"Milli-mənəvi dəyərlər dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynayır"

Milli-mənəvi dəyərlər cəmiyyətin inkişafına kömək edən davranış qaydalarıdır

Cəmiyyətin, dövlətin inkişafında milli-mənəvi dəyərlər çox mühüm yer tutur. Bu istiqamətdə ölkəmizdə ən müxtəlif qurumlar və şəxslər tərəfindən çoxsaylı çalışmalar həyata keçirilir. Bu fəaliyyətlərdən biri də "Müasir İnkişaf" İctimai Birliyinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə icra etdiyi "Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək" layihəsidir. Layihənin eksperti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun  elmi katibi, dosent Aygün Bağırlı ilə milli-mənəvi dəyərlər mövzusunda söhbətləşdirk... 

1. Milli-mənəvi dəyərlər dedikdə nə anlaşılır?

- İlk növbədə qeyd etmək lazımdır ki, milli-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çatdırılması cəmiyyətimiz üçün bu gün də öz aktuallığını qoruyub saxlayır. Milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının vahidliyinə, milli şüurunun formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Bəs milli-mənəvi dəyərlər deyəndə nə başa düşülməlidir? Milli və mənəvi düşüncəni özündə ehtiva edən ideologiya, milli tarix, dil, milli-mənəvi mədəniyyət, adət-ənənə, ədəbi nümunələr, incəsənət, milli və dini özünüdərk və digər məsələlər milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir. Bir sözlə, milli-mənəvi dəyərlər - hər bir millətin dil, din və adət-ənənələri üzərində formalaşan, cəmiyyətin inkişafına kömək edən davranış qaydalarıdır. 

2. Milli-mənəvi dəyərlərimiz ədəbi nümunələrimizdə necə əks olunub?

- Məlumdur ki, ədəbiyyat özündə xalqın dilini, təfəkkürünü, baxışlar sistemini, düşüncə tərzini mühafizə edən, əsrlərdən əsrlərə ötürən saxlancdır. Xalqın həm şifahi, həm yazılı ədəbiyyatına əsaslanmaqla onun etnopsixologiyasını, etnocoğrafiyasının hüdudlarını, xəritəsinin sərhədlərini müəyyənləşdirmək mümkündür. Şifahi xalq ədəbiyyatının ən kiçik vahidindən, atalar sözlərindən, tapmacalardan tutmuş epos və dastanına qədər hər bir janrı onun yaradıcısının kimliyi, həyat təcrübəsi, xarakteri, bütövlükdə universal dəyərləri haqqında ilk və tutarlı mənbədir. Bu anlamda çoxəsrlik tarixə malik olan ədəbi nümunələrimiz milli-mənəvi dəyərlərimizin ədəbi-bədii təməli və güzgüsüdür. Hələ erkən çağlarda Azərbaycan türklərinin milli-mənəvi dəyərləri əsasən ümumtürk düşüncə sistemi üzərində inkişaf etmiş, formalaşmış, sonrakı dövrlərdə spesifik xüsusiyyətləri ilə seçilməyə başlamışdır. Qədim və orta əsrlərdə "Dədə Qorqud", "Oğuznamə"lər, "Manas", "Alpamış", "Koroğlu" dastanları, ümumtürk mədəniyyətinin tərkib hissəsi olan dahi şairlərimiz, yazıçılarımız - Nizami Gəncəvi, Yunus İmrə, Əlişir Nəvai, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və digərləri ədəbi düşüncəmizi, mənəvi dəyərlərimizi əks etdirən, bizi dünyada tanıdan ölməz əsərlər yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, vətənpərvərlik hisslərini daim gücləndirmişdir. XIX-XX əsrlərdə də bu ənənə davam etdirilərək milli-mənəvi dəyərlərimizin çoxsaylı ədəbi nümunələri həyata vəsiqə qazanmışdır.  M.F.Axundzadə, Nəcəf bəy Vəzirov, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Əhməd Cavad, Əli bəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Hüseyin Cavid, Səməd Vurğun, Almas İldırım və onlarla digər dahi mütəfəkkirlərimiz milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, gələcək nəsillərə ötrülməsi istiqamətində böyük ədəbi nümunələr yaratmışlar. Müxtəlif xalqlar içərisində özəlliyimizi nəzərə çarpdıran, milli dəyərləri yaşadan bu əsərlərin tədqiqinə, təbliğinə, tədrisinə şərait yaradılmalı, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Fərman Kərimzadə, Məmməd Araz, Xəlil Rza kimi sənətkarların yaradıcılığının  gənc nəsillər arasında təbliği genişləndirilməlidir. 

3. Ədəbiyyatçılarımız mənəvi dəyərlərimizin təbliğində iştirak edə bilirmi?

- Əlbəttə. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən üzü bəri Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda və digər elm-təhsil müəssisələrində çoxsaylı fundamental ədəbi əsərlər yazılmış, xüsusilə də çoxcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin hazırlanıb nəşr olunması milli-mənəvi dəyərlərimizin ədəbi bazasının daha da zənginləşməsinə imkan yaratmışdır. Xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu ili "Nəsimi ili", həmçinin 2021-ci ili ölkədə "Nizami Gəncəvi ili" elan etməsi, bu istiqamtdə kütləvi tədbirlərin keçirilməsinə, ədəbi müstəvidə çoxsaylı elmi əsərlərin yazılmasına genş imkan yaratmış, bunun nəticəsi olaraq milli-mənəvi dəyərlərimizin təməllərini təşkil edən ədəbi nümunələrimizin təbliği imkanları daha da genişlənmişdir. Dövlətimiz tərəfindən 2022-ci ilin "Şuşa ili" elan olunması, eyni zamanda tariximizin, mədəniyyətimizin, ədəbi nümunələrimizin, ümumilikdə milli-mənəvi dəyərlərimizin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğ olunmasında mühüm rol oynayacaqdır. 

4. Azərbaycan dövləti milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı üçün böyük işlər görür. Bir çox təşkilatların bu istiqamətdə fəaliyyətinə maddi və mənəvi dəstək verilir. Bu fəaliyyətləri necə qiymətləndirirsiniz?

- Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və inkişafı istiqamətində atılan istənilən addım, görülən işlər olduqca təqdirəlayiqdir. Bu fəaliyyətlər bir tərəfdən milli-mənəvi dəyərlərimizin elmi bazasını zənginləşdirəcək, həmçinin dəyərlərimizin inkişafına imkan yaradacaq, digər tərəfdən milli-mənəvi dəyərlərimizin gənc nəsil arasında təbliğ olunmasına səbəb olacaqdır. Həyata keçirilən bu layihələr bütövlükdə dövlətimizin siyasi, hüquqi və mədəni-mənəvi təsisatlarının güclənməsini, xalqımızın mənəvi birliyinin qorunmasını təmin edəcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31