Xudafərinə-min illik tariximizə tarixi səfər

Bu günə qədər tarixi abidələr, tarixi yerlər haqqında çox yazmışam. Tarix mənim üçün həmişə ən cəlbedici mövzu olub. İstəmişəm ki, bacardığım qədər bizim əlimizdən zaman-zaman alınan abidələrimiz, tarixi yerlərimiz haqqında əlimdə olan faktlar yetərsiz olsa belə oxucularımıza çatdırım, yeniyetmə və gənclərdə tarixi araşdırmaların aparılması, faktları daha dərindən öyrənməyə həvəs yarada bilim. Tarixin izlərini özündə saxlayan ən xırda daş parçası belə məni həyəcanlandıra bilir və mən onu yaşatmağa, qorumağa hər zaman hazır olmuşam. Bu dəfə isə keçirdiyim hisslər tamam başqa idi. Gözlərimə və hisslərimə inana bilmirdim. Doğurdanmı qarşımdan axan çay Araz çayı idi. Doğrudanmı, qarşımda gördüyüm o əzəmətli körpü Xudafərin körpüsü idi. Dayandığım yerdən görünən mənzərə o qədər əsrarəngiz, o qədər təkrarolunmaz idi ki, mən sanki dayandığım yerdə bir heykəl kimi donmuşdum. Araz min illər öncə necə sakit-sakit axırdısa indi də belə axırdı. Suyu göz yaşı kimi dup-duru idi. Sevinirdi Araz, sevinirdi, çünki onun görüşünə bizlər gəlmişdik, onu əsarətdən xilas edənlərin yaxınları, doğmaları. Gəlmişdik ki, ona söz verək, söz verək ki, bir daha səni düşmənə verməyəcəyik. Bir daha imkan verməyəcəyik ki, sənin suyunda o murdarlar əl-üzünü yusunlar, nəinki, əl-üzünü yusunlar, heç çönüb sənə baxa da bilməsinlər. Babalarımızın əlinin toxunduğu, ayaq izləri tozunda, çınqılında qalan Xudafərin körpüsünü seyr etdikcə kövrəlirik, inanırıq ki, tikilmə tarixi bəlkə də antik dövrə gedib çıxan bu memarlıq incisinin daşını qoyanların ruhu şaddır. Arazdan o taya böylanıram, bir xalqı, bir yurdu, eli-elatı  ikiyə bölənlərə lənət oxuyuram. Tarix heç vaxtı bir yerdə dayanmır. 30 ildə bizlər görəsini gördük. 30 ildən sonra qəhrəman ordumuz bizlərə elə bir zəfər qazandı ki, tarixi həqiqətlərə inamımız artdı. Tarixin, qəhrəman oğulların digər haqsız torpaq işğallarına da nə vaxtsa tutarlı bir cavab verəcəklərinə inamımız  artdı. Arazın suyuna əllərimi toxunduraraq, Xudafərin körpüsünün dayağına söykənərək bu səfəri təşkil edərək bizlərə bir dünya sevinc bəxş edənlərə necə minnətdarlıq etməm barədə düşünürəm.

Bakıdan uzanan yollar

Bir 9 nəfər, ayaqüstə duran insanlar, dağ və təbiət şəkili ola bilər

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyindən   Cəbrayıla səfər edəcək 150-dən artıq QHT rəhbərinin içərisində mənim adımın da olduğunu biləndə çox sevindim. Səfər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə baş tutacaqdı. Səfərin məqsədi 30 il ərzində işğal altında qalan torpaqlarımızda ermənilərin törətdikləri vəhşilikləri QHT nümayəndələrinin yerində görməsi  idi.

Bir 10 nəfər, ayaqüstə duran insanlar və dağ şəkili ola bilər

İlin son günlərindən birində, dekabr ayının 25-də biz səhər tezdən 28 il işğal altında olan, 44 günlük maharibədə   işğaldan azad olunan Cəbrayıl rayonuna yola düşdük.  İşğal altında olan ərazilərdə ermənilərin hansı vəhşiliklər törətdiyini bizlər televiziya ekranlarından görmüşdük, lakin bu yerləri canlı-canlı görmək tamamilə başqa bir hiss-həyəcandır. İşğaldan azad olunan ərazilərin adları yazılan yol lövhələrini görmək özü belə insanı həm həyəcanlandırır, həm də insanda qürur hissi yaradır. Yollar Füzuliyə aparır, yollar Şuşaya gedir, yollar Zəngilana gedir. Qarabağın bağrına dolaşan bu yolları azad edən Ali Baş Komandana və müzəffər ordumuza sonsuz minnətdarlıq hissi ilə Bəhramtəpədən Cəbrəyıl ərazisinə keçirik. Budur qarşımızda azad olunan Maralyan kəndidir. Azad edildikdən sonra Ali Baş Komandan onu Marallı adlandırmışdı.

Bir 5 nəfər, təbiət və dağ şəkili ola bilərUzaqdan İran dağları görünür. Dağlar qarla örtülüdür. Lakin bizim səfərimizi günəşli hava müşayiət edir. Hər kəs dərin sükut içərisində ətrafdakı ürək dağlayan mənzərələri izləyir. Cəbrayılın dağıdılmış, daşı-daş üstündə qalmayan kəndlərini bir-bir arxada qoyaraq biz Xudafərinə doğru irəliləyirik. Yolumuzla Araz arasında bir kilometrlik məsafə olar. Bu dağıdılmış, talan edilmiş kəndlərin taxta-şalbanının, qapı-pəncərəsinin, bir sözlə, işə yarayan bütün hissələrinin qonşu İrana daşınması da heysiyyatımıza bir başqa cür toxunurdu. Doğurdanmı, bu talançılar kiminsə zəhməti ilə qurulan evlərdən daşıdıqları ilə xoş güzəran quracaqlarına əmin idilər. İnanmıram, inanmıram ki, içərisinə buradan tərkivətən edilən insanların ahu-fəryadı hopan o yurd yerlərimizdən daşıdıqlarından bir xeyir tapalar. Biz irəlilədikcə yol boyu bu təsirli, kədərli səhnələrlə yanaşı azad olunmuş torpaqlarımızda gedən infrastruktur işlərini də görürdük və bu da bizdə sonsuz fərəf hissi yaradırdı.

Bir 7 nəfər və təbiət şəkili ola bilər

Qarabağa yollar çəkilir

Bəli, torpaqlarımız işğaldan azad olunduğu ilk gündən bu yerlərdə ən müxtəlif layihələr həyata keçirilməyə başladı. Bunlardan ən önəmlisi işıq və yol infrastrukturu idi. Biz irəlilədikcə görürdük ki, energetiklərimiz bir il ərzində buralarda öz işini başa çatdıra biliblər. Yol inşaatçılarımız isə böyük əzmkarlıqla işlərini davam etdirirdilər. Cəbrayıl ərazisində bir-neçə yol tikinti təşkilatı ilə rastlaşdıq. Onlar gecə-gündüz çalışırlar. Yüzlərlə texnika çalışır. İşlərin ardıcıllıqla həyata keçirilməsi üçün yol işçilərinin bu fədakar əməyini qeyd etməmək haqsızlıq olardı. Onlar 30 il işğal altında qalan torpaqlarımıza yol çəkirlər. Bu yol Cəbrayıldan Zəngilana, oradan Qubadlıya, bir sözlə qədim Naxçıvana qədər uzanmalıdır. Körpülər salınır, yol qovşaqları tikilir, dünyanın ən müasir yol tikintisində hansı infrastruklar inşa olunursa burada da eynən həmin tikintilər aparılır. Heç bir il keçməz ki, salınan bu gözəl yollarla bu vətən torpaqlarına ən müxtəlif layihələr gələcək və bu torpaqlara yeni həyat qayıdacaq.

Bir 6 nəfər, su kütləsi və təbiət şəkili ola bilər

Xudafərin üçün dağları aşdıq

Xudafərini Bakıdan hardasa 400 kilometrlik bir məsafə ayırır. Xudafərin elə bir yerdir ki, burada Azərbaycan xalqının min illik, bəlkə də daha qədim tarixi yaşayır. Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir. Xudafərin körpüsü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyır. Araz çayının ən dar, qayalıqla əhatələnən yerində inşa edilmiş ilk körpü VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlayaraq, XIX əsrə kimi fəaliyyət göstərmişdir. Kərpic körpü isə XII əsrdə tikilmişdir.

Bir 11 nəfər, abidə və təbiət şəkili ola bilər

Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.

Bir 1 nəfər, ayaqda, su kütləsi və təbiət şəkili ola bilər

Bu yerləri igid əsgərlərimiz necə azad edib. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Qüvvələrinin zabiti kapitan Sənan Mirzəliyev Xudafərin körpüsünün azad edilməsi əməliyyatından danışaraq deyib: "Xudafərinin azad olunmasına Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətindəki tapşırıqla başladıq. Tapşırığımız bu ərazilərdə olan yüksəkliklərin götürülməsi olduğu üçün çalışırdıq ki, düşmən mövqelərindən yan keçək. Ona görə də pilotsuz uçuş aparatlarından (PUA) istifadə olunurdu və rabitə vasitələri ilə yönləndirilirdik. Düşmənin müəyyən qruplarından yan keçərək bu yüksəkliklərin üzərinə gəlib yerləşdik. Biz ilkin dozor qrup kimi gəlmişdik. Burada icra etdiyimiz əməliyyat uğurlu əməliyyatlarımızdan biri idi. Həm ərazimizi azad etdik, həm də bu əraziyə itkisiz daxil olduq. Burada körpünün alt tərəfində yaradılan bunkerdə düşmən qüvvələri var idi. Uğurlu əməliyyatla həmin qüvvələr də məhv edildi və Xudafərin körpüsünə Azərbaycan bayrağı sancıldı".

Bir 1 nəfər, ayaqda və açıq hava şəkili ola bilər

Bəli, igid əsgərlərimizin azad etdikləri Xudafərin körpüsünə getmək üçün onu üzük qaşı kimi əhatə edən dağların arasından keçirik. Bəzi yerlərdə hətta avtobusun keçə biləcəyinə şübhə edirdik, lakin sürücülərimizin məharəti bizi hər cür təhlükədən qorudu. Araz su anbarı, bu su anbarının üzərində tikilən su elektrik stansiyası və bir az aşağıda o gözəlim Xudafərin körpüsü. Biz hündürlükdən gəldiyimiz üçün körpünü bütün əzəməti ilə görə bilirdik. Tanrıya şükr edirdik ki, bizə bu günü nəsib edib. Bu səfər cəmi bir gün, Xudafərində olmağımız isə bir saat çəksə də bir ömür boyunca xatırlanacaq təəssüratımız var idi.  Səfər yoldaşlarımın hər birinin mənim keçirdiyim hissləri keçirdiyinə şübhəm yox idi. Bizlər sanki ən əziz adamımızla görüşürdük. Xudafərin də, Araz da sevinirdi desəm heç də səhv etmərəm. Onlar əsarətdən xilas olmuşdular, bu yerlərin əsil sahibləri bu gun bu yerlərin ziyarətinə gəlmişdi. Biz qədim tariximizlə görüşürdük, babalarımızın əl izləri olan memarlıq incisi Xudafərin körpüsünə çiyin verərək ondan güc almağa çalışırdıq. Zaman isə sürətlə irəliləyir, təşkilatçılar qayıtmaq vaxtı olduğunu bildirirdilər. Xudafərindən özümüzlə yadigar olaraq çəkdiyimiz saysız şəkilləri, onun girişində ucaldılan və Arazın sularında bərq vuran üşrəngli möhtəşəm Azərbaycan bayrağının bizlərə verdiyi qürur hissi ilə ayrılırdıq. Avtobus Arazboyu irəlilədikcə ürəyimizdəki qübar hissi də çoxalırdı, sanki, ən əziz adamımızı arxada qoyaraq gedirdik. Yollar isə bizi erməni vandallarının törətdiyi daha bir vəhşiliyi görmək üçün Cəbrayılın özünə aparırdı.

Bir 7 nəfər, ayaqüstə duran insanlar, təbiət və dağ şəkili ola bilər

Dostluq bulağı yenə çağlayacaq

Bu bulaq Cəbrayılın özündədir. Biz "vəhşi qəbilənin" əl işi olan dağıdılmış kəndlərdən keçərək  Cəbrayıla gəlirik. Artıq çınqıllı yolla yox, yeni çəkilmiş yolun tamamlanan hissəsi ilə irəliləyirik. Cəbrayılı  görərkən bizlər necə dərindən bir ah çəkdiksə cəbrayıllılar görəndə necə olacağını təsəvvür belə etmək istəmirəm. Bura sanki ruhlar şəhəridir. Salamat heç nə yoxdur. "Dostluq bulağı" vaxtilə cəbrayıllıların fəxr etdikləri bir ünvan olub. Bu bulağın suyu olub, bu bulağın qonağı-qarası olub. İndi o cəh-cəlaldan geriyə   "Dostluq bulağı" sözləri və dağılan divarı qalıb. Onun önündə şəkil çəkdiririk. Artıq axşam düşmüşdü. Biz Cəbrayıldan qayıdanda qarşıdakı dağları toran bürümüşdü.

Bir dağ və təbiət şəkili ola bilər

Bir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Bir açıq hava şəkili ola bilər

Bir 6 nəfər, ayaqüstə duran insanlar, abidə və açıq hava şəkili ola bilər

Video

Qarabağa ikinci səfərim beləcə başa çatdı. Bu adi səfər deyildi. Bu səfərdə bizlər, vətəndaş cəmiyyəti iştirakçıları bir daha özlərini  az qala dünyanın ən humanist, ən bəşəri xalqı adlandıran ermənilərin  "humanizminin" canlı şahidi olduq. Qəribə paradoks idi. Bir tərəfdə erməni  vəhşiliyinin tarixdə yaşayacaq izləri, bir tərəfdə isə qurub-yaradan Azərbaycan xalqının gördüyü işlər. Bax, budur həqiqət, bizlərin bütün dünyaya göstərməyə borclu olduğumuz həqiqət.    

Elmira Mehdiyeva,

"Yeni Fikir" Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31