"Bütün valideynlər öz bildiklərinin ən doğru olduğunu hesab edirlər" - sosioloq Lalə Mehralı
27 May 2022 13:59 SosialGünümüzün ən geniş yayılmış, sosial həyatımıza böyük zərbə vuran və insanları yalnızlığıa məhkum edən psixi pozuntulardan biri də depressiyadır. Demək olar ki, hər gün depressiyanın fəsadları ilə ortaya çıxan problemlər ilə qarşı-qarşıyayıq.
Yaş və cinsiyyətə önəm vermədən sosial həyatımıza təsir göstərən bu psixi pozuntu ilə həyatın müxtəlif dönəmlərində necə başa çıxmalıyıq?
Olaylar.az mövzu ilə bağlı sosioloq Lalə Mehralı ilə müsahibəni təqdim edir.
.png)
- Pandemiya dönəmi yetkinlik yaşına çatmayan uşaqların depressiyaya düşməsi və intihar hallarına nə dərəcə təsir göstərdi?
- Pandemiyada təcrid olunmaq xüsusilə uşaqlara daha çox mənfi təsirlərini göstərdi. Çünki onların öz yaşıdları ilə ünsiyyət qurduğu yeganə yer məktəb, sosiallaşdıqları yer öz yaşıdları ilə əyləncəli vaxt keçirmək üçün getdikləri məkanlar, oynadıqları yerlər, kurslar, valideynlərin göndərdikləri dərnəklər idi. Bütün bunların bağlanması nəticəsində sosiallaşma imkanları hər tərəfdən qısıtlandı. Buna görə də uşaqların özünə qapanıqlığı, bütün gün telefon, kompyuter, televizor ilə iç-içə olmaları təbii ki, onların sosial depressiv vəziyyətlərinə çox böyük təsir göstərdi. Özlərinə qapanmalar, pandemiya mühitində və pandemiyadan sonrakı dövrdə uşaqların intiharı məhz bunun göstəricisidir.
- Ali məktəblərə qəbul ərəfəsində tez-tez yeniyetmələrin az bal topladığı üçün intihar etməsi xəbərlərini eşidirik. Yeniyetmələrin belə depressiv hallardan uzaqlaşması üçün valideynlər necə davranmalıdır?
- İmtahan ərəfəsində ailə basqısı ilə depressiyaya düşən gənclərimiz, abituriyentlərimiz var. Təbii ki, arzulamadığımız vəziyyətdir və peşəkarlar dəfələrlə bununla bağlı valideynlərə müraciət edib. İstər sosial şəbəkələrdən, istər efirlərdən uşaqlara basqı etməməyi, təyziq göstərməməyi, yüksək nəticə əldə etməyi tələb etməməyi öyrədirlər, izah edirlər. Amma valideynlər yenə də öz bildikləri kimi etmək istəyirlər.
Məsələ burasındadır ki, bu son bir neçə ildə baş verən vəziyyətdir ki, bütün valideynlər öz bildiklərinin ən doğru olduğunu hesab edirlər. Doğrudur, mən razıyam ki, bütün valideynlər, xüsusilə analar öz övladını başqalarından yaxşı tanıyır, onun üçün nəyin yaxşı, nəyin pis olduğunu hamıdan yaxşı bilir. Amma bəzən razılaşmaq lazımdır ki, kritik anlarda ekspertlərin, peşəkarların, həkimlərin məsləhətləri can qurtarıcı, vəziyyətdən çıxış yolu olur. Ona görə də məhz imtahan ilə bağlı ekspertlərin dediklərinə qulaq asmaq bir valideyn üçün çox yaxşı davranışdır. Övladı hər hansı ali məktəb balı gözündə görməmək, 700, 600, 200 ballıq övlad kimi işarələməmək lazımdır. O 200 də, 700 də toplasa bizim övladımızdır. Yəni, heç kimi maraqlandırmır ki, bizim övladımız neçə bal toplayıb. Bu bu gün danışılır, sabah unudulur. Övladı 700 bal toplamış valideyn hər yerdə onu paylaşır, qürrələnir, car çəkir ki, övladım 700 bal toplayıb, amma sabah heç kimin yadına düşmür ki, filankəsin oğlu və ya qızı ali məktəbə qəbul imtahanında 700 bal toplamışdı. Amma övladın daxilində sağalmaz bir yara kimi qalır ki, mən 200 bal topladığıma görə valideynim məni danladı, incitdi, cəzalandırdı. Belə vəziyyətdə 700 ballıq uşağın yanında özünü əzilmiş, sınmış, aşağı səviyyəli görür. İstisnasız olaraq bütün uşaqlar valideyn üçün bərabər olmalıdır. Bu kimi hallarda valideyn övladından utanmamalıdır, aşağı bal yığdığını gizlətməməlidir və yaxud da ki, övladı yüksək bal toplamış valideynlər aşağı nəticə göstərmiş uşaqların valideynlərinin yanında qürrələnməməli, bunu özü üçün fəxr mənbəyi etməməlidir. Valideyn övladının balı ilə fəxr edəcək deyə, övladının adını bu ağır şəraitə məhkum etməməlidir. Onu günün 20 saatını oxumağa məhkum etməməlidir, uşaqların nəfəs alması, dincəlməsi üçün imkanlar yaratmalıdır və oxumağın insan həyatı üçün nə qədər vacib olduğunu anlatmalıdır. Əgər uşağa düzgün başa salınarsa, onsuz özü anlayacaq və könüllü şəkildə oxumaq, yaxşı bal toplamaq istəyəcək. Bunu ona könüllü şəkildə təlqin etmək lazımdır ki, məcburiyyət hiss etməsin. Bu halda sosial adaptasiya, sosial uyğunlaşma problemi olan uşaqlar belə özü normal bal toplaya biləcək. Düzdür, ölkədə təhsil səviyyəsi ürəyimizcə olmasa da, uşaqların əksəriyyəti repititor yanına gedir və repititorların əksəriyyəti uşaqların yaxşı nəticə göstərməsində çox böyük rol oynayır.
- İnsan ömrünün bir dönüş nöqtəsi də ailə qurduğu zamandır. Ailə qurarkən cütlüklərin depressiyaya düşməsinə hansı amillər təsir edir və bu təsirlər hansı fəsadlar ilə nəticələnir?
- Ailə həyatı qurarkən və qurduqdan sonra depressiyaya düşmək tamamilə proseslərin gedişindən asılı məsələdir. Bilir ki, ölkəmizdə çox təmtəraqlı toy məclisləri olurdu və pandemiyadan sonra bu məhdudlaşdırıldı. Maksimum imkanlar ilə toy etməyə öyrəşmiş bir ölkə əhalisi üçün minimum imkanlarla belə toy etməyə icazə verilməyəndə insanlar başa düşdü ki, vaxtilə nə qədər israfçı və gərəksiz toy məclisləri tərtib ediblər. İndi pandemiya tam olaraq bitməsə də, toylar ilə bağlı qadağalar yumşaldığı üçün yenə eyni vəziyyətə gəlib çıxdıq. Əvvəl ümid edirdik ki, pandemiyadan sonra insanlar az da olsa fərqinı varacaqlar ki, toy hazırlıqları ilə bağlı necə böyük səhvlər edirlər. Amma yenə köhnə hamam, köhnə tas misalı insanlar yenə də böyük toy məclisləri qurmaqda israrlıdırlar. Bu böyük toy məclislərinin altından qalxmaq problemləri yaşandığı üçün ailələrin gərginliyi övladlarına keçir. Yəni toya hazırlıq ərəfəsində olan qız və ya oğlan ailəsində olan bu gərgin vəziyyəti düşündükcə, özü də depressiv vəziyyətə düşür. "Cehizə pul yetəcəkmi?", "çağırılan qonaqların hamısı toyda iştirak edəcəkmi?", "stollar boş qalacaqmı?", "menyu necə olacaq?", "toydan yığılan pul çəkilən xərci ödəyəcəkmi?", "kreditlər vaxtı vaxtında verilə biləcəkmi?" və s. Bütün bunların hamısı ailənin gərgin olmasına səbəb olur və ailənin gərginliyi də evlənəcək şəxsə təsir edir. Hesab edirəm ki, bu cür vəziyyətlərdən sonra depressiv vəziyyətə düşməmək əldə deyil. Yəni, insan istəməyərək də olsa bu vəziyyətə düşür. Ona görə valideynlər minimum xərclərlə toy etməyi dövlətin, pandemiyanın qadağaları ilə yox, öz istəkləri ilə sınaqdan keçirməlidirlər ki, bu kimi hallarda zərər görənlər cütlüklər olmasın.
Toydan sonra bu cür vəziyyətlər davam edir. Çünki qız evi oğlan evinə ultimatum göndərir ki, cehizlərin hamısı sizə gedib, siz ödəməlisiniz. Oğlan evi qız evinə ultimatum göndərir ki, sənin borcundur cehiz vermək, ona görə vermisən. Bu kimi hallarda depressiyaya düşməmək mümkün deyil.
Bu depressiyadan sonra təbii ki, ailələr arasında gərginlik yaranır və arada qalan yeni evli cütlüklər olur. Bu sınaqdan hər cütlük çıxa bilmir. Ya boşanma olur, ya da ailədə ciddi söz-söhbət olur. Ailələr bir-biri ilə əlaqəni kəsir, söz söhbət olur. Yəni, cütlük hər iki ailədən təcrid olunmuş olur. Bu depressiya işə, çevrəyə, övlada, bütün hallarda təsirini göstərir.
- Hamiləlik dönəmində və ana olduqdan sonra qadınların depressiyadan uzaq qalması üçün nələr etmək lazımdır?
- Hamiləlik o qədər çətin və eyni zamanda məsuliyyətli bir prosesdir ki, qadınlar bu yükün altından hər zaman rahatlıqla çıxa bilmir. Xüsusilə dövrümüzün gəncləri həm fiziki, həm psixoloji baxımdan özlərini o qədər yük altında qalmış hesab edirlər ki, asanlıqla bu dövrü yola vermək çətinləşir.
Qızlarımız var ki, fiziki baxımdan çox zəifdir, amma hamiləlik dövründə bu vəziyyətdən çox rahatlıqla çıxır. Amma qızlarımız var ki, kifayət qədər fiziki baxımdan güclüdür, yaxşı göstəriciləri var, amma özünü hamiləliyin altında əzilmiş hesab edir. Təbii ki, burada psixoloji vəziyyət böyük rol oynayır. Hamiləlikdə ən birinci şərt qadının psixoloji, sosial həyatının qaydasında olmasıdır. Çünki fiziki bədən o qədər yük altında qalır ki, bunu tarazlamaq, o yükün altından çıxa bilmək üçün həmin qadının psixoloji, sosial gərginlik yaşamaması lazımdır.
Pandemiya dövründə onun da şahidi olduq ki, gənc analar zahılıq dövrü ilə bağlı çox problemlər yaşadılar. Çünki hər yerdən təcrid olundular, hamiləliyi, zahılığı təcrid olunmuş şəkildə keçirtdilər. Bütün hallarda həm öz bədənlərinin vəziyyəti, həm də çevrənin bu cür vəziyyətdə olması, yəni pandemiyanın yaratdığı məhdudiyyətlər onlara psixoloji təsir göstərirdi.
Üstəlik bir qadının zahılıq dövründəki vəziyyəti həm psixoloji, həm mənəvi, həm fiziki, həm də ümumilikdə aura, enerji baxımından ən çox təhlükədə olduğu bir vəziyyətdir. Ona görə bəlkə də gənc nəslin nümayəndələri bunu bilmir, amma yaşlı nəslin nümayəndələri bu müsahibəni oxusalar xatırlayacaqlar ki, keçmişdə el arasında "hal anası" deyilən bir anlayış var idi ki, bu xüsusilə hamilə və zahılıq dövründəki qadınlar üçün deyilmiş bir deyim idi. Yəni, bütün hallarda insanlar vəziyyətdən çıxış yolu tapa bilir, amma zahılıq dövründə insan boşluqda olur. Yəni, kiçik bir depressiv vəziyyət, onu sarsan hər hansı bir hadisə olduqda belə asanlıqla depressiyaya düşə bilir və zahı qadınların depressiyadan çıxmağı çox çətin və uzun proses olur. Bunu təyinatı üzrə həkimlər də dəfələrlə vurğulayırlar ki, zahı qadınların depressiyadan çıxmağı uzun çəkir və onun depressiyaya düşməsi bir ailənin o depressiyanı bütövlükdə yaşaması deməkdir. Həm qadının özü, həm yoldaşı, həm uşaq və həm də ailə böyükəri. Ona görə də, zahıqadının qidalanmasından tutmuş geyiminə, ətrafına, davranışlarına xüsusi diqqət etmək lazımdır.
Röyalə Xəyal