“Təhsilin o qədər problemi və nazirdən soruşulası o qədər suallar var ki...”
23 Dekabr 2021 12:10 SosialTəhsil naziri Emin Əmirullayevin təhsil sahəsindəki problemlərlə bağlı verdiyi son açıqlama ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Nazirin xüsusən, orta məktəblərdə valideynlərdən pul yığılması ilə bağlı açıqlaması cəmiyyətin narazılığına səbəb olub. Bəs, təhsil sahəsindəki uzun müddətdən bəri mövcud olan problemləri necə aradan qaldırmaq olar?
Hüquqşünas Habil İcgəndərov bildirib ki, nazirin açıqlamasını hoydu-hoyduya ya götürməkdənsə, problemli məsələlərə köklü yanaşmağa cəhd etsək daha yaxşı olar: "Əslində məktəblərdə valideynlərdən pul yığılması təhsilin əsas problemi deyil. Orta məktəblərdə təhsil və tədrisin mövcud problemləri sırasında pul yığılması həlli daha asan olan sadə məsələdir.Təhsilin o qədər problemi və nazirdən soruşulası o qədər suallar var ki... Həm də bu sualların cavabını nazirdən soruşmaq imkanımız olsa. Nazir həmişəki kimi səmimi danışmaq istəyib. Ancaq "könüllü qaydada pul yığılmalıdır" demək istəməyib. Demək istəyib ki, "məcburi qaydada pul yığılmamalıdır!" "Könüllü və şəffaf mexanizmlərin" olmaması isə nazirin açıqlamasına haqlı qıcıq yaradır. Nəyə görəsə, fikrini birmənalı şəkildə ifadə etməyə məmurlar, xüsusən, səlahiyyət sahibləri ürək eləmirlər. Məsələn, nazir deyə bilərdi ki, hər hansı ad altında məktəblərdə pul yığılması qanunsuzdur və olmaz! Yaxud deyə bilərdi ki, dövlətin dəstəyilə yanaşı, valideynlər də məktəbə könüllü qaydada yardım edə bilərlər. Ancaq bunun mexanizmlərini biz hələ təşkil etməmişik, gələcəkdə bunu filan qaydada düşünürük. Bunu da "qaydalarla" deyil, qanuni əsaslarla tənzimləmək lazımdır. Ancaq səmimiyyətindən ifadəsi müzakirə mövzusuna çevrildi. (Məmur nə qədər səmimi olmalıdır?) Biz isə təhsildəki problemləri arxa plana ötürüb, nazirin açıqlamasını müzakirə edirik. Müqayisələr aparırıq, əvvəki nazirlərlə indikini. Emin Əmirullayev hər mövzuya açıq görünür. Eyni zamanda, mahiyyəti üzrə təhsilin hansısa qlobal probeminə toxunduğunu da görməmişik. Menecmentə aid ümumi ifadələrlə müşayiət olunan açıqlamalardan valideyn olaraq təhsilin gələcəyinə dair ümidli bir şey eşitməmişəm. Vətəndaş hansısa mücərrəd konsepsiyalar haqqında rabitəsiz çıxışları yox, gündəlik müşahidə etdiyi problemlərin real həllini görmək istəyir.
Ümumiyyətlə, cəmiyyət və fərd olaraq biz problemin özünü görmək istəmirik. Yuxarıdan-aşağıya hamımız beləyik. Yaxud problemləri dilə gətirməkdən çəkinirik. Təhsilin problemlərini yalnız pul yığılmasında görmək və nazirin mütləq şəkildə bu məsələdə nəsə yeni bir söz deməsini gözləmək qədər dayazdan gedirik. Pulun məbləği çoxdurmu, hər valideyn bu pulu verə bilirmi, bir ailədən 3 uşaq məktəbə gedəndə valideyn necə çatdırsın və s. daha çox müzakirə mövzusudur. Məktəbə kömək etmək borcumuzdur - deyib, haqq qazandıranlar da var. Cəmiyyət olaraq ortaya mövqe qoya bilmirik ki, valideynlərdən, özü də şagirdlər vasitəsilə pul yığılması təhsilin də, məktəbin də evini yıxır. Birmənalı olaraq, müəllimlərin hər hansı ad altında pul yığmasının qarşısı alınmalıdır. Bu, qeyri-qanuni olmaqla bərabər, məktəb-ailə, müəllim-şagird-valideyn münasibətlərini kökündən sarsıdan neqativdir! Bu qədər sərt və birmənalı yanaşması olmalıdır hökumətin. Pul yığılmasına dair istənilən xəbər həyəcan siqnalı olmalı və cəzalandırılmalıdır. Cəzalandırılma üçün mexanizmlər var. Şagirddən və ya valideyndən pul alan müəllim(ə) vəzifə funksiyalarından sui-istifadə etmiş olur, aldığı məbləğə görə məsuliyyəti müəyyənləşə bilər. Təhsil Nazirliyi, hökümət düşünməlidir ki, valideyndən pulu alıb müəlliminə verən uşağın məktəb, tədris, müəllim, direktor barəsində düşüncələri necə formalaşır? Dəbdə olan sözdür, təhsil nazirlərinin hamısı deyirdi, indiki də deyir, məktəbin əsas məqsədi vətəndaş yetişdirməkdir.
Hansısa adla müəllimə pul verən şagirddən yetişəcək vətəndaş necə olacaq? Şəxsən mən valideyn olaraq, təmir, ləvazimat (süpürgə, silgi, kağız, kartridc və s) adları altında, bayramlar münasibətilə pul yığan müəllimə hörmətlə yanaşa bilmərəm. Onu buna direktorun məcbur etməsini, direktorun isə kiminsə təzyiqilə bunu etməsini dəfələrlə eşitsəm də, qəbul edə bilmirəm. Birmənalı olaraq, belə hallar müəllim-məktəb, hətta, nazirlik və hökumət haqqında neqativ düşüncə formalaşdırır. Qayıdaq əvvəldə dediyim o fikrə ki, təhsilin problemləri isə təkcə pul yığılması deyil. Ölkənin orta təhsil sistemi yox dərəcəsindədir. Dərsliklərin, təhsilin keyfiyyətsizliyi barədə deyilənlərə əlavə olaraq, müəllim-şagird, müəllim-valideyn münasibətlərində uçurum var. Məktəb təlim-tədris funksiyasından ilbəil uzaqlaşır. Hansı sistemi gətirirlər gətirsinlər (bir zamanlar fəxrlə baloniyadan danışırdılar) məktəb bilik verən, vətəndaş yetişdirən ocaq funksiyasından çoxdan çıxıb. Məktəb sözün əsl mənasında və yalnız icbari prosedura çevrilib. İcbari təhsil qanunun tələbidir, ali məktəbə qəbul olmaq üçün attestat almalısan. Təəssüf ki, məktəbin əhəmiyyəti bununla məhdudlaşır indi.
Məktəb tədris vermir, bilik vermir. Əksini iddia edənlər, Təhsil Nazirliyi izah etsin ki:
- Niyə məktəbəqədər hazırlıqdan başlamış abituriyent qəbuluna qədər - hamı, hər valideyn uşağını repetitor yanına göndərir?
- Repetitor hazırlığı keçməyən şagird nə məktəb proqramını mənimsəyə bilir, nə də qəbul imtahanını verə bilir. Niyə? Təhsil Nazirliyi çıxış yolu axtarırmı?
- Repetitorluğun bu qədər inkişafında Təhsil Nazirliyi özünü heçmi günahkar bilmir?
- Dərsliklərin keyfiyyət(sizliyi)inə dair bu qədər iradlardan, tənqidlərdən sonra, eyni səhvlərin təkrarlanmasının səbəbi nədir?
- Olmazmı ki, dərslik hazırlanmasını və çapını biznes marağından deyil, tədris, təhsil, bilik vermək (almaq) marağından düşünsünlər?
- İbtidai siniflərdə (paytaxt məktəblərində) 30-40 uşağın cəmlənməsinin təhsilin (tədrisin) keyfiyyətini məhv etməsini anlamaq çoxmu çətindir? Axı 45 dəq ərzində 1 müəllimə 30-40 uşağa hansı bilikləri necə öyrədə bilər? Repetitorluğu zəruri edən hallardan biri də bu deyilmi?
- Şagirdlərin dərs yükü, keçilən fənlərin, mövzuların səmərəsi barədə mütəxəssisləri, pedaqoqlar, sahə mütəxəssisləri nə düşünür? Doğrudanmı hazırki dərs yükü və fən çoxluğu ilə gələcək mütəxəssis və vətəndaş yetişdirmək mümkündür?
- 1-ci sinifdən başlayaraq iş dəftərləri, əlavə vəsaitlər, hər fəndən bir neçə müəllifin müxtəlif test toplularını aldırıb şagirdləri yükləməyin məqsədi nədir?
- Məktəbləri qapalı müəssisəyə çevirməkdə məqsəd nədir? Valideynlərin iştirakı ilə açıq dərslər niyə keçirilmir? Müəllim-valideyn kommunikasiyasının yox dərəcəsində olmasını araşdıranlar varmı? İndi pandemiya şəraitidir, bəlli. Ancaq valideyn olaraq son 15 ildə bu kommunikasiyanı görmürük. Bəzi məktəblər istisna.
- Şagirdlərin qiymətləndirmə sistemindəki "yeniliklər" onların bilik səviyyəsini ölçməyə deyil, daha çox neqativlərə yol açırsa, bunun qarşısı niyə alınmır? Şagirdlərin qiymətləndirilməsi yox, biliyin qiymətləndirilməsi metodları varmı? Təhsil Nazirliyi bu barədə düşünürmü?
- Məktəb psixoloqlarının əsl funksiyası nədir və məktəblərdə niyə psixoloqlar formal ştat kimi saxlanılır (əgər ştat varsa)?
- Təhsilə aid suallar çoxdur, məktəblərdə təlimin vəziyyətilə Nazirlik maraqlanırmı?
- Niyə valideynlər məktəbdə uşağının "pis mühitə düşməsindən" narahat olur? Və sair və ilaxır, suallar çoxdur. Mən təhsil mütəxəssisi deyiləm, valideyn olaraq müşahidələrimin bəzilərini qeyd elədim. Yəqin ki, sahə mütəxəssisləri daha detallı müzakirə edə bilər. Biz nazirin uğursuz açıqlamasını müzakirə etməkdənsə, bu suallara cavab axtarsaq, yaxşı olar. Təhsil Nazirliyinə təklifim odur ki, valideynlərlə işləsin, təhsilin suallarını həm də valideynlərlə müzakirə etsin. Faydası olar, əlbəttə. Məktəbə valideynlərin maddi yardımını isə könüllü əsaslarla, şəffaf mexanizmlərlə təşkil etmək olar. Mən valideyn olaraq məktəbə yardım edilməsinin tərəfdarıyam. Ancaq yuxarıdakı və yuxarıda olmayan çoxsaylı sualların cavabları tapılandan, həll olunandan sonra".
Alim