MƏNİM ÇİÇƏKLƏDİYİM YERLƏR VƏTƏNDİR!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti    


Siz torpağın altında sıra­la­­nıb, üstündə çiçəklə­diniz əziz şəhidlər. Ölmədiniz, tor­pağı sevib torpaq oldunuz, və­təni sevib vətən oldunuz. 
Anasını da çox istəyir­miş Uğur. Amma vətəni ana­sın­dan da çox istəyirmiş sən demə. Çünki bütün yaşlarda atasının, anasının körpəsi, sevimlisi olacaqdı. Vətənin cəngavəri, igidi olmağı seçdi.  
İgidimiz İsmayılzadə Uğur Hidayət oğlu 1995-ci il iyulun 18-də Yevlax rayonunun Qaramanlı kəndində  anadan olub. Ailə 1999-cu ildən qazanc məqsədi ilə bir müddət Rusiyanın Tümen vilayətinin Meqion şəhərində yaşayıb. 2005-ci ilin oktyabrından yenidən vətənə -Yevlaxa qayıdıblar. Uğur V sinifdən Qaramanlı kəndində təhsilinə davam edib. Orta məktəbi təhsilə marağı və nümunəvi davranışı ilə bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Xidmətinin 1 il 6 ayının 10 ayını Əfqanıstanda sülhməramlıların tərkibində təlim keçib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2015-ci il Qurban bayramı ərəfəsində görüş zamanı Uğuru mükafat­landırıb. Cumhurbaşqanı içərisində imzası olan qol saatı və tə­lim­də fərqləndiyi üçün layiq görül­düyü medalı şəxsən özü Uğura təqdim edib. Saatın qapağındakı yazını ana çox qürurla göstərdi bizə. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif yerlərdə çalışıb. Tovuz hadisələri səbrini daşırırmış:- "Müharibə olsa gedəcəm. Bu alçaqları axır ki, məhv etməliyik".
Və Vətən səmasını qara buludlar bürüyəndə Uğur verdiyi sözü tutdu. Müharibəyə gedib torpaq­larımızdan murdar düşmənləri qovub, üçrəngli bay­rağımızı Qarabağda dalğalandırmaq istəyi ilə 21 sen­tyabr 2020-ci ildə qonşusu, həm də dostu Fəhminlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə müraciət edirlər. Könüllü olaraq Goranboyun Ballıqaya bölgəsində təlimlərə başlayırlar. Uğur sen­tyabrın 27-də Kəlbəcər istiqamətində gedən döyüşlər­də igidliklə  vuruşurmuş. Şair Sücayətin­ bu beytini tez-tez təkrarlayırmış:
 
-Şücayət, neyləyək vaxt belə vaxtdır,
Darıxma, hər şeyi həll edən vaxtdır.
Bir gün gülə-gülə qayıdacaqdır,
Ağlaya-ağlaya köçən Kəlbəcər
 
 Həmin döyüşlərdə neytral zonada xeyli döyüş­çümüz qalır. Uğur  onları bu zonadan çıxarmaq üçün bütün qüvvəsini səfərbər edir. Əfqanıstanda uğurlu təlimlər keçdiyindən silahı saniyəyə söküb, yığır, səngəri cəldliklə düzəldirdi. Qorxunun nə oldu­ğunu bil­mirdi. Çox güclü taktikası vardı. Döyüş plan­larını Uğur peşəkarlıqla həyata keçirirdi. Ən çətin  döyüş­lərdən çıxış yolu tapıb, yoldaşlarını xilas edirdi. Gün­lərlə yüksəklikdə olurdular, düşə bilmirdilər. Amma imkan olanda evlərinə zəng  edirdi. 
Axırıncı telefon zəngi oktyabrın 14-də olub anasına. Həmkəndlisi-dostu Fəhmindən bir müddət xəbər ala bilməyən Uğur anasından onu soruşub.  Nəzakət xanım Uğura yalan söyləyir ki, Fəhmin yaralanıb. Halbuki, Fəhmin artıq şəhid olmuşdu.
Ən ağır şəraitdə düşmənlə üzbəüz şiddətli döyüşlərdə böyük ruh  yüksəkliyi  ilə vuruşur Uğur, qorxmadan, çəkinmədən. Böyük qələbənin çox yaxında olduğunu hiss eləmişdi o kiçik, həm də böyük ürəyi ilə.  Zəng edəndə deyirdi: ana, tezliklə birinci   Qarabaga, sonra da sizə qovuşacağam.
Bu günlərdə  Mingəçevirdən döyüş yoldaşı Samir gəlib Uğurun ailəsi ilə görüşməyə. Uğur  haqqında qəlbi qürurla döyündürən söhbətlər edib: "Çox ağır döyüşlər gedirdi, sağ çıxma ehtimalımız  yox dərəcəsində idi. Uğurun güclü taktikası nəticə­sində xilas olduq. Uğur bizi xilas elədi. Komandir sevindiyindən Uğuru neçə dəfə bağrına basıb öpdü. Mən bu gün yaşayıramsa, bu gün həyatda varamsa, bu ömrü mənə Uğur  bağışlayıb".  
Hər dəfə ailəsi ilə danışanda anası deyirmiş ki, Uğur, ehtiyatlı ol, bala. Gülə-gülə cavab verirmiş: "Ana sən oğul doğanda bilmirdin ki, oğullar Vətən  üçün, torpaq üçün doğulur. Vətəni qorumaq, sizləri qorumaq  mənim borcumdur. Mən torpağımızın azad olunması üçün canımı fəda etməyə hazıram, canım qurban vətənə, təki siz azad yaşayın. Əgər sağ qalsam, sizi Şuşaya  aparıb,  döyüşdüyüm  yerləri göstərəcəm. Qələbə bizimdir, ana".
Amma İsmayılzadə Uğur Hidayət oğlu 16 ok­tyabr 2020-ci ildə şəhidlik  zirvəsinə ucalır. Sən eldən getmisən, igid. Səni böyüdüb başa çatdıran ailən, elin-oban səninlə fəxr edir. Adın Uğur idi, yurduna, elinə uğur gətirdin. Azadlığı uğrunda döyüşdüyün Kəlbəcə­rin hər dağında, daşında sonsuza qədər çiçək açacaq. Hər çiçək bir Uğur olacaq, sənin çiçəklədiyin yerlər sonsuzadək bizə vətən olacaq. 


Bu yazdıqlarımın üzərindən artıq bir il ötüb. Sənsiz yaşadıqları bir ili yaşamaq saymır ailən Uğur. Qardaşsız qalan Təbriz çox darıxır, amma: "Əgər Vətən çağırsa, bir saniyə belə düşün­mədən  gedərəm, Uğurun qanını yerdə qoyma­ram",- deyir. Atan Hidayət yaxşı başa düşür ki, torpaq aldı­ğını geri vermir. Amma həyat davam edir, təsər­rüfat işlərində gününü yola verir, nə edə bilər, alın yazısından qaçmaq olmur axı. Ancaq bu sözü dönə-dönə təkrar edir: -Fəxr edirəm ki, böyük qələbədə mənim balamın da imzası var. 
Ananın göz yaşları qurumur: "Heç bilmirəm, kim biçdi bu taleyi balama?" - deyə yana-yana ağla­yır. Amma tez də əlavə edir: "Dözməliyik bu dərdə. Çünki çox şərəfli ömürdü oğlum yaşayan ömür".
Bəli, lənət olası düşmənin silahları ən çox anaların ürəyində açıldı. Oğullarla bərabər minlərlə analar da öldü. Kənd əhli İsmayılovlar ailəsini çox yaxşı tanıyır və böyük rəğbətlə, sevgilə yanaşırlar. Əlbəttə, sevəcəklər. Qısa ömrünü şərəfli hərb tariximizə yazdıran bir igidin ailəsi sevilməzmi?! 
  Yenə bu ailədəyəm. Yenə eyni ab-hava. Heç danışmaq istəmirlər. Sanki keçən bir ildə onlar üçün zaman donmuşdu. Amma dövlətimiz də, insanlar da ailəyə hər cür maddi və mənəvi dəstəyini əsirgəməyib.  
   İsmayılzadə Uğur Hidayət oğlu ölümündən sonra Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Su­qovuşanın azad olunmasına görə" və "Cəsur dö­yüş­çü" medalları ilə təltif olunmuşdur. Uğurun uğrun­da canından keçdiyi Qarabağ Azərbaycandır!
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31