Xəyallarımdakı Şuşadan gerçək Şuşaya SƏYAHƏT

Azərbaycan Respublikası MEDİA-nın İnkişafı Agentliyindən Qarabağımızın cənnət məkanı Şuşaya səfər olacaq dəvətini eşidər-eşitməz etirazsız, filansız getməyə razılıq verdim. O mənada etirazsız-falansız deyirəm ki, bəzi həmkarlarımız havanın soyuqluğu, Şuşanın dolanbac yollarının qarlı-buzlu olmasından ehtiyat edərək Şuşaya daha münasib vaxtda getməyi məqsəduyğun saymışdı. Əslində onları da başa düşmək olar. Çünki uşaq yaşlarından, eləcə də erməni işğalından sonra qonşuluğumuza köç edən şuşalıların anlatdıqlarından yaddaşımda qalan o olmuşdur ki, noyabr ayından etibarən Şuşaya qalxmaq bir qədər təhlükəli xarakter daşıyır. Bir tərəfdən daim başı dumanlı olan Şuşa dağlarının dolanbac yollarını keçmək çətin olur, digər tərəfdən yolları örtən qar və buz qatı burada hərəkəti çətinləşdirir. Bütün bunlara baxmayaraq Şuşa səfərindən qalmaq, bu dəyərli dəvəti geri çevirmək, yaxud daha münasib vaxtda Şuşaya getməyə üstünlük verməyə düşünürəm ki, mənəvi haqqım da yox idi.

Xəyallarımdakı Şuşa

Birincisi, ona görə ki, ağlımız kəsəndən yalnız xəyallarımızda olan Şuşanı müqəddəs məkan kimi ziyarət etmək üçün gözəl fürsət yaranmışdı və belə bir fürsəti son illərdə bir çox yeniliklərə imza atan, fəaliyyəti, gördüyü işləri ilə həm mediada, həm də cəmiyyətdə rəğbət qazanan MEDİA reallaşdırırdı. Açığı 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə, tarixi zəfərimizdən keçən dövr ərzində bir neçə dəfə dostlarla Şuşaya səfər etmək şansım olmuşdu, lakin sırf məndən asılı olmayan müxtəlif səbəblərdən həmin səfərlərdə iştirak baş tutmamışdı. Həm də həmkarlarımızla birlikdə Şuşaya, müqəddəs ziyarətgaha səfər etməyin tamam başqa özəlliyi və gözəlliyi vardı.

İkincisi, Şuşaya səfərdən ona görə imtina edə bilməzdim ki, bir media təmsilçisi kimi müharibədən sonrakı dövrdə Şuşada həyata keçirilən quruculuq-abadlıq işlərini, eləcə də ermənilərin Şuşada belə törətdikləri vandallıqları öz imkanlarımızdan istifadə edərək beynəlxalq KİV-lərə çıxarmaq öhdəliyi bizim üzərimizə düşür və bu mənada MEDİA-nın təşkil etdiyi tarixi səfər xüsusi önəm daşıyır. Bu arada bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, MEDİA bundan əvvəl də işğaldan azad edilən bir sıra şəhər və rayonlara səfər təşkil edib, jurnalistlər həmin şəhər və rayonlarda törədilən erməni vandallıqlarını öz şəxsi imkanlarından istifadə edərək beynəlxalq KİV-lərə çatdırıblar. Mən də MEDİA-nın Ağdama təşkil etdiyi səfərdə iştirak edərək düşmənin bu şəhərdə törətdikləri vəhşiliklərlə bağlı bir sıra ərəb KİV-lərində məqalə dərc etmişdim. Bu mənada düşünürəm ki, indiki mərhələdə MEDİA-nın işğaldan azad edilmiş ərazilərimizə səfərlər təşkil etməsi olduqca mühüm əhəmiyyətə malikdir. Həmin səfərlərdən qələmə aldığımız təəsüratlarla Azərbaycan xalqının necə sülhbpərvər, qurub-yaradan, yalnız tərəqqi və inkişaf üçün çalışan biri olduğunu dünyaya nümayiş etdirmiş oluruq.

Onu da etiraf edim ki, Şuşaya qədəm qoyana qədər dumanlar şəhərinə gedə biləcəyim mənə yuxu kimi gəlirdi. Yuxarıda da qeyd etdiyim kimi Şuşa yalnız bizim xəyallarımızda canlanırdı. Bir də hərdən xarici media, bloggerlərin qeyri-qanuni olaraq Azərbaycanın işğal altında olan ərazilərinə və Şuşaya etdikləri səfərlər və oradan paylaşılan fotolara baxmaqla təskinlik tapır, eyni zamanda dərindən köks ötürürdük ki, nə vaxtsa Şuşanı azad görə biləcəyikmi? Ancaq 2003-cü ildən bu günə qədər bir çox xəyallar kimi, Şuşanı da azad görmək gerçəyi ilə qarşılaşdıq. Təbii ki, Müzəffər Ali Baş Komandan, Cənab İlham Əliyev və olun qalib ordusu sayəsində. Eyni zamanda xalqın bir yumruq kimi həm Prezident, həm də Ordu ətrafında sıx birləşməsi  nəticəsində. 2003-cü ildən vəhdət təşkil edən bu üçlük azad etdi Qarabağı, onun cənnət məkan Şuşasını.

Şuşanın al günəşi

Müzəffər ordumuzun tarixi qələbəyə doğru istiqamət götürdüyü Zəfər yoluna qədəm qoyar-qoymaz Şuşanın soyuqluğunu hiss edirik. Baxmayaraq ki, Şuşa al günəşə bürünmüşdü və bizi təsəvvür etdiyim domanlı dağlar deyil, gülümsəyən Günəş qarşılayırdı, ancaq yenə də avtobusun içərisində belə Şuşanın soyuqluğunu hiss edirdik. Sanki Şuşanın hələ də tam məskunlaşmayan, düşmən tərəfindən dağıdılan, xaraba qoyulan qala divarlarının soyquluğu üşüdürdü bizi. Az sayda məksunlaşmış insan hərarətinin istiliyi belə bu soyuğun qarşısını almaq aciz idi.

Müharibədən çıxan şəhərin, əyalətin tam obrazını özündə cəmləşdirən Şuşada həyat yenicə qaynamağa başlayır. Hər addımda quruculuq-abadlıq işlərinin həyata keçirildiyi Şuşanın əvvəlki rifahının özünə qayıdacağına əminlik var, ümid var. Bu ümidi yaradan, əminliyi formalaşdıran isə əzimlə görülən işlər, həyata keçirilən tədbirlər və bir də bütün bunlara birbaşa dövlət başçısı tərəfindən olan nəzarətdir. Vətən müharibəsindən keçən dövr ərzində bir neçə dəfə Şuşaya səfər edən dövlət başçısı şəhərdə aparılan quruculuq-abadlıq işləri ilə yaxından tanış olaraq prosesin sürətləndirilməsi üçün öz müvafiq tapşırıq və tövsiyələrini verib. Qısa müddətdə Şuşada Xarı Bülbül, Qarabağ otellərinin istifadəyə verilməsi, tamamilə bərbad vəziyyətə salınan Vaqif məqbərəsinin təmir olunması, şəhərdəki məscidlərdə aparılan quruculuq-abadlıq işləri fonunda bunu aydın görmək mümkündür.

Azərbaycanlı jurnalistlərdən Paşinyana yallı cavabı

Bu gün Şuşaya səfər edən istər yerli, istərsə də xarici ölkə vətəndaşı üçün üz tutulan əsas məkanlardan biri olan  Vaqif türbəsində günümüzdə erməni vandallığından əsər-əlamət qalmayıb və türbə tam bərpa edilib. Məlumat üçün qeyd edək ki,  Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində,bayram şənlikləri və cıdır yarşları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilib. 1982-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılan Vaqif türbəsi erməni silahlı dəstələrinin 1992-ci ildə Şuşanı işğal etdikdən sonra zərər görüb, demək olar ki, tamamilə bərbad vəziyyətə salınıb. 2020-ci ildə Vətən müharibəsində tarixi qələbəmizdən sonra türbə qısa müddətdə bərpa olunaraq yenidən istifadəyə verilib.

Şuşanın əsas məkanları, demək olar ki, simvollarından biri sayılan Cıdır düzü də bu gün rahat nəfəs alır desək yanılmarıq. 1992-ci ildən düşmən tapdağı altında olan Cıdır düzü də erməni vandallığından özünə pay götürüb. Belə ki, Cıdır düzünün kənarındakı cığırın istiqamətində yerləşən Xan mağarası 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb. Ən təəssüf və acınacaqlı məqam isə ondan ibarət olub ki, tarixən cıdır yarışlarının keçirildiyi məlan olan Cıdır düzü 30 ilə yaxın müddətdə ermənilərin murdar hərəkətlərinin, kef məclislərinin keçirildiyi əraziyə çevrilib. Vaxtilə Nikol Paşinyan da məhz Cıdır düzündə erməni konyakından içib yallı gedərək Azərbaycan cəmiyyətini, xalqını sanki təhqir etmişdi. Yeri gəlmişkən MEDİA-nın təşkilatçılığı ilə Şuşada səfərdə olan KİV nümayəndələri elə Cıdır düzündə yallı getməklə Paşinyana öz dilində cavab vermiş oldular.

Şuşanın ən yüksək yerlərindən biri sayılan Cıdır düzü həm də insanın öz dərdi ilə baş-başa qalması, olub keçənləri düşünüb qərarlar verməsi, dünyanın gərdişini-gerdişini götür-qoy etməsi baxımından da qeyri-adi bir məkan sayıla bilər. Hər halda ilk dəfə olduğum Cıdır düzü mənə həmin təəssüratı yaşatdı.

Heyvanların təşəkkür jesti

Bu gün Şuşada düşmənin 30 ilə yaxın xaraba qoyduğu dini məkanlarda da təmir bərpa işləri aparılır. Bunlardan biri də Yuxarı Gövhər Ağa, yaxud Şuşa cümə məscididir.

Şuşa şəhərinin mərkəzi Meydanında yerləşən bu məscid şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Yuхarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həəyata keçirilib. Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılıb, interyerləri demək olar ki, məhv edilib, minarələrinin dekoru zədələnib və çadırvari örtükləri dağıdılıb. 44 günlük Vətən müharibəsindən sonra Şuşanın azad edilməsi ilə Yuxarı Gövhər Ağa məscidi də özünə rahatlıq tapıb və qısa müddətdə burada bərpa işləri aparılıb.

Bu dini məkanın düşmən tapdağından azad edilməsi, onun öz sahiblərinə mənsub olması təkcə insan oğlunu deyil, eləcə də Allahın yaratdığı digər canlılar, heyvanları da razı salıb, məmnun edib desək yanılmarıq. Məsciddə bir neçə həmkarımızın ibadət zamanı pişiklərin davranışları belə fikir yürütməyə əsas verir. Təsəvvür edin məsciddə ibadət edib namaz qılan həmkarlarımız, eləcə də bura ibadətə gələn və hazırda Şuşada məskunlaşan insanlarımız namaz zamanı səcdəyə gedərkən pişik onların əllərini yalayır, sanki Tanrının yaratmış olduğu heyvan da bu müqəddəs məkanın çirkabdan, namərhəmdən xilas edilməsi üçün bizlərə təşəkkür edirdi.

Şuşanın qala divarlarının soyuqluğu

Bir neçə saatlıq Şuşa səfərimiz sanki bu qala şəhərinə bir istilik gətirdi, onun hərarətini artırdı. Şəhərdə bir canlanma yaşandı. Lakin Şuşanı tərk edənə dəqiqələr dəqiqələr qala yenə qala divarlarının soyuqluğu yaşandı. Sanki qala divarları bu istiliyin, bu canlanmanın, insan hərarətinin daimi olmasını bizdən istəyirdi, bizlərin Şuşanı tərk etməməsini arzulayırdı. Ancaq məcburən də olsa biz Şuşanı tərk etməliydik. Gedib yenidən qayıtmaq üçün. Növbəti səfərimizdə insan hərarətindən qala divarlarının isinəcəyini görmək ümidi və əminliyi ilə. Çünki hazırda Şuşada həyata keçirilən qurucluq-abadlıq işləri, Şuşanın geniş tikinti meydançasına çevrilməsi bu əminliyi yaradır.

P.S. Növbəti dəfə Şuşaya səfər zamanı şəhərin girişində Rusiya sülhməramlılarını görməmək arzusu ilə. Onu da qeyd etməmək mümkün deyil. Rusiya sülhməramlıları Azərbaycan hərbiçilərinin yanında yenicə hərbi xidmətə gəlmiş əsgəri xatırladır. Arıq, cəlimsiz, fiziki hazırlıqsız.

Süleyman İsmayılbəyli

Bakı-Şuşa-Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31