Kənd təsərrüfatını “ağ günə” çıxaranların ağırlıqqaldırma həvəsi
3 Mart 2022 11:19 SosialAzərbaycanda ən ağrılı sahələrdən biri də kənd təsərrüfatıdır. Belə demək mümkünsə müstəqillik illərindən bu günə qədər kənd təsərrüfatı sahəsində ölkəmizin bəxti gətirməyib. Ona görə yox ki, Azərbaycan vətəndaşı çalışqan, torpağa bağlı deyil. Sadəcə bu sahəyə rəhbərlik edənlərin, prezidentin etimad göstərdiyi ayrı-ayrı şəxslərin vəzifəsinin öhdəsindən gələ bilməməsi, düzgün strategiya, proqram müəyyən edə bilməməsi ölkənin kənd təsərrüfatını inkişafdan geri qoyub. Təəssüflər olsun ki, günümüzdə də bu acı tendensiya davam etməkdədir. Düzdür, statistik rəqəmlərdə hər şey vətəndaş, cəmiyyət üçün xoş görünür. Hətta kənardan bu mənzərəni, daha doğrusu statistikanı müşahidə edən zənn edər ki, Azərbaycanda ən inkişaf etmiş sahə məhz kənd təsərrüfatıdır və ölkə özü özünü kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilir. Ancaq reallıq isə tamamilə fərqlidir. Məşhur "Böyük dayaq" filmində deyildiyi kimi, yağ planı yerinə yetirilməyib, süd planında kəsir var və s.
Rəqəmlərdən söz düşmüşkən, bazarlarda kənd təsərrüfatı məhsullarınn qiymətinə nəzər yetirdikdə piştaxtada məhsulun üzərinə yazılan qiymət dodaq uçuqladır. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi özünə bəraət qazandırmaq və çulunu sudan çıxarmaq üçün dərhal deyə bilər ki, qiymət siyasətini o müəyyən etmir. Biz də bununla razıyıq. Ancaq bu qeyri-peşəkar əsaslandırmadır. Çünki məhsulun bazara gəlib çıxan müddətə qədərki mərhələsi birbaşa Kənd Təsərrüfatı Nazirliyi ilə bağlıdır. Ona görə də bazarlarda kənd təsərrüfatı məhsulunun getdikcə bahalaşmasında da bu və ya digər dərəcədə nazirlik məsuliyyət daşıyır. Səbəbi? Səbəbinə aydınlıq gətirək.
Son illərin statistik rəqəmlərinə nəzər yetirdikdə səbəb özü üzə çıxır. Götürək daha çox istifadə edilən kartof bitkisini. Hazırda bazarlarda kartofun 1 kiloqramının qiyməti 1 manatdan ucuz deyil. Halbuki son iki ildə ölkədə kartof istehsalı əvvəlki illərdən dəfələrlə artıq olub. Əgər 3-5 il əvvəl ölkədə kartof istehsalı 800-900 min ton təşkil edirdisə, son iki ildə bu rəqəm 200-300 min ton da artıb. Bura ayrı-ayrı ölkələrdən idxal edilən kartofu da əlavə etsək kifayət qədər böyük bir rəqəm edər. Ancaq kartofun bazarlarda bir kiloqramı 4-5 il əvvəlkindən 40-50 qəpik arasında bahadır. Son 3-4 il ərzində qış aylarında ölkədə kartofun 1 kiloqramının qiyməti 1 manatdan aşağı düşməyib ki, bu da Kənd Təsərrüfatı Nazirliyinin uğursuz fəaliyyətindən irəli gələn amillərdəndir. Belə ki, bölgələrdə fermerlər üçün yaradılan süni əngəllər, onların fəaliyyətinə yaradılan maneələr, həmçinin məhsulun suvarılmasındakı çətinliklər kəndçinin istehsal etdiyi məhsulun xərclərinin artmasına, bu da nəticə etibarilə bazarlarda qiymət artımına səbəb olur. Ona görə də yaxşı olar ki, Kənd Təsərrüfatı Nazirliyi fermerlərlə, sadə kəndli ilə işləmək üçün düzgün strategiya müəyyən etsin.
Son aylarda ölkədə un və un məhsulları, çörəyin qiymətinin qalxmasında da məhz Kənd Təsərrüfatı Nazirliyinin "mühüm rolu" olub. Məsələyə bir qədər aydınlıq gətirəndə nazirliyin sözügedən "rolu"nun nədən ibarət olduğunu aydın şəkildə görə bilərik. Məlumdur ki, ölkəmizdə istehsal edilən buğda qeyri-ərzaq buğdası sayılır və çörəkbişirmədə həmin buğdanın unundan istifadə etmək olmur. Ancaq burada qaranlıq qalan bir məsələ var. Nə üçün Kənd Təsərrüfatı Nazirliyi ölkədə məhz ərzaq buğdasına olan tələbatın ödənilməsində maraqlı deyil və həmin sort buğdaların idxal etdiyimiz Qazaxıstan, Rusiyadan alınıb gətirilib burada yetişdirilməsinə əmək sərf etmir. Əslində Kənd Təsərrüfatı Nazirliyi dünya iqtisadi və maliyyə böhranı, həmçinin qlobal pandemiya zamanından bu prosesə start verməli, ölkədə həmin sort taxıl sahələrinin salınmasına çalışmalı idi. Ancaq göründüyü kimi Kənd Təsrrüfatı Nazirliyi ən vacib bir məsələyə, ölkənin ərzaq təhülkəsıziliyinin təminatına dırnaqarası baxır, buna qeyri-ciddi yanaşır. Azərbaycan vətəndaşlarının ərzaq təhlükəsizliyinin təminatı kimi ağır və məsuliyyətli bir yükə çiyinlərini verib onu reallaşdıra bilməyən kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti kimi ağır çəki daşlarının öhdəsindən necə gələcək, bax, bu maraqlı sualdır.
Bu arada əldə etdiyimiz bilgilərə görə, kənd təsərrüfatı sahəsində mövcud olan bərbad durum artıq ən yüksək səviyyələrdə narahatlıqla qarşılanmaqdadır. Həm yerlərdə fermerlərdən gələn şikayətlər, həm Cəbrayıl rayonu Ağalı kəndində yaradılan "Ağıllı kənd" layihəsində çalışan işçilərin əmək haqlarının verilməməsi ilə bağlı mediaya sızan məlumatlar yuxarılarda kifayət qədər qəzəb yaratdığı üçün yaxın vaxtlarda nazir İnam Kərimovun çiyinlərinin kənd təsərrüfatı kimi mühüm bir yükdən azad ediləcəyinə qərar verilib. Bir sözlə kənd təsərrüfatını "ağ günə" çıxaranların ağırlıqqaldırma həvəsi deyəsən KTN rəhbərliyi üçün həqiqətən ağır günlərə gətirib çıxaracaq.
Elşən