı artırılmalıdır. Yəni bir veto bütün digər iradələrin üstündə olmamalıdır.
Bu məsələlər ətrafında hesablaşan təşkilatlar var və bu istiqamətdə BMT-nin özündə islahat hərəkatı başlamalıdır".
Zeynəb Mustafazadə