ŞƏHİDMİ OLDU ƏSGƏR?! CƏNNƏT QOXUDU HƏR YER!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Səni dağlara yazsam yağışlar, göylərə yazsam bu­lud­­lar, gözlərimə yazsam yaş­larım silər. Səni qəlbimə yaz­dım, artıq kimsə silə bilməz, Azərbaycan!  Vətəninə canını fəda edən igidimiz, şəhid Cab­barov Oruc Akif oğlunun sevimli kəlmələri dillərdə əzbər olub indi. 


          Cabbarov Oruc Akif oğlu 1999-cu il dekabr ayının 6-da Yevlaxın Nəri­manabad kəndində anadan olub. Üç uşaq olublar ailədə. Gülsüm ailə həyatı qurub, Gülər VI sinifdə oxuyur. Oruc isə bir evdə doğuldu, bir elin oğlu oldu.  Nərimanabad kənd tam orta məktəbi qurtar­dıqdan sonra 2017-ci ildə hərbi xidmətə çağırı­lıb. Hərbi xid­mətini ləyaqətlə başa vursa da, həyatını hərbə həsr edərək müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətinə davam edir. Sentyabrın 27-də düşmənin elan olunmamış müharibəsi neçə-neçə oğullarımızın arzularını ürəyində qoydu.
  Elə həmin gün də Oruc hərbi hissədən Tərtər, Ağdə­rə istiqamətində gedən qızğın döyüşlərə qatılır. Atası Akif I Qarabağ müharibəsinin iştirakçısı kimi könüllülər batalyonunda vuruşub. Ata müharibənin  nə demək olduğunu yaxşı bilirdi, göydən yağan güllə yağışına nə dayan, nə də dur, demək olmur. Ona görə çox narahat olurdu. 
  Oktyabır ayının 6-sı səhər saat 04:00-da Oruc atası ilə danışır: "Ata, narahat olma, yuxarı çıxırıq. Hər şey yaxşı olacaq" -deyib ümid verir. Dayısı Zeynal Zama­nov da müddətdən artıq həqiqi hərbi xidmət qulluq­çusu idi, Orucla bir yerdə döyüşürdü. Həmin gün əmr verilib ki, tabor döyüşə getməlidir. İgidlərimiz dərhal hazır vəziyyətdə olublar. Oruc əvvəlki döyüşlərdə aya­ğın­dan yaralansa da, döyüş yoldaşlarına qoşulur. Talış-Ağdərə-Suqovuşanın sol sahilindəki yük­sək­likdə vuruşurlar. Yüksəklik düşmə­nin nəzarətində ol­du­ğundan xətti yarmaq çətin olur, amma ağır döyüş­lərlə yüksəklik azad edilir. Oktyabrın 10-da həmin ağır döyüşlərdə Oruc qəhrəmancasına şəhid olur. 
          Oruc babasının adını daşıyıb və onlarla bir yer­də yaşayıblar. Çox sevərmiş Oruc babası adaşını. Nə hikmətsə, Oruc babanın rəhmətə getdiyinin 40-cı günü nəvə Oruc da şəhidlik zirvəsinə yüksəlib. 
          Oğul dünyaya gətirən ananın sevinci ilə, oğlu şəhid olan ananın kədəri heç nə ilə ölçülmür. 
          Anası Ülviyyə deyir ki, Oruc kimə zəng eləsə  mütləq deyirdi ki, telefonu ana­ma verin. Ailəyə, evinə çox bağlı idi: " Niyə belə vəfasız oldu balam? Neçə aylardır qula­ğım səsdədir, kimsə deyəcək ki, al telefonu, Oruc səninlə danışmaq istəyir. Necə darıxmışam, balam üçün, bir biləsiz..."
          Ailənin od tutub alışan ürəyinə su səpən şəhi­din döyüş dostlarıdı, sağ olsunlar, tez-tez ailəyə baş çəkirlər. İgid, qorxmaz, cəsarətli Oruc haqqında  qü­rur­la danışırlar. Çox böyük ruh yüksəkliyi vardı Oruc­da, tez bir zamanda düşməni məhf edəcə­yik, deyirmiş. 44 günlük müharibə yurd həsrətimizə son qoysa da, anaları, ataları övlad həsrətli qoydu. Ürəyi köz-köz olan ata-anlar, vətən sağ olsun, təki düşmən torpa­ğımızdan rədd edilsin, deyirlər.  
Hər bir şəhid ailəsinə təskinlik üçün söz axta­rırsan, bir anda yaddaşın səni özünlə tək buraxır və özündə güc toplayıb şəhid ailəsinin qapısını döyürsən, həm kədərlə, həm də qürurla! Bu dəfə də Nərimana­bad kəndində Azərbaycan Qarabağ Müharibəsi Əlil­ləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yevlax rayon filialının sədri Elxan Hümbətovla yenidən Orucun ailəsini ziyarətə gəldik. Hər kəs Oruc haqqında gözəl söz demək istəyirdi. Dayanırdıq, din­lə­yirdik, qürurlanırdıq. Ailənin necə bir oğlu olduğu­nu, onu necə sevdiklərini görürdük, Kənd camaatı Oruca və ailəsinə görə evində şadyanalıq, xeyir iş etmirlər. Belə bir milləti məğlub etmək olarmı!?
Nərimanabad kənd qəbristanlığına yollandıq. Elə ilk addımımızda, hamıdan irəli şəhidin məzarı durur.

Bizə necə qürurla baxırdı, sanki: Mən də özüm­lə fəxr edirəm, şəhid olduğum üçün, deyirdi. 
Ruhun aydın, qəhrəman Oruc. Zəfərimi­zin ildö­nümündə  Mü­zəf­fər Ali Baş Ko­man­­dan İlham Əliyevin sə­rən­­camı ilə daha bir ödüllə - "Su­qo­vu­şanın azad olun­ma­­sı­na görə" medalı ilə də təltif olundun.  
  Bir ildən sonra yenə sizdəyəm. Evin havasın­dan tut­muş, insanınacan, əş­ya­sı­na­can hər yer həsrət qoxuyur, Oruc həsrəti. 80 yaşlı Xurşud nənə­nin nəvə həsrəti, acı göz yaşları. Bir zamanlar qoynunda-qucağında bələyib, minbir oxşamayla böyütdüyü körpə quzusu, millətinə tarix dərsi yazıb. Nəvəmi istəyirəm, ondan ötrü darıxıram deyən, nənənin göz yaşlarına mən də tab gətirmirəm.   
Atan Akif, anan Ülviyyə xanımla da danışmaq çox ağırdır. Sevgi, təbəssüm və gözəl günlə­rimizi Orucla birgə itirdik, deyir valideynlərin. Övlad dərdi bellərini büksə, sıxıntı içində yaşasalar da, nikbindilər,nə edək, balamız vətənə lazım idi, o da bor­cunu qanilə verdi, deyirlər. Böyük bacın Gülsü­mün həyat yoldaşı Aqşin İbrahimov müd­­dətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur, kiçik bacın Gülər isə VII sinfə keçib. Əlbəttə, tutun­mağa, ya­şamağa səbəb vardır, ən böyük səbəb isə sənin adınla şərəflə yaşamaqdır. Ata-anan çox böyük nəzakətlə ölkə başçısı, rəsmi qurumlar və qədirbilən xalqımız tərəfindən onlara göstərilən hərtərəfli diqqət və qayğıdan razılıqla danışdılar. Rahat uyu, gözəl şəhidim!   
 
Cabbarov Oruc Akif oğlu ölümündən sonra Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Su­qo­vu­şanın azad olun­ma­­sı­na görə" medalları ilə təltif olunmuşdur. Orucun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31