Uşağınıza ad seçirsiniz? Diqqətli olun...
13 Yanvar 2022 13:05 SosialAdların insan taleyində böyük rolu, aurası, missiyası var. Kimin adını və yaxud hansısa mənasını bilib-bilmədiyimiz adı daşımağın da mistik tərəfləri var. İnsanın adının mənası nədirsə, onu həyatının sonuna qədər izləyir. Buna görə də valideynlər uşaqlara ad seçərkən diqqətli olmalı, adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini düşünməlidirlər.
Bəzi ailələrdə cütlüklər artıq ailə quran kimi gələcək övladlarının adına qərar verirlər. Valideynlərinin, tarixi şəxsiyyətlərin, imam və peyğəmbərlərin adından müasir adlara qədər bütün seçimlər nəzərdən keçirilir. Əksəriyyət övladına ad qoyarkən, onun sadəcə doğulduğu zəmanəni əsas götürür, müasir türk adlarından istifadə edirlər. Bununla da, müəyyən yaş dövründən sonra insanın adının qarşısına gələn statuslar qəribə səslənməyə başlayır.
Psixoloq Orxan Oruc-zadənin
sözlərinə görə, zəmanə inkişaf etdikcə, müasir adların qarşısına qoyulan statuslar da qulağa adi gəlməyə başlayır:
"Düzü, insanların düşüncəsi, onların məntiqi, həyata baxışları, inanc sistemləri, hamısı bir-birindən çox fərqlidir. Fərqli baxan, fərqli düşünən, fərqli inancları olan insanlar var. Bizim dilimizdə kifayət qədər maraqlı, başqa dillərdə gülməli və yaxud da başqa dildə gülməli, bizim dilimizdə maraqlı kifayət qədər adlar var. Sadəcə olaraq, o ada hansı mənanın verilməsindən, cəmiyyətin hansı mənanı verməsindən də çox şey asılıdır. Vaxtilə çox populyar adlar artıq yavaş-yavaş köhnəlmiş adlara çevrilir və həmin populyar adlar da vaxtilə özlüyündə müasir adlar olub. Məsələn, bu günümüzdə səslənən adların bir çoxu vaxtilə çox müasir, yeni adlar idi. Elə adlar var ki, biz o adda 60-70 yaşında insanlar tanımamışıq, eşitməmişik, tarixdə görməmişik. Amma bu gün rahatlıqla o dediyiniz statusları - əmi, xala, bibi, dayı sözlərini həmin adların yanına qoya bilirik. Bu zamanın işidir. Bizim üçün bu gün gülməli görsənə bilər, kiməsə "Melisa xala" və ya "Burak əmi" demək. Amma zaman keçdikcə, qulağımız öyrəşdikcə, həmin adlar bizim üçün adiləşdikcə, qeyri-adi adlar sırasından adi adlar sırasına keçdikcə, dediyim statusları da həmin şəxslərin adlarının yanına yerləşdirə biləcəyik. Kiməsə "Burak müəllim" də deyə biləcəyik, "Melisa xanım" da. Bu psixoloji olaraq bir müddət tələb edir ki, insanlar adaptasiya olsunlar".
Azərbaycanda son statistikaya əsasən, ötən il oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1624 uşağa qoyulub. Bununla da, Əli adı il boyu uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb. Bundan əlavə, doğumu qeydə alınmış oğlan cinsindən olanlardan 1548-nə Yusif, 1505-nə Hüseyn, 1486-na Uğur, 1098-nə Məhəmməd, 980-nə Ömər, 868-nə Murad, 741-nə Raul, 705-nə Tunar və 696-na isə Ayxan adı verilib. Qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Ötən il ərzində bu ad 1625 uşağa verilib. Doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1275-nə Zeynəb, 1217-nə Məryəm, 1160-na Fatimə, 1154-nə Aylin, 1105-nə Mələk, 987-nə Nilay, 927-nə Nuray, 813-nə İnci və 750-nə isə Mədinə adı qoyulub.
Beləliklə, 2021-ci il ərzində uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.
Stastikaya istinad etsək, görərik ki, övladlarına imam və peyğəmbər adları verənlər də xeyli çoxdur. Lakin bu nə dərəcədə düzgündür? Uşaq bir qədər böyüdükdən sonra ağızdan əsəblə, hirslə çıxmış təhqir, söyüş bu adlara hörmətsizlik sayılmır? Və ya uşaq ona qoyulan adın nədən qaynaqlandığını öyrənəndə onun məsuliyyətini dərk edə biləcəkmi? Bu adlar onların dini görüşlərinə necə təsir edir?
Psixoloq da qeyd edir ki, psixoloji nöqteyi-nəzərdən uşaqlara imam və peyğəmbər adlarının qoyulması onların gələcəyinə təsir göstərir:
"Onlara qoyulan dini adların hansısa formada təsirinə məruz qalırlar və gələcəkdə inanc seçimində etiqad azadlığının hardasa məhdudlaşdırılması ilə bağlı bir çərçivəyə salına bilirlər. Amma bu heç də gələcəkdə onlara məcburiyyət deyil. Məsələn, Əli adı qoyulmuş kifayət qədər xristian da var, İsa adı qoyulmuş kifayət qədər müsəlman da var. Amma valideynlər sırf adı hansısa dini şəxsiyyətlə əlaqələndirirlərsə və uşaq böyüdükcə onun adının məhz imam Əliyə və yaxud Məhəmməd peyğəmbərə görə qoyulduğunu eşidirsə, sözsüz onun inanc sisteminə təsir göstərməyə də başlayır. Yox, sadəcə, babasının da adı Məhəmməd olduğu üçün onun adı Məhəmməd qoyuldu deyə formalaşmış inanc sistemi ilə böyüyürsə, bu zaman onun çox da dini təsəvvürünə, seçiminə, dini sisteminə o qədər də təsir edir demək olmaz".
Son günlər gündəmdə hər kəsin marağına səbəb olan xəbərlərdən biri də yeni doğulmuş körpələrə qoyulan qeyri-adi, gülməli adların siyahısı idi. Belə ki, ötən il uşaqlara Ayda, Əhmədov, Aydəs, Balış, Diliş, Dərdayıl, Doğru, Dəftər, Gil, Şərbala, Koroğlu və Həci adları verilib. Eyni zamanda, 2021-ci il ərzində iki uşağa Qəribə, iki uşağa Gilə və daha iki uşağa isə Dua adı qoyulub.
Bunlar qeyri-adi səslənən gülməli adların yalnız bir qismi, nisbətən daha mədəni olanlarıdır. Görəsən valideynlər övladlarına belə adları qoyarkən, onların gələcəkdə düşdükləri mühitdə daim diqqət mərkəzində, məsxərə mövzusu olarkən özlərini necə hiss edəcəklərini düşünmürlər?
Psixoloq Orxan Oruc-zadə bunun da insanların həyata fərqli baxışlarından asılı olduğunu qeyd edir:
"Dediyimiz kimi kimsə inancına görə qoyur. Məsələn, çox maraqlı ad qoymaq istəyən bir adam var idi. Həmin insanın uzun illərdir ki, uşağı olmurdu və o əhd eləmişdi ki, uşağım olsa, adını lap filan şey də qoyaram. Adını demək istəmirəm, amma çox gülməli və qəribə ad idi. Uşağın dünyaya gəlməsi təsadüfənmi deyək, ya həyatın bir gedişatının yekun nəticəsi olaraqmı deyək, uzun illər sonra onun uşağı dünyaya gəldi və o özlüyündə fikirləşdi ki, söz verdiyim adı o uşağa qoymasam uğursuzluğa düçar olacam. Yəni, onun inanc sistemi onu məcbur etdi ki, həmin adı uşağa qoysun.
Müxtəlif, fərqli-fərqli səbəblər var. Yəni, heç kim uşağıma kimsə gülsün və yaxud hamı lağ eləsin məqsədilə o adları qoymur. Onun həmin ankı vəziyyəti, psixoloji durumu, məntiqi yanaşması, həyat qavramı və s. onları məcbur edir ki, həmin adları qoysunlar və sizi əmin edirəm ki, həmin gülməli adları qoyan şəxslərlə söhbət aparsanız, görərsiniz ki, hamısının özünəməxsus bir izahı, səbəbi var. Sadəcə, bizim üçün gülməli, qeyri-adi görsənir. Bəzən hətta heyfslənirik ki, insanlar uşaqlara niyə belə adlar qoyurlar. Amma bu indiki zamanda, indiki vəziyyətimizlə və cəmiyyətin ümumi yanaşması ilə baxdığımız bir mövqedir ki, zaman keçdikcə bəlkə də həmin mövqemiz dəyişəcək. Dediyim kimi, bugünkü çox populyar, çox adi adlar var ki, vaxtilə o adlar da qeyri-adi adlar siyahısında idi və insanlar fikirləşirdilər ki, necə belə bir ad ola bilər. Ona görə, bu psixoloji bir məqamdır və sözsüz ki, insanın adları onların gələcək taleyinə, həyatlarına, psixoloji vəziyyətlərinə və s. təsir göstərir. Onların şəxsiyyətinin, xarakterinin formalaşmasına təsir göstərir".
Bəzən valideynlər yeni doğulan körpələrə öz ata-anasının və ya nənə-babalarının adını nəsildən-nəslə ötürmələri üçün valideynlərinin adlarını verirlər. Təbii ki, bu da uşağın gələcək taleyinə təsirsiz ötüşmür. Bir müddət sonra uşaq adının tarixçəsini öyrənəndə özünü şərəfinə adlandırıldığı insana bənzətməyə, onun yolunu davam etdirməyə çalışır.
Mütəxəssisin sözlərinə görə, insanın kimin adını daşımağı onun həmin şəxsi rol model olaraq alması və şüuraltı şəkildə həyatda özünü ona bənzətməsi ilə davam edir:
"Bu baxımdan da adlar çox vacibdir. İnsan var ki, ona babasının adı verilib və o dərk edəndən ki onun adı ilə babasının adı eynidir, canlıdırsa, həmin babasının davranışlarını, xarakterində müəyyən xüsusiyyətləri rol model kimi artıq öz fərdi xüsusiyyətlərinə əlavə etməyə başlayır. Və yaxud rəhmətə gedibsə, tanımırsa, ya da hansısa tarixi şəxsiyyətdirsə, tanınmış ulduzdursa, istər-istəməz həmin şəxsin davranışları, oturuşu, duruşu rol model kimi həmin şəxsin yeniyetməlik dövründə, uşaqlıq dövründə xarakterinə öz izlərini qoyur, təsirini göstərməyə başlayır. Bu baxımdan valideynlər sözsüz ki, dönə-dönə düşünməlidirlər ki, uşaqlarının adları onların gələcək həyatlarına, onların uğur və psixoloji inkişaflarına necə təsir göstərəcək. Bundan sonra artıq ad haqqında qərar verməlidirlər".
Psixoloq həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının qanunu icazə verir ki, əgər 18 yaşına çatmış şəxs öz adını bəyənmirsə, sonradan həmin adı dəyişə bilər, bu hüquqda tanınır:
"Əgər siz Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etsəniz, onlar sizə statistika da təqdim edərlər ki, il ərzində adının dəyişdirilməsi ilə bağlı kifayət qədər müraciətlər olur və öz adlarını dəyişirlər".
Belə çıxır ki, ad insanın taleyinə təsir göstərirsə, taleyi olduğu kimi yaşamaq və ya istədiyi kimi dəyişdirmək insanın öz əlindədir.
Röyalə Xəyal