"Boşanmaların əsas səbəbi sosial ehtiyaclardır"

Təəssüf ki, günümüzdə boşanma hallarının artması kimi problemlər müşahidə edilməkdədir. Erkən nikah, valideynlərin zorla övladlarını ailə qurmağa məcbur etməsi, qızların sadəcə ailələrindən "qurtulmaq", "azad olmaq" üçün ailə qurmaları, eləcə də digər bu kimi sosial problemlər ölkədə boşanma hallarının ildən-ilə artmasına səbəb olur.

Son statistikaya əsasən, Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı artıb. Belə ki, əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,4-ə, boşanmaların sayı isə 1,4-dən 1,7-yə qədər artıb. 36 063 nikaha daxilolma və 11 313 boşanma halları qeydə alınıb.

Təbii ki, qurulan ailələrin Azərbaycanda belə tez dağılması, cütlüklərin yollarını ayırması müzakirə ediləsi haldır. Boşanmaların sayının artması sağlam cəmiyyət formalaşmasına, ailə dəyərlərinin inkişaf etməsinə xələl gətirir.

Boşanma hallarının artması kimi bir neçə faktorlar əsas götürülə bilər. Düşünürəm ki, bunların ən başlıcası elə maddi problemlərdir. Əsasən, qadınlar ailə qurduqdan bir müddət sonra bu problemə dözə bilməyib ayrılırlar. Və ya iki tərəfdən biri digər ilə maddi durumuna görə evlənir. Evlilikdən bir müddət sonra şərtlər dəyişəndə artıq qarşı tərəf partnyoru ilə yollarını ayırır.

Cütlüklər boşanma həddinə çatana qədər bir sıra mərhələlərdən keçirlər. Bir qismi həqiqətən ailəsini xilas etməyə çalışır. Bəs cütlüklər hansı hallarda son çarəni boşanmada görürlər? Mütəxəssislər üçün əsas götürülən boşanma səbəbləri nələrdir?

Sosioloq Sahib Altay deyir ki, bütün insanlar eyni xarakterə, şəxsiyyətə, mənəvi dəyərlərə, iradəyə, psixoloji potensiala sahib olmadığı üçün, eyni səbəblər bütün cütlükləri ayıracaq və ya bir arada tutacaq səbəb kimi dəyərləndirilmir:

"Boşanmaların əsas səbəbi cütlükləri bir araya gətirən dəyərlərdir, sosial ehtiyaclardır. İnsanların bir-birinə olan ehtiyacı, onları birləşdirən dəyərlər aradan qalxdıqda onlar bir arada olmurlar. Ümumi anlamda ailələrin dağılmasının əsas səbəbləri kimi qısqanclıq faktoru, xəyanət, anlaşılmazlıq, valideyn təsiri və ailənin maddi tələbatlarının ödənilməməsi, işsizlikdən və ya yetərincə qazancın olmamasından dolayı yaranan psixoz, münaqişələr göstərilir".

Əlbəttə ki, boşanma hallarında hər iki tərəfin müəyyən qədər səhvləri olur, bu yükü sadəcə bir nəfərin üzərinə atmaq düzgün çıxmaz. Lakin, fikrimcə, əsasən "mentalitet" anlayışını yanlış anlamaq, sırf əyninə bəyaz gəlinlik geyinmək məqsədi xanımlarımızı sonda boşanma prosesinin iştirakçısına çevrir. Necə deyərlər, "qonşudan dala qalma" deyimi çoxlarının evini yıxır. Günümzdə hər şeydə, bütün mövzularda "qonşudan dala qalma" deyimi var, evlənmə söhbətində də həmçinin. Gülünc səslənsə də, "filankəs məndən daha çirkindi, o evləndi, mən qaldım", "evləndikdən sonra istədiyim hər şeyi geyinəcəm, hər yerə gedəcəm", "evlənim qaşımı alacam, saçımın rəngini dəyişəcəm" kimi fikirlər kor-koranə evliliyə gətirib çıxarır. Evlilikdən sonra bunların heç biri edə bilməyən qadın çarəni ayrılmaqda, "azad" yaşamaqda görür. Lakin, Sahib Altay deyir ki, boşanmanı reallaşdıran əsas tərəf kimi qadınların göstərilməsi yanlışdır:
"Bu, hər iki tərəfdən asılı olan bir aktdır. Elə hallar var ki, o hallarda boşanmadan başqa çıxış yolu qalmır. İki nəfər doğrudan da bir evin içərisində birlikdə yaşaya bilmirsə, onların birlikdliyi özlərinə və övladlarına travma yaşadırsa, bu zaman boşanma faciə deyil, əksinə, tərəflərin hər ikisi və üçüncü tərəf - övladlar üçün daha uyğun çıxış yoludur. Daha öncə qeyd etdiyim kimi, elə səbəb var ki o ümumiyyətlə hansısa qadın və ya kişi üçün boşanma səbəbi deyil, hansısa insan üçün ciddi səbəbdir. Bizə adi gələn səbəblərdən dolayı kimlərsə boşanırsa, deməli, həmin insanlar üçün bu səbəb ciddidir. Həmin səbəb, onların bir-birinə və qurduqları ailəyə verdikləri dəyərdən daha üstündür".

Bu günki zəmanədə elə bir ailə yoxdur ki, ora valideyn müdaxiləsi olmasın. Təəssüfedici haldır ki, boşanma səbəblərindən biri sırf valideyn məsləhəti ilə iki yad gəncin bir-biri ilə həyatlarını birləşdirməsidir. "Bizim seçim şansımız yox idi, atamız kiminlə istəsə, onunla evlənərdik" deyən valideynlər öz övladlarını da bu düşüncənin qurbanına çevirirlər. Ayrı-ayrı ailələrdən, mühitdən gələn, fərqli tərbiyə görən cütlüklər bir-birinə tamamilə yad ikən, bir anda özlərini eyni evin içində, bir masanın arxasında tapırlar.

Sosioloq bu məsələyə də öz fikrini bildirdi:

"İndi hamının dilində tez-tez təkrarlanan bir anlayış var - inkişaf. İnkişaf müsbət nəticələrilə birlikdə insanın həyat tərzinə yeni şərtlər gətirir. Hər şey "bizim vaxtımızda belə deyildi" deyəcək qədər asan deyil. İnkişaf getdikcə fərdlərin də, ailələrin də maddi və mənəvi tələbatları artır. Məsələ yeni dövrə və şərtlərə uyğun insan yetişdirməkdir. Biz istəyirik ki, həm dövrümüzə qədər gəlib çatmış ailə modelini və mənəvi dəyərləri mühafizə edək, həm də yeni dövrün maddi imkanları çərçivəsində rahat yaşayaq. Bu, mümkün deyil. Azərbaycanlı ailəsində övlad valideyndən sosial asılıdır. Ayrıca, təhsilimiz də fərd yox, əzbərçi və təqlidçi insan yetişdirir. Nəticədə yeni qurulan bir çox  ailələrin də təməli yarımçıq qurulur. Valideyndən sosial asılılığın birinci tərəfi maddi asılıqlıqdır, ikinci tərəfi düşüncə asılılığı və psixoloji basqı. Azərbaycanlı ailəsi bu gün fərd yetişdirmir. Və fərdiyyəçiliyin tendensiyaya çevrildiyi bir dövrdə fərd yetişdirməyən mühitdə peşə əxlaqını, ictimai məsuliyyəti, fərdi məsuliyyəti, ailə şərtlərini tam anlamadan ailə quran, əmək fəaliyyətilə məşğul olan, ictimai mühitə faydası toxunmayan insanlar ortaya çıxır".

Əksər hallarda cütlüklər arasında sosial problemlərə dözə bilməyən partnyor ayrılmaq təklifini irəli sürür. Sosial problem dedikdə isə, əksəriyyət yalnız maddiyyat başa düşür. Lakin, sosioloqun fikrinə görə bu belə deyil:

"Bu məqamı burada xüsusilə qeyd etməliyəm. "Sosial" ifadəsi bizim ölkəmizdə yanlış anlaşılır, sosial problem dedikdə, yalnız maddi problemlər başa düşülür. Xeyr, bu, belə deyil. İnsan təbiətdəki digər canlılardan fərqli olaraq, bioloji olması ilə  yanaşı, həm də sosial canlıdır. İnsan sosiallığını əhatə edən bütün məsələlər və bu məsələrlə bağlı problemlər elmdə sosial problem hesab olunur. Əgər siz yalnız sosial problem dedikdə maddi problemləri nəzərdə tutursunuzsa, bəli, maddi problemlər ailələrin dağılmasının əsas səbəbinə çevrilə bilir. Cinslərarası münasibətlər müxtəlif mərhələlərdən keçir.Tanışlıq, dostluq, sevgililik mərhələsində cütlüklər birlikdə vaxt keçirir və daha çox romantik duyğuların təsirində olurlar. Ailə mərhələsi isə tamam başqa həyat tərzidir. İlk növbədə ailə böyük məsuliyyətdir. Mənəvi tərəfləri ilə yanaşı həm də ciddi maddi istiqamətləri var. Xüsusilə, valideynlik mərhələsində münasibətlərin istiqamətləri dəyişir. Cütlükləri bir-birinə bağlayan dəyərlər arasına yeni bir dəyər əlavə olunur - övlad. Bu vaxt bir-birindən diqqət tələb edən qadın və kişi, həm də ata və ana olaraq övlada qarşı da eyni diqqəti tələb edirlər. Valideyn olduqdan sonra sən qadının üçün necə kişisənsə, həm də övladın üçün eyni tərzdə diqqətcil ata, ərin üçün necə qadınsansa, övladın üçün eyni tərzdə qayğıkeş ana olmalısan. Ailənin maddi tələbatları üzərinə övladın da tələbatları yüklənəndə maddi ehtiyac artır. Və bu maddi ehtiyaclar heç olmasa, minimum səviyyədə ödənilmədiyi təqdirdə cütlüklər arasındakı münasibət balansı pozulur. Ailə qurmamışdan öncə tərəflər ailənin nə olduğunu dərk etməli, onun maddi tələbatlarını hesablamalı, bunu öz qazanclarıyla uzlaşdırmalı və sonra ailə qurmalıdırlar".

Çox vaxt aşkar edilməsə də, boşanma səbəblərində intim münasibətlərin rolu danılmazdır. "Ölmədən qucağıma nəvə almaq istəyirəm" düşüncəsinin cütlüklər üzərindəki basqısı onları geridönüşü olmayan yollara salır. Tərəflərin bir-birinə adaptasiya olmadan uşaq sahibi olması, qadınların dünyaya övlad gətirdikdən sonra bütün meylini, sevgisini uşağa ötürüb yoldaşına vaxt ayırmaması, kişinin özünü ikinci planda hiss etməsi, intim münasibətin ortadan qalxması boşanmaya gətirib çıxarır.

Sosioloq Sahib Altay da bu fikri təsdiq edir:

"Boşanmadan öncə münasibətləri süzgəcdən keçirək. Adını "sevgi" qoyduğum hissin tərkibi bir az qarşılıqlı diqqət və hörmət, bir az xarakter və düşüncə uzlaşmasıdırsa, ən mühim tərəflərindən biri də seksual cəlbedicilikdir. Mental toplumlarda insanların yeganə seksual azadlığı ailədə təmin olunur. Mentalitetə görə, nikahdankənar intim münasibət əxlaqsızlıq hesab edilir. Bu gün boşanma məhkəmələrində hər nə qədər gizlədilsə də, xeyli boşanma aktı var ki, cütlüklərin ayrılma səbəbi sırf intim münasibətin ortadan qalxmasıdır. Cütlükləri bir-birinə bağlayan əsas dəyərlərdən biri də insanda təkcə nəsilartırma instiktinə deyil, həm də davamlı seksul həzzə hesablanmış intim münasibətdir. Cütlüklər arasındakı seksual cəlbedicilik ortadan qalxdıqda, bu, boşanmaya gətirib çıxara bilir".

Sosioloq həmçinin bütün bunların fonunda boşanmanın ümumi səbəbi və qarşısının alınması üçün uşaq yaşlarından alınacaq tədbirlərə bir əlavə etdi:

"İnkişaf özü ilə birlikdə yeni insan modeli yetişdirir. Cinslərarası münasibətlərlə, iqtisadi quruluş düz mütənasibdir. Soisalizmin məhsulu olan insanla, kapitalizmin məhsulu olan insan eyni deyil. Dövrümüzə kimi gəlib çatmış ailə modeli artıq əvvəlki təsirini itirməkdədir. Və ən əsası insanlar bir-birinə qarşı əvvəlki dövrlərdə olduqları qədər fədakar və dözümlü deyillər. Bu da yeni insan modelinin göstəriciləridir.

Fikrimcə, insanların qurduğu sosial modellər və onlara təlqin olunan sosial dəyərlər, insanın bioloji tələbatlarına, təbiətinə uyğun olmalıdır. Uşaq yaşlarından onlara nəyisə birbaşa təlqin etməyin tərəfdarı deyiləm. Onları müstəqil, sağlam fərd, şəxsi və ictimai məsuliyyəti dərk edən fərdlər olaraq yetişdirmək lazımdır, öz qərarlarını özləri verəcəklər".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31