27 Sentyabr –Xalqının yaddaşında ehtiramla yad edilən mühüm tarix- ÖZƏL

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixdir. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda həyatını itirən bütün şəhidlərimizin qarşısında dərin ehtiramımızı ifadə edirik. Anım Günü həm hüzn, həm də qürur hisslərini özündə birləşdirir. Çünki bu tarix xalqımıza Zəfərin hansı fədakarlıq və itkilər hesabına qazanıldığını xatırladır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Heydər Əsədov deyib: "

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, şəhidlərimizin qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Dövlət başçısı vurğulayıb ki, onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Bu yanaşma Azərbaycan dövlətinin şəhidlərin xatirəsinə münasibətini ifadə edir.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarının işğalı ilə barışmadı. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal olunması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması xalqımızın yaddaşında dərin iz buraxdı. Azərbaycan uzun müddət münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında və danışıqlar yolu ilə həllinə çalışdı. Lakin uzun illər davam edən danışıqlar real nəticə vermədi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı tarixi dönüşün başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun böyük qəhrəmanlığı və xalqımızın sarsılmaz həmrəyliyi ilə yadda qaldı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31