LƏKƏ- Züleyxa Nadir yazır
19 Yanvar 2022 14:34 SosialZüleyxa NADİR
Əslində ilk gündən yazmaq istəyirdim - Tolik bu millətin qırmızı xətti olan hərbçilərə dil uzadan gündən. Amma yazmadım. Düşündüm ki, yəqin onun dilini kəsən olacaq. Nə yazıq ki, nə onun dilini kəsdilər, nə də özü səsini kəsdi. Əksinə hər gün bir başqa səslə, bir başqa tonla ağzının zibilini dağıtmağa başladı. İyrənc, üfunət dolu sözlərlə utanmadan, çəkinmədən Azərbaycan əsgərini aşağıladı.
Yazıq! Bədbəxt! MAXE-nin kim olduğunu ağlının kəsdirmədiyi bu varlıq anlamadı ki, dilinə, üz-gözünə "bəzək" etdiyi küçə sözləri, ana-bacı söyüşləri dönüb-dolaşıb özünə dəyir. Qorxmadı ki, nəhayət kimlərinsə səbri daşa bilər, səsini və dilini kəsə bilməsələr də, əxlaqsızlıqla assosiasiya olunan yaşam tərzinin qida mənbəyi olan söyüş alətini kəsib özünə yedirdən tapılar - bunu da anlamadı. Nə deyim? Anlamaq dərdi olmayana insan demək özü anlamazlıqdı.
Məhz bu səbəblərdən yazmaqdan vaz keçdim. Bir həftə həmkarlarım yazdılar, danışdılar, göstərdilər, ayrı-ayrı adamlar, hərbçilər, şəhid ailələri ondan üzr istəməyi tələb etdilər. Tolik etmədi, özünü haqlı saydı. Nəhayət dünən üzr istədiblər - zorla. Bax, ağrılı budu, adamın canını yandıran belə üzr istəməkdi. Halbuki Tolikin cəzası qanunla verilməliydi. Tolik nə anlayır üzr istəməkdən? Bir həftə durmadan sən Azərbaycan hərbçisini alçaqcasına təhqir et, sonra da da üzr istə. Məni qınamayın. Mən bunu qəbul etmirəm. Heç özü də ciddi yanaşmır bu üzr istəmək olayına. Deyir ki, vecimə deyil, üç -beş gün danışıb kiriyəcəklər, on gün sonra hər şey unudulacaq, Tolik də yaddan çıxacaq.
Adam kimə arxalanır, nəyə söykənir? Nədi onu bu cür arxayınlaşdıran? Kimdir ona belə səlahiyyəti verən? Bəlkə nə zamansa, bəlkə də bu gün, sabah, lap elə yaxın günlərdə bu sualların cavabı veriləcək. İndilikdə isə onu deyə bilərəm ki, zatən Tolik heç kimin yadında deyil. Normal insan anormal düşüncəli, anormal həyat tərzi keçirən Toliklə niyə maraqlansın ki?! Ona gərə də o, gündəmin tən ortasına atılaraq özünü xatırladıb, "mən burdayam" deyib...
Tolikin dediklərinin hamısını sadalamaqdan vaz keçərək bir cümləsinin üstündə dayanmaq istəyirəm. Deyir ki, MAXE, mən bu xalq üçün etdiklərimin milyonda birini sən etməmisən? Soruşuram: neynəmisən, Tolik? Əlinə avtomat alıb döyüşmüsən? Yoxsa tank belində düşmən üzərinə yerimisən, hərbi helikopter idarə etmisən? Ya bəlkə mənim oğlanlarım kimi sən də Şuşaya qədər 44 günlük döyüş yolu keçmisən? Kəşfiyata gedib düşmən mövqeyindən xəbər gətirmisən? Əsir düşmüsən? Savaşda yaralanmısan? Gözünün qabağında döyüş yoldaşın tikə - parça olub? Şəhid olan əsgər dostunu döyüş meydanından çıxarmısan? Onun qanı bulanmış paltarını hələ də saxlayırsan? Müharibənin qan-qadası yaddaşına hopub? Gecələr səksəkəli yatırsan? Gündüzlər qulağında partlayış səsi ilə gəzirsən? Kantuziya almısan, əlil olmusan, şikəstsən, gözdən məhrumsan, ayaqların protezdi, dilin tutulub? Hər gün ürəyin ağrıyır, qəlbin sızlayır?
Bütün bu sualların cavabında "hə" deyə bilərsənmi? Olsa-ola deyərsən ki, kimlərəsə pul köməkliyi və yaxud da ərzaq yardımı etmisən. Sənin düşüncənlə bu, Vətənə, xalqa xidmətdi, eləmi? Tolik, sənin qazancın nə qədərdi ki, bu qədər yardımlar edirsən? Maaşının yardımlar edəcək qədər çox olduğuna heç kim inanmaz. Bəlkə hansısa biznesin var?! İnanıram ki, o da yoxdu. İş adamı olsaydın çoxdan efirlərdən bağırar, saytlardan boylanardın, pulunun mənbəyini göstərərdin.
Dədə-babandan, yaxud da aparıcılıq və prodüserlik işindən qaldığına da şübhə edirəm. Azərbaycanda prodüsserlik institutu sıfır dərəcəsindədi. Görmüşük ki, prodüser müğənninin çamadanını daşıyır, ən yaxşı halda ona gələn zənglərə cavab verir, toy danışıqlarını həll edir. Bu işlərdən əldə olunan qazancın yoxsullara kömək etməyə imkan vermədiyini ən sadəlövh adam da bilir. Vallahi, sənin yardımına möhtac olan insanlara da adamın yazığı gəlir. Adama nəsə verir, sonra da əlli dəfə başına vurur, yüz dəfə olmazın sözlər deyirsən. Guya ərkin çatır, zarafat edirsən - adını belə qoymusan.
Sən kim olursan ol, Tolik, Azərbaycan hərbçisinin gül üzünə "püff" deməyə haqqın yoxdu. Bu ixtiyarı sənə kim veribsə, Allah onun da bəlasını versin. Görünən o ki, havadarın da sənin tayındı. O da ordunun nə olduğunu anlamır, bəlkə əsgərlikdə olmayıb, hərb sahəsindən zərrə biliyi yoxdu. Yadında saxla: hərbçi sənin üçün müğənni deyil ki, onunla şit zarafatlar edəsən. Nə də İnstaqram, TikTok "qəhrəmanı" deyil ki, canlı yayın açıb onunla ağız-ağıza verib içini boşaldasan. Bu ölkənin hərbçisi müqəddəsdi, toxunulmazdı. Bu dövlətin Müzəffər Ordusuna yan baxa biməzsən. Başının üstündə Zəfər Bayrağı daşıyan hər bir hərbçi - istər müddətli əsgər, istərsə də müddətdən artıq xidmət edən əsgər (MAXE) olsun - sənin rahat yaşaman üçün canını fəda edir. Şəhid qanı ona görə torpağa qarışmayıb ki, sən ağzına gələni danışasan, hərbçini təhqir edəsən. Sonra da zor gücünə, yalandan-palandan üzr istəyəsən. Hərbin yolları nə qədər çətindirsə, o qədər də şərəflidir. Bu yollarda addımlayan hər hərbçinin duyğusuna, düşüncəsinə Vətən sevgisi, Bayraq məhəbbəti hopub. Deyəsən sən bu məhəbbəti anlaya bilmirsən. Vətən sevgisinin müqəddəsliyi səndən çox uzaqdı. Sənin bildiyin, daşıdığın "sevgi" Vətən eşqinə ləkədi.
Tolik, illər öncə efirdən belə fikir səsləndirdin: Azərbaycanda da Hollandiyada olduğu kimi qanun çıxan kimi ərə gedəcəm. Biz səni o gün bu gün ərə getmək həsrəti ilə alışıb yanan biri kimi tanıdıq. Sənin sevgin budu. Sən bəlkə də bu günlərdə artıqlamasilə reklam olundun. Yaxşı bilirsən ki, antireklam daha güclü reklamdı. Qoy bu yazı da son olsun, bir daha səndən yazmasın, danışmasın. Onsuz da son üç-beş gündə uzun müddətə reklam olundun. Hərbçi qüruru, əsgər ləyaqəti, MAXE şərəfi isə sənin üçün reklam məhsulu deyil. O, əlçatmaz bir ucalıqdı.
Sənin davranışın, əxlaqın bu ucalığa ləkədi...