20 YAŞLI ASLANIM, İGİDİM ORDA UYUYUR!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti


         Sən sağ olasan Vətən! Daha bir gənc sənin müqəddəsliyin uğ­runda gözünü qırpmadan ca­nını fəda etdi. Ata cəna­zənin yanında donub qalmışdı, övla­dını öz əlləri ilə torpağa tapşırır. Böyük arzularla böyütdüyü oğluna nə ümidlər bəsləmişdi. İndi isə Bəxtiyar kişi elə bir məqama çatmışdı ki, bir tərəfdən düşmən tapdağından qurtulmaqda olan torpaqların gözünə hopmuş alovu, bir tərəfdən isə vətən üçün itirdiyi yeganə oğlunun ürəyini parçalayan ağrı-acısı. Di buna döz, ata ürəyi. Şip-şirin balasını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan Şəkər xanım vətən uğrunda həyatını itirən, ancaq ölməyən boy-buxunlu gözəl balasını görmək istəyir, çəkdiyi hayqırtı tək özünün ürəyini deyil, şəhidi torpağa əmanət edənlərin hamısının ürəyini parçalayırdı.  
İsmayılzadə Əsgər Bəxtiyar oğlu 22 yanvar 2000-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdu. Son mənzilə atasının çiynində getdi. Nə yazıq ki, müharibənin qanunları budur. Oğullar atalarının çiynində gedir. 
Yevlaxın Gülövşə kənd məktəbinin tərbiyəvi işlər üzrə müavini Röyal Məmmədxanov redaksiyamıza gəlmişdi: "Doğrudan da tanrı yaxşıları sevib öz dərgahına aparır. Lənət olası düşmən vətəni­ni canın­dan çox sevən bir gəncin arzularını ürəyində qoydu. Ona 5 il riyaziyyat fənnindən dərs demişəm. İstə­yirdim riyaziyyatın sirlərinə dərindən bələd olsun. İndi anlayıram ki, mənim ona öyrətdiyim dərs deyil­miş. Əsl dərsi o öyrətdi, tarixə və düşmənə". Gözəl ənənələri ilə seçilən, təlim-tərbiyə işlərində fərqlənən bu təhsil ocağının gənc müəlli­minin göz­lərində nə qədər kədər var idi. Elə yana-yana danışırdı ki... Hansımız yanmırıq ki, hər şəhid olan gənc bizim də balamız deyilmi?!       
İsmayılzadə Əsgər Bəxtiyar oğlu 2005-ci ildə Yevlax rayonu V.Mövsümov adına Gülövşə kənd tam orta məktəbinin 1-ci sinfinə gedir. Əsgər orta mək­təbdə sakit təbiəti, çalışqanlığı və tərbiyəsi ilə seçilən, utancaq uşaq idi. İdmanla məşğul olurdu. 2014-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin  "Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olur və 2019-cu ildə kolleci bitir­dikdən sonra vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Xidmətini Cəlilabad rayo­nunda öz arzusu ilə Xüsusi təyinatlı qüvvələrdə (XTQ) davam etdirir. Xidmətini bitirməyə 3 ay qal­mış, 27 sentyabr 2020-ci ildə başlayan Vətən mühari­bəsi­nin ilk günündən XTQ olaraq ön cəbhəyə yolla­nıb. Murov yüksəkliklərinin alınmasında və Füzuli istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərib. Cəbrayıl rayonunun Xındıqlar yaşayış məntəqəsinin ətrafında "Qüllə" adlanan ərazidə düşməni möv­qelərini tərk etməyə məcbur etmiş və 5 hərbi qul­luqçusunu öldürmüşdür.  Düşmənin Qış­laq yaşayış məntəqəsinin ətrafında yer­lə­şən "Qızıl qaya" yüksək­liyindəki mövqelərindən qovulub çıxarılmasında fədakarlıqla vuruşmuşdu. 
  Əsgər 3 oktyabr 2020-ci il tarixində Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəman­casına şəhidlik zirvəsinə ucalmış və oktyabrın 4-də Yevlax rayon Gülövşə kənd qəbristanlığında dəfn edilmişdir. Kənd camaatı, rayonun bütün rəsmiləri, qohum-əqraba onu son mənzilə yola salmağa gəl­mişdi. Hər kəs sanki öz balasını dəfn edirdi. Bir kasıb evdən çıxıb bir elin, bir vətənin oğlu adını qanilə qazandı Əsgər. Atasının zəhmətlə qa­zan­­dığı çörəyin əvəzini bir oğul kimi atasına deyil, vətəninə qaytardı. Heç nədən çəkin­mədi, küncdə-bucaqda gizlənmədi, özünü oda-alova atdı. Təki Vətən düşmən tapdağın­dan xilas olsun - dedi.  Uşağa ad qoyularkən hər kəs "adına layiq övlad olsun, adı ilə böyüsün" deyir. Əsgər də adı ilə böyüdü və adına layiq olduğunu sübut edərək, vətənin əbədi əsgəri oldu. 
Əsgər sadə kəndli ailəsində böyüyüb. Atası Bəx­tiyar, anası Şəkər xanım çox zəhmətkeş, həm tə çox kubar insan­lardı. Sadə kənd həyatı yaşayırlar, amma qəlb­ləri, düşüncələri, mənəvi dünyaları o qədər zəngindir ki, övladları da bu zəngin dəyərlərin yetirməsidir. Əsgərin oxuduğu məktəbin X sinfində təhsil alan bacısı Leyla da ağıllı, tərbiyəli, qardaşı ilə fəxr edən vətənpərvər övladdır.
 Sənin haqqında qələmə aldığım bu yazıdan bir ildən çox zaman keçib, Əsgər.  Doğulub böyüdüyün kəndin insanları səni çox sevirmiş. Bu körpə yaşında necə qazana bilmişdin bu qədər hörməti!? Gülövşə kəndində kiminlə söhbət et­dim­sə, kimi danış­dırdımsa, "Belə oğul dünyaya az-az gəlir" dedi. Bu günlərdə qazandığın daha bir fəxri adla kəndinin, ailənin başını uca etdin. Müzəffər Ali Baş Komandan İlham Əli­yevin sərəncamı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olundun igid Əsgər.  
   Əsl azər­baycanlı xanımı, üzündən abır-həya, nur yağan Şəkər xanımı - ananı dinlədim: - Əsgərin şəhadə­tin­dən bir il keçib. Elə bilirəm  oğlum dünən şəhid olub. Məndən ötrü bir il tez gəlib keçdi, dərdim zərrə qədər azal­­madı, əksinə oğlumun yoxluğu getdik­cə dərindən sar­sı­dır məni. Əsgər bizim sağ gö­zü­müz, döyünən ürə­yimiz, güvəndiyimiz Şah­dağımız idi. Umudumuz, gələcəyimiz idi. Hamısı məhv oldu balamsız. Düz­dür, o, tarix yazdı və ən uca zir­vəyə ucaldı. Bunu bilirik, amma bu itgiylə barı­şmırıq və barışmaya­cağıq. Dayaqsız qalmışıq, tək oğul övladımız idi. Oğlumun şəhid olması Gülövşə kənd qəb­ristan­lığını bizə ən əziz yer edib. Elə bilirəm ruhum orda­dır. Axı, 20 yaş­lı gənc qəhrəmanım,aslanım, igidim orda uyuyur. Bir ildir getdiyim yer yalnız bu qəbristanlıqdır. Oğlu­mu­zun şə­hid­liyi heç vaxt xoşlamadığım qara rəngi mənə ömürlük libas etdi. Əsgərin şəhidlik zirvəsi məni Allaha daha yaxın etdi. Bir ildir gecələri çox sevirəm, oğlu­mu yuxuda görə bilmək səadətinə qovuşmaq istəyi­rəm gecələr. Buna baxmayaraq, kim mənə "oğlun ölüb" desə, de­yərəm ki, oğlum ölməyib, yaşayır. Axı, şəhidlər ölmür. Övladımızla fəxr etmişik və edəcəyik də. Kəndimizin ən gediş-gəlişli yerində Əsgərin adına bulaq tikdiririk. Bu işdə, bu ağır günlərimizdə bizi heç vaxt tək qoymayan kənd  camaatı da əlindən gələn köməyi edir. Sağ olsun, dövlətimizi. Qayğımıza qalır. Bir ana kimi şəhid olmuş balamdan danışmaq mənə çox çətindirsə, bir o qədər də qürurvericidir. Hərb sənətini çox sevirdi. Hərbi xidmətə gedəcəyi zaman günlərini, saat­larını sayırdı. Əsgər şəhid olandan sonra döyüş yoldaşları bizə gəldilər, onun haqqında çox danışdılar. Deyirdilər ki, müharibənin başlanmasına "axır ki, başladıq" deyə hamımızdan çox sevinirdi. Yeddi gün vuruşub balam, igidliklə, qəhrəmanlıqla. Amma bizi çox sevsə də, torpağı seçdi oğlum. Oktyabrın 1-də evimizə zəng etdi. Atası ilə, mənimlə, bacısı ilə danışdı. Və yalana nifrət edən Əsgər yəqin ki, ilk və son dəfə bizə yalan dedi. Müharibənin ən qaynar nöqtəsində ola-ola, hərbi hissədəyəm, heç nədən narahat olmayın dedi.
44 yaşım var. Əsgər ilk övladım idi. Həyatımızın xoş günləri Əsgərlə başladı, Əsgərlə bitdi. 4 oktyabr 2020-ci ildə sanki hər şey bitdi. İndi dua edirəm ki, oğluma vermədiyi ömrü qızım Leylaya versin..." Nöqtəsinə, vergülünə dəymədiyim Şəkər xanımın dediyi fikirlərə amin deyirəm. Əsgərdən gözlədiyin gözəl günləri qızından yaşıyasan.         
 
İsmayılzadə Əsgər Bəxtiyar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin sərən­camı ilə 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrun­da", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Əsgərin uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31