Çərçivədən çıxan müəllim-şagird münasibəti...
3 Mart 2022 13:03 SosialMəktəb direktorları sonradan necə cinayətkara çevrilir?
Təhsil inkişafın, eləcə də insanların gücləndirilməsi üçün lazım olan əsas faktorlardan biridir. Ulu öndər Heydər Əliyev "təhsil millətin gələcəyidir" deyirdi. Amma təəssüf ki, bu gün ölkədə təhsilimizin vəziyyəti ürəkaçan olmadığı kimi, təhsil ocaqlarımızın vəziyyəti də ürəkaçan deyil. Xüsusən də orta təhsil müəssisələrində.
Təhsil cəmiyyətin inkişafında müstəsna əhəmiyyətə malikdir, təhsil almadan, insan cəmiyyətinin yaranışı, təkmilləşməsi, formalaşması qeyri-mümkündür. Məktəb sabahkı cəmiyyəti yetişdirir, cəmiyyət də buna adekvat olaraq onun bu günü və gələcəyi barədə düşünməlidir. O cəmiyyət udur ki, məktəbə çox böyük önəm verir, onu özünün fövqündə saxlayır. İş prosesində müəllim-şagird münasibətlərinin düzgün qurulması, şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində mühüm əhəmiyyət kəsb edir.
Təhsilin keyfiyyətli, səmərəli və davamlı olması üçün bir çox şərtlər mövcuddur. Buraya cəmiyyətin peşəkar pedaqoji heyət, əlverişli maddi-texniki baza və sair daxildir. Lakin, bütün bu amillər olduqda belə, təhsil pillələri və səviyyələri arasında varislik prinsipi üzərində qurulmuş dialektik bağlılıq təmin edilməzsə, keyfiyyət və səmərəliliyin reallığa çevrilməsində boşluqlar yaranar. Varislik, ilk növbədə, inkişafa xidmət etməli, hər hansı bir nəticə özündən əvvəl gələnin mahiyyətcə zənginləşməsinə və əhatə dairəsinin genişlənməsinə yönəlməlidir.
Təhsil üzrə ekspert Elşən Qafarov ümumtəhsil müəsissələrində təhsilin səviyyəsini faciəvi adlandırır:
![]()
"Məsələ belədir, ölkədə hazırda 4432 ümumtəhsil məktəbi var və bu 4432 ümumtəhsil məktəbində təqribən 152 min müəllim çalışır və 9000 sinif komplekti var. Hər şey göz qabağındadır. İldən ilə ümumtəhsil pilləsində təhsilin səviyyəsi aşağı düşməkdədir və bu özünü həm də tədris müəssisəsi ilə göstərir, hansı ki, müəllimlərin peşəkarlıq səviyyəsi, dərsliklərin vəziyyəti, ümumtəhsil məktəblərində tərbiyə sisteminin çökməsi və s. nəticəsidir ki, bu gün cəmiyyətin bütün təbəqələri, istər təhsil alanlar, istər təhsil verənlər, istər valideynlər yaxşı görürlər ki, ümumtəhsildə vəziyyət nə yerdədir. Bu baxımdan reallıq göz qabağındadır, ümumi vəziyyəti faciəvi adlandırmaq olar. Bu sahədə ciddi işlər görmək lazımdır. Əgər biz istəyirik vəziyyəti düzəldək, bu sahədə kompleks tədbirlər görülməlidir və ilk növbədə düşünürəm ki, ümumtəhsil ilə bağlı vəziyyəti ölkə prezidenti şəxsi nəzarətinə götürməlidir. Çünki bu gün təhsil sahəsi, xüsusilə də ümumtəhsil sahəsi xarici dili bilən, amma təhsil ilə bağlı anlayışı olmayan gənclərə etibar edir ki, bu da öz acı nəticələrini göstərməkdədir".
İnsan inkişafı baxımından təhsil prosesi insanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Təhsilin səviyyəsi insanların həyat fəaliyyətinin müxtəlif cəhətlərinə, məsələn, sağlamlığına, siyasi fəaliyyətinə, klassik musiqi qavrayışına, sosial bağlılıqlarına, intizamlılığına və s. təsir göstərir.
Ümumiyyətlə təhsil prosesi nədir? Ekspert bildirir ki, təhsil prosesi müəllim ilə şagird arasında əməkdaşlığa əsaslanan pedoqoji prosesdir:
"Pedoqoji prosesə ümumtəhsilin dövlət standartlarında verilmiş 9 tələb var ki, o tələb üzərində qurulmalıdır. Hazırki vəziyyətdə müəllim-şagird arasındakı münasibət ümumilikdə çərçivədən çıxıb. Bu da onunla bağlıdır ki, bir qədər öncə də dediyimiz kimi təhsil müəssisələrində tərbiyə prosesi tamamilə aradan qalxıb. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. İlk növbədə ümumtəhsil məktəblərinin nizamnamələri yoxdur. Biz artıq müstəqilliyimizin 31-ci ilindəyik, ümumtəhsil məktəbləri nizamnamə ilə fəaliyyət göstərmir və burada müəllim-şagird münasibətləri, o cümlədən, ümumtəhsil məktəbində olan bütün şəxslərin vəzifələri və hüquqları, funksiyaları hüquqa əsaslanmır. Hazırda son günlərdə məktəblərdə yayılan videolar, müəllim və şagird, müəllim və müəllim arasındakı münasibət, yayılmış səs yazıları göstərir ki, müəllim-şagird münasibətləri məktəblərdə artıq çox ürəkağrıdıcı və faciəvi vəziyyətdədir. Bu sistemli idarə olunmur, təhsilin real vəziyyətini göstərən hallardır. Müəllim və şagird arasındakı münasibət qanunvericiliyə və ilk növbədə məktəbin öz nizamnaməsinə uyğun olmalıdır. Məktəblərdə də nizamnamə olmadığına görə qaydasızlıq özünü büruzə verir və təsirini göstərməkdədir".
Müəllim-şagird münasibətlərinin əsasında humanist prinsipin tələbləri dayanır. Pеdаqоji prоsеsdə müəllimin pеdаqоji mərifəti dаhа çох müəllim-şаgird münаsibətlərində özünü göstərir. Müəllimin pеdаqоji mərifəti оnun pеdаqоji ustаlığının əsаsını təşkil еdir. Bununla yanaşı, müəllim və şagird arasında qarşılıqlı hörmət olmalıdır ki, müəllim şagirdə sevgi, məhəbbətlə və eyni zamanda ciddi yanaşmalıdır. Müəllim şagirdi bir şəxsiyyət kimi görməli, onun mənliyinə, şəxsiyyətinə toxunan söz deməməli, hərəkət etməməlidir. Nə qədər sözə baxmayan, nadinc şagird olsa belə, müəllim özünün pedaqoji metodlarından istifadə edib, xoş, isti münasibət yaratmalıdır.
Təəssüf ki, son günlərdə müəllim-şagird münasibətləri gündəmdən düşməyən xəbərə çevrilib. Şagirdini döyən, təhqir edən müəllim, müəllimə qarşı uyğunsuz hərəkətlər edən şagirdlər... Bir sözlə, nə əksər şagirdlər düzgün tərbiyələndirilir, nə də müəllimlər qayda-qanun ilə hərəkət edir:
"İstənilən halda müəllim şagirdin və ya təhsil alanın şərəf və ləyaqətinə hörmətlə yanaşmalı, etik-davranış qaydalarına əməl etməlidir. Səbəbi nə olursa, olsun şagirdə qarşı istər fiziki, istər psixoloji təyziq, şiddətin göstərilməsi qanunvericiliyə ziddir və bu etik-davranış qaydalarının kobud şəkildə pozulmasıdır. Buna yol verən şəxslər əmək məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq cəzalanır və nəticə etibarilə hətta onunla bağlanmış əmək müqaviləsinə xitam verilir".
Cəmiyyətdə əks-səda ilə yanaşı, həm də təəssüf hissi doğuran elə hadisələr var ki, ilk öncə həmin məktəbdə təhsil alan şagird və müəllim kollektivinin psixologiyasına mənfi təsir edir. Ana və övlad qatili olmuş məktəb direktoru kimi...
Belə ki, Bakıda ana və onun övladlarını qətlə yetirən şəxs əvvəllər təxminən 2007-ci ildən 2014-cü illərdə məktəb direktoru vəzifəsində çalışıb. Belə şəxsin məktəb direktoru kimi çalışmasında, hər gün yüzlərlə şagird ilə üz-üzə gəlməsində günahkar kimdir?
"Bilirsiniz, cinayətkarın milləti, vəzifəsi, sosial mənsubiyyəti olmur. Ola bilər ki, o, əvvəllər məktəb direktoru, müəlim və yaxud başqa sahədə işləmiş olsun. Əsas odur ki, həmin cinayətin baş verməsində tərəflərin də rolu var. Baxın, polis dəvət olunur, içəridə uşaqların, ananın həmin an öldürülən zaman qışqırıq səsləri gəlir, polis "yox, bu ailə münaqişəsidir, biz qarışa bilmərik" deyib, uzaqlaşırlar. Bəs niyə biz onu müzakirə etmirik? Həmin polis işçilərinin öz vəzifələrini düzgün yerinə yetirməməsi nəticəsində iki körpə, bir ana qətlə yetirilib. Halbuki, polis dəvət olunan zaman, hansı ki, qonşular uşaqların qətlə yetirilən zaman qışqırıqlarını, aman diləməsini eşidib, onlara xəbər verməsinə baxmayaraq, polis o qışqırıqları eşidə-eşidə oradan uzaqlaşdı və göz görə-görə o körpələrin öldürülməsinə şərait yaratdı. Nəyə görə polisi müzakirə etmirik? Və mən elə düşünürəm ki, qatil kimliyindən asılı olmayaraq, əvvəllər nə işlə məşğul olmasına baxmayaraq, bu hadisədə onun qədər iştirakçı məhz həmin polis işçiləridir. Daxili İşlər Nazirliyi yanında ictimai şura bununla bağlı bəyanat verib, amma hələ də həmin polis işçiləri polis formasındadır. İki körpənin qətlinə şərait yaratdıqlarına baxmayaraq, Azərbaycan bayrağını, gerbini formasında gəzdirirlər. Gəlin bundan danışaq. Düşünürəm, hər şeyi adı ilə çağırmaq daha doğru olardı".
Vicdan hər kəsin öz daxilində olan, onu daim nəzarətdə saxlayan, səhv etməyə qoymayan hakimdir. Peşə vicdanı da belədir. Müəllimin peşə vicdanına malik olması onun daxilində elə bir müsbət enerji, münbit bir sahə yaradır ki, o, həmişə müəllimi üzərinə düşən çətin və məsul vəzifəni ləyaqətlə, heç bir səhlənkarlığa yol vermədən şərəflə yerinə yetirməyə sövq edir. Sanki bir nəzarətçi kimi daim onun işi haqqında müəllimdən hesabat tələb edir. Yaxşı müəllim isə hər zaman bu hesabatdan üzüağ çıxmaq üçün üzərində çalışaraq peşəkarlığını daha da artırır.
Təbii ki, məktəblərə müəllim seçimi edərkən şəxsin savadına, bilik-bacarıqlarına xüsusi diqqət yetirilir. Lakin bu gələcəkdə yaranan problemlərin qarşısını nə dərəcədə almağa hakimdir? Məktəbin pedoqoji heyətini seçərkən şəxsin savadı ilə yanaşı başqa nələrə diqqət edilməlidir?
Elşən Qafarov məsələyə öz münasibətini bildirdi:
"Bilirsiniz ki, bu yaxınlarda Müəllimlərin İşə Qəbulu ilə bağlı yeni qaydalar təsdiq olundu. Burada əsas məsələ müəllimin seçimindədir, yəni, əsl müəllim seçilməlidir. Biz isə hələ ki, riyaziyyatçı, tarixçi, bioloq və s. axtarışındayıq. Bir müəllimin müəllimliyi onun pedoqoji və psixoloji bilikləri, o cümlədən, müasir təlim metodları və strategiyalarını nə dərəcədə bilməsi, səmərəli tətbiq etmə bacarığı ilə ölçülür. Biz hələ də ümumtəhsil məktəblərinə müəllim seçə bilmirik. Baxmayaraq ki, yeni qaydalar var, Müəllimlərin İşə Qəbulu adlanır, amma biz hələ ki, müəllim seçməyin arxasında deyilik, müəllim seçmək hədəfimiz yoxdur. Bu da nəticə etibarilə yanaşmada kobud səhvlərə yol verir və bu kobud səhvlər prosesi həyata keçirərkən öz acı nəticələrini verməkdədir".
Röyalə Xəyal