Pensiyaçıların sayının azalmasına hansı amillər təsir edir?
17 Fevral 2022 13:45 SosialÖlkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə ən müxtəlif layihələr həyata keçirilməkdədir. Elə dövlət başçısı da pensiyaçıların sosial rifah halının yaxşılaşdırılması məqsədilə çoxsaylı sərəncam və fərmanlar imzalayıb. Belə ki, "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 5 fevral tarixli Sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci ilin 1 yanvar tarixindən bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılmışdır. Lakin görülən bütün tədbirlərə baxmayaraq, ölkədə müsbət təbii artımın baş verməsinə rəğmən yaşa görə əmək pensiya alanların sayı ilbəil azalmaqdadır. Məlumata görə, təkcə ötən il pensiyaçıların sayı 26 min nəfər azalıb. Hazırda isə ölkədə 716 min yaşa görə pensiyaçı var. Maraqlı məqam ondan ibarətdir ki, 2017-ci ildən başlayaraq yaşa görə əmək pensiyaçıların təyinatında edilən dəyişiklik bu kateqoriyadan olan insanların sayına təsirsiz ötüşməyib. Belə ki, yaş həddinin hər dəfə 6 ay uzadılması yaşa görə əmək pensiyaçıların sayında öz sözünü deyib. Məlumat üçün qeyd edək ki, ölkədə pensiyanın 3 növi tətbiq edilməkdədir. Bunlar yaşa görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası və əlilliyə görə əmək pensiyasıdır. "Əmək pensiyaları haqında" Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bununla da pensiyanın yaş həddinin 60 yaşdan 65-ə qaldırılması təmin olundu. Bu dəyişiklik ölkədə orta yaş həddinin yüksək olması ilə əsaslandırılsa da ekspertlərin qənaətinə görə, qanunvericilikdə edeilən yenilik əmək pensiyası alanların sayında əhəmiyyətli dərəcədə fərq yaradıb. Başqa sözlə, hər il pensiya lamaq hüququ yaranan vətəndaşların bu hüquqdan yararlanmaq müddəti bir il geri atılır. Təkcə on illik müqayisədə pensiyaçıların sayında yaranan fərqi açıq özünü büruzə verir. Əgər on il əvvəl pensiyaçıların sayı 859 min nəfər təşkil edirdisə, indi bu göstərici 716 min nəfər təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2021-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1228,8 min (2020-ci il yanvarın 1-i vəziyyətinə 1270,6 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 12,3 faizini təşkil edir. Onların 58,3 faizi yaşa, 30,4 faizi əlilliyə, 11,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 302,2 manat təşkil etmiş və orta aylıq əmək haqqının 42,7 faizinə bərabər olmuşdur. Göründüyü kimi cəmi birillik müqayisədə pensiyaçıların sayı xeyli azalıb. Elə beynəlxalq təşkilatlar da ölkədə pensiyaçıların sayının azalmasından narahatçılıqlarını ifadə edirlər. Beynəlxalq Əmək Təşkilatının açıqladığı Qlobal Sosial Müdafiəyə dair hesabatında da göstərilir ki, Azərbaycanda pensiya yaşına çatmış əhalinin pensiya ilə əhatə dairəsi kəskin şəkildə aşağı düşüb. Onu da qeyd edək ki, beynəlxalq normalara görə əhalinin 10 faizinin pensiyaçıların təşkil etməsi normal demoqrafik vəziyyət hesab olunur. Bizdə isə bu göstərici 12 faiz ətrafındadır. 2021-ci il oktyabrın 1-nə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 201 min 300 nəfər pensiyaçı qeydiyyatdan keçib və bu, ölkə əhalisinin 12 faizini təşkil edir. Onların 59,1 faizi yaşa, 29 faizi əlilliyə, 11,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Belə halda pensiyaçıların sayının azalmasına təsir edən amillər hansılardır? Ekspertlərin qənaətinə görə, pensiyaçıların sayının azalmasına səbəb reallıqda orta yaş həddinin qısalmasıdır. Təsadüfi deyil ki, son illərdə 50-70 yaş arasında ölüm hallarının artması müşahidə olunur ki, buna da səbəb kimi müxtəlif xəstəliklərin artması göstərilir. Dünyanı cənginə almış pandemiyanın da yaşlı insanlara mənfi təsirini nəzərə alsaq, 65 yaşından yuxarı insanların dünyasını dəyişməsi təbii hesab olunmalıdır. Milli Məclisin əmək və sossial siyasət komitəsindən bildirilib ki, ölkədə pensiya yaşının yenidən aşagı salınması gündəmdə deyil. Vətəndaşlara pensiya təyin olunması üçün 65 yaş normal həddir. O da nəzərə alınmaldıdır ki, bəzi peşə təmsilçiləri pensiyaya çıxmadan əmək fəaliyyətlərini davam etdirmək niyyətindədirlər.
Zəka