SEPAH: İran raket texnologiyalarını təkmilləşdirib və uçuş məsafəsini artırmağa hazırdır – ÖZƏL
10:59 SiyasətOlaylar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri Əli Bəlalinin "RİA Novosti" agentliyinə verdiyi məlumata görə, Tehran ABŞ ilə münaqişə fonunda öz raket texnologiyalarını xeyli təkmilləşdirib və zərurət yaranarsa, raketlərin uçuş məsafəsini artırmaq imkanına malikdir.
Müşavir bildirib ki, Vaşinqtonla qarşıdurma İrana raket və pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasında təcrübə toplamağa, silahları döyüş şəraitində sınaqdan keçirməyə və onların effektivliyini yüksəltməyə imkan verib. Onun sözlərinə görə, Tehranda SEPAH Aerokosmik Qüvvələri Həftəsinə həsr olunmuş sərgidə uçuş məsafəsi 2 min kilometrdən 3,5 min kilometrə qədər olan raketlər, 30 saata qədər havada qala bilən PUA-lar, hava hücumundan müdafiə kompleksləri və peykləri 500 kilometr hündürlüyə çıxara bilən daşıyıcı raketlər nümayiş etdirilir.
Əli Bəlali İran hərbçilərinin raketlərin uçuş məsafəsi üçün yuxarı hədd müəyyən etmədiyini və mövcud vəziyyətə uyğun olaraq bu məsafəni artırmağa hazır olduqlarını vurğulayıb.