TOYUNUN VAXTI DA, YERİ DƏ MÜƏYYƏNLƏŞMİŞDİ-SEYMUR BƏYLİYİ DEYİL, ŞƏHİDLİYİ SEÇDİ
6 Yanvar 2022 10:13 SosialƏminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Bu ailə haqqında mənə danışmışdılar, nə ümidlərlə, sevinclə toya hazırlaşırmışlar. Elə ona görə də şəhid Həsənli Seymur Qələndər oğlu üçün hazırlanan toy bər-bəzəyi evə girən kimi diqqətimi çəkdi. Ürək yanmadan, göz yaşı axıtmadan bu acı tabloya baxmaq mümkün deyil. Ata- ana hər gün bu mənzərəni seyr edir. Qarşımda dərdli ana, dərdli ata dayanıb. Bu ovqat sevimli şairimiz Elçin Mirzəbəyli sayaq məni də yaman ağrıtdı:
Bir bilsən nə qədər yorğunam, allah,
Alan yox bu yükü çiynimdən mənim.
Ruhum əzab çəkir bu dar bədəndə,
Soyundur bu dərdi əynimdən mənim.
Hər şəhid ailəsinin dərdlərindən götürdüklərim elə bir yükə çevrilib ki, daşımağa bəzən gücüm çatmır, sarsılıram, üzülürəm. Tez də özümü ələ alıram, bəs şəhid anası, şəhid atası necə dözür bu dərdə? Axı, qələbə çalmışıq, yağı düşməndən torpaqlarımızı azad etmişik. Elə bir Zəfər qazanmışıq ki, səsi dünyaya bülənd olub. Bu hisslər məni özümə qaytarır. Və hər dəfə əlimdən gələni edirəm ki, şəhid ailələri kimi dözümlü, dəyanətli, mətin olum. Onlar çətin də olsa bunu bacarırlar. Ürəyimdə dediyim bu fikri istər-istəməz pıçıldayıram: "Hər birinizin dözümünüzə qurban olum".
Qələndər və Nigar Həsənovlar Vətən müharibəsində yeganə oğullarını itirən valideynlərdəndir. Böyük itki, böyük dərddir. Hələ itirilən övladın özündən sonra övlad deyilən bir nişanəsi qalmırsa, faciəni təsəvvür etmək mümkünsüzdür. Həsənovlar ailəsinin başı elə əvvəldən çox qeylü-qallı olub. 1993-cü il aprelin 2-də azğın düşmən onları dədə-baba ocaqları Kəlbəcərdən didərgin salıb. Doğma yurdlarını tərk edəndən sonra haralarda qalmayıblar? Qaçqın həyatının onlara yaşatdığı hər müsibəti görüblər. Ancaq sınmayıblar, inanıblar ki, vaxt gələcək yenidən dünya qədər sevdikləri Kəlbəcərə qovuşacaqlar.
...Elə də böyük külfəti olmayıb Qələndər kişinin. Bir qızı və bir oğlu həyatını elə şənləndirib, dünyasını elə zənginləşdirib ki, başına gələn olmazın müsibəti ona unutdurub. Qızı Arzu ali təhsil alıb, ailə qurub, xoşbəxtliyinin sevincini yaşadıb ailəsinə. Seymur da zamanla atasını hərəkətləri, işi ilə qürurlandırıb, son addımı ilə isə ona tək bir kənddə deyil, bütöv Azərbaycanda, böyük bir xalq qarşısında başucalığı gətirib.
Seymur Qələndər oğlu
Həsənli 1993-cü il noyabrın 9-da Bərdə rayonunun Nağılar kəndində anadan olub. Sonradan ailəsi Yevlaxın Malbinəsi kəndinə köçüb və uşaqlığının ən gözəl, qayğısız çağlarını yaşadığı bu kənddə məktəbə gedib. Nizami adına kənd tam orta məktəbini bitirdikdən sonra vətən qarşısında borcunu ödəməyə-həqiqi hərbi xidmətə çağırılıb. Lənkəranda "N" saylı hərbi hissədə xidmət müddətinı başa vurduqdan sonra doğma kəndinə, valideynlərinin yanına qayıdan Seymur çox az vaxtdan sonra yenidən hərbi xidmətə qayıtmağı qərarlaşdırır. Torpaqlar düşmən tapdağı altında idi axı. Seymur saatbasaat, günbəgün böyüyür, böyüdükcə də yağıların başımıza gətirdiyi faciələri dərk edir, dərk etdikcə də bunlarla barışmırdı. Axır ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə yazılır.
Onun işi ilə bağlı gözəl xəyalları, valideynlərinin və nişanlısının da onunla bağlı arzu və istəkləri vardı. "Ay bala, nə qədər ki, həyatdayıq, səni evli, oğul-uşaqlı görmək istəyirik" yalvarışları nəhayət, Seymurun "saqqızını oğurlaya" bilir. 2019-cu ilin 17 noyabrında əqrabalardan birinin Seymurun da bəyəndiyi qızı ilə nişan mərasimi baş tutur. Valideynləri toy tarixini, daha da əlamətdar etmək məqsədilə, Seymurun növbəti ad gününə, 2020-ci il noyabrın 9-na təyin etməyi qərara alırlar...
Dərddən qəddi əyilən şəhid atası Seymurlu günlərin işıqlı xatirəsinə sığınıb: "Çox əsil, ata-ana qədri bilən oğul idi. Onun toyunu görmək anasının da, mənim də ən böyük arzumuzdu. Elə xoşbəxt idik ki, toyun vaxtını təyin etməklə qalmamışdıq, harada keçirəcəyimizi də müəyyənləşdirmişdik. Qismət olsaydı, "Laçın" şadlıq sarayında edəcəkdik toyu. Amma tale bizə tamam başqa qismət yazdı. Bəylik paltarı geyinəcəyi gününü gözlədiyimiz halda, oğlum şəhidlik libasında üstümüzə gəldi... Çox ağırdır, amma düşünəndə ki, ölüm həyatın hər birimiz üçün qaçılmaz üzüdür və mənim oğlum da hansısa təsadüfi ölümlə həyatını itirməyib, şəhid olub, ölməzliyə qovuşub, ürəyim yansa da, qürur duyuram, başımı dik tuturam".
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Seymur Həsənli torpaqlarımızın erməni işğalçılarından azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması naminə başlanan Vətən müharibəsində igidliklər göstərdi. Füzulinin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi. Şuşanın azadlığından bir gün əvvəl - noyabrın 7-də Seymur şəhadətə qovuşdu. Onun nəşi noyabrın 11-də torpağa tapşırıldı. Adına layiq şəkildə qarşılandı şəhid baş çavuş. Həmkəndliləri tərəfindən, bayraqlarla, gül-çiçəklə Yevlaxın Şəhidlər xiyabanında son yolçuluğa uğurlandı.

Şəhidin bacısı Arzunun həyat yoldaşı Zaur: "Vətənini çox sevirdi, ölkə başçısı ilə qürur duyurdu. Sonadək vuruşacağıq, heç birimiz qorxmuruq, qorxmağa da haqqımız yoxdur. Heç bilirsən necə döyüş texnikalarımız var!?- deyirdi.
Yaxın günlərdə yenə şəhidin ailəsini ziyarət etdim. Ana göz yaşları ilə qarşıladı məni, üzündə-gözündə dərin kədər izləri kölgələnib. Ata ocağında Seymurdan yadigar şəkilləri, şəxsi əşyaları, bir də bala dərdi ilə qovrulub-yanan yaşlı ata-ana qalıb. O insanlar ki, bizə əmanətdirlər!
Orda eşitdim ki, Seymurun nişanlısı Günel yenə də onlara gəlibmiş. BDU-nu tarix fakültəsini bitirsə də hələ də işləmir. Nişanlısının ilinin çıxmasını gözləyir. Şəhidin Bakıda yaşayan bacısı Arzunu Daxili İşlər Orqanlarında işlə təmin ediblər. Şəhidin anası Nigar xanıma kənddəki uşaq bağçasında iş təklif olunsa da, istəməyib. Həyat yoldaşının bibisi 115 yaşlı Suca nənəyə qulluq edir.
Həsənli Seymur Qələndər oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Seymurun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!