BİR MİLLƏTİN UMUDUNUN, GƏLƏCƏYİNİN QƏNİMİDİR MÜHARİBƏ!
23 Dekabr 2021 10:16 SosialYoldaşlıq misalı, qürur timsalı.
Qarabağ bizimdir, zəfər bizimdir,
Qələbə qazanmaq taleyimizdir.
On doqquz nəfərik, manqa, taqımda,
Həm bölük, həm tabor, igid oğlanıq.
Zəfərlə evlərə dönəcəyik biz,
Xoşbəxt gələcəkdir görəcəyimiz.
Müharibə təkcə xalqın övladlarını deyil, gələcəyini, umudunu da məhv edir. Bir gənc şəhid haqqında yazıram. Nə yazım ki, bu itkinin böyüklüyünü, ağırlığını, millətimizə vurduğu zərərin ölçüsünü tərif edə bilsin. Axı bu gənc ağlı, savadı, təhsili, elmi ilə millətimizə daha çox fayda verə bilərdi, gələcək savadlı, bilikli nəslin yetişməsində xidmət göstərərdi. Amma yoxdur, müharibə onu bizdən aldı, gələcəyimizdən qopardı, onu belə sağlam yetişdirən Rəhilə bibisindən də aldı...
Yuxarıda verdiyimiz şeiri 2020-ci ilin oktyabrında yazıbmış Bəhruz.
Dünyadan dəyərli bir insan köçəndə, "Evdən deyil, eldən getdi" deyirik. Dünyanın ədalətdən uzaq qaydalarına üsyan etməyi gəlir insan oğlunun. Ailəsi, nənə-babası, bibisi onu düşmən gülləsi üçün deyil, millətinin gələcəyi üçün yetişdirmişdi. Onu son mənzilə yola salanlar bu sözü dönə-dönə dilə gətirir, heyfsilənirlər.
Məmmədov Bəhruz Tahir oğlu. 1991-ci il sentyabrın 7-də Yevlaxın Xaldan qəsəbəsində anadan olmuşdu. İki yaşından Bəhruzu Məhəmməd babası ilə Səğirə nənəsi böyüdüb. Baba da, nənə də rəhmətə getdikdən sonra Bəhruz Rəhilə bibisinin sevgisilə böyümüşdü. Əcəmi kəndində müəllimə işləyən Rəhilə xanımın da taleyinə nə yazıq ki, şəhid bibisi olmaq yazılıbmış. Ömrünü, umudunu Bəhruza bağlamış, minbir əziyyətlə ağıllı, tərbiyəli, vətənə layiq oğul böyütmüşdü. Bəhruza görə ailə də qurmayıb Rəhilə xanım, sevgisini, məhəbbətini, canını belə Bəhruza fəda etmişdi. Rəhilə xanımla həmsöhbət olarkən, çantasından vaxtı ilə Bəhruz haqqında dərc olunan maraqlı bir məqalə çıxarıb göstərdi mənə. "Kür" qəzetinin 22 iyun 2001-ci il və 16 və 24 avqust 2009-cu illərdəki, 34-cü nömrələrində dərc olunan "Bir Bəhruz tanıyıram" adlı məqaləni ürəyi yanan bibi indiyədək əzizləyə-əzizləyə qoruyub saxlayır. Həmin məqalədə Xaldan kənd kompleks tam orta məktəbin II sinif şagirdi Bəhruz Məmmədovun qeyri-adi savad, istedad, yüksək erudisiyaya və qabiliyyətə malik olduğunu nəzərə alan xüsusi imtahan komissiyasının ekspertləri tərəfindən ondan imtahan götürülərək II sinifdən birbaşa IV sinfə keçməsi haqda verdikləri birgə rəydən bəhs olunur. Bəhruz gələcək arzularından necə həvəslə danışıb. Çoxlu şeir, mahnı bilən, müxtəlif musiqi alətlərində ifa etməyi bacaran Bəhruz gələcəkdə, bəstəkar olacam, əgər qismət olmasa, kompüter üzrə mühəndis olacam,- deyib.
24 avqust 2009-cu il tarixli nömrədə isə "Tələbə adın mübarək" sərlövhəsi ilə verilmiş materialda Bəhruz Məmmədov 557 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Univerisitetinin İstehlak Mallarının Ekspertizası və Marketinqi fakültəsinin tələbəsi adına haqq etdiyi, həmçinin orta məktəbdə oxuduğu illərdə nümunəvi və əlaçı şagird kimi başqalarından fərqləndiyi, gözəl rəssam, əla riyaziyyatcı olduğu da qeyd edilir. "Kür" qəzetinin əməkdaşı, tanınmış jurnalist Züleyxa Bəşirova öz yazısında sevindirici, qürurverici nüans kimi şəhid Bəhruzun dəfələrlə keçmiş təhsil naziri Misir Mərdanovun imzası ilə diplomlarla təltif olunduğu barədə də məlumatlar verir.
2013-cü ildə hərbi xidmətə yola düşüb, xidmətini Füzulidə keçirib. Bu müddətdə dəfələrlə təşəkkürnamə alıb və 2014-cü ildə hərbi xidməti başa vurub. Təhsilini davam etdirmək üçün Bakıya köçüb. Kirayədə yaşayıb, kompüter kursunu qurtarıb. Proqramçı sertifikatı alıb və bu işi mükəmməl bilib. Özü Bakı şəhərində ingilis dili kursu yaradıb. Sərbəst olaraq 6 dil öyrənib. Əsl poliqlot imiş. İngilis, alman, fransız, rus, italyan, ispan dillərində mükəmməl danışıq qabiliyyəti olmaqla bərabər, həmin ölkələrin mədəni, tarixi abidələri haqda gözəl məlumatlar toplamağı da sevirmiş.

Rəhilə xanım Bəhruz haqda o qədər fəxrlə, yorulmadan, kövrələ-kövrələ danışır ki... Deyir körpəlikdən çox ağıllı olub, vətənpərvər olub Bəhruz. Əsgəri xidmətdə olarkən Füzulidə yüksəklikdə, konserv qutularını kəsib, ağardıb və üzərinə "Vətən, canım sənə fəda!" yazıb. Hər tərəfdən görünən bu fikir düşmənlərin gözünü tökürmüş. Gözəl bir rəsm əsərinin altından isə "Vətən oğlu, mətin dayan!"
21 sentyabr 2020-ci ildə qismən səfərbərlik başlayanda, Bəhruz ilk gedənlərdən olub. Bir müddət qumbara atıcısı kimi təlim keçib. 2020-ci il oktyabrın 5-də isə təlimlərə qatılıb. Füzuli, Qubadlı, Tuğ, Hadrut istiqamətlərində xususi igidliklər göstərib. Daşaltı əməliyyatında iştirak edib. Orada mühasirəyə düşüblər. Bir neçə gün mühasirədə qalıblar. Noyabrın 5-i qızğın döyüşlər zamanı, çoxlu sayda itkilər olmasına baxmayaraq, axşama qədər döyüşüb, mühasirəni yarmağa calışıblar. Amma yolun başlanğıcı, ömrun sonu olub 7 noyabr 2020-ci il. Əcəl tələsməsəydi, çəmi 3 gün sonra torpaqlarımızın azad olan gününün şahidi olacaqdı Bəhruz, amma şahid olmadı, şəhid oldu.
Yaxşı tanıyırdım Rəhilə xanımı. Mərd, tələbkar, həqiqəti hər şeydən üstün tutan, ehtiyacı olanların yanında olmağı bacaran, həm də çox ziyalı bir müəllimədir. Heç şübhəsiz hələ sağlığında savadına, tərbiyəsinə, insanlığına görə barmaq tuşlanan Məmmədov Bəhruz Tahir oğlunun vəzifədə yox, ancaq ictimaiyyət arasında böyük mövqe tutmasında Rəhilə xanımın böyük rolu olub.
Bu gün tək Rəhilə xanım deyil, qanın bahasına azad etdiyin Vətən səninlə fəxr edir, gözəl igidimiz. Sükutunun belə çox çəkməsi hamını incidir. Ruhun bibinin yanında, cismin Xaldan kəndində nənən ilə babanın əhatəsində əbədi uyuduğun məzarında.
Bu günlərdə yenə də Rəhilə xanımla dərdləşirik. Dəniz mavisi gözlərindən işıq axırdı həyata Bəhruzun. Yaşasaydı xalqımız qazanacaqdı, gələcəyimiz qazanacaqdı, elmimiz, mədəniyyətimiz, poeziyamız qazanacaqdı. Amma müharibəyə səbəb olanlara, o yola daş düzüb keçid yaradanlara lənət etməkdən başqa heç nə gəlmir əlimizdən. Bəhruz kimi oğullar müharibələrdə düşmən gülləsinə qurban getməməliydi.
Ruhun aydın olsun Bəhruz, yoxluğunla da, sevimli bibini, Xaldanı, oxuduğun məktəbi, Yevlaxı qürurlandırırsan. Zəfər günümüzün bir ili ərəfəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olundun. Amma bibin bu bayramı sənsiz, göz yaşları içində qarşıladı.
Rəhilə xanım şəhidimizin müharibəyə getməzdən beş gün öncə saat 01:39-da sosial şəbəkədə dostlarına ingilis dilində yazdığı statusunu tərcüməsi ilə bərabər mənə göstərdi. Orada yazılıb: "Məni də digər gənclər kimi beynəlxalq aləmdə tanınan sərhədlərimizi, xalqımızı erməni işğalından qorumağa çağırıblar. Əgər mən şərəfimiz və vətənimiz uğrunda ölsəm, heç təəssüf etmərəm. Sadəcə dostlarıma demək istəyirəm ki, sizi çox sevirəm... Fərqi yoxdur, mən sağ qalsam da, ölsəm də bu yolda addımlamaq heyrətamizdir və bu yolda ölməyə dəyər". Bəhruzun həyatında ana rolunu Rəhilə xanım daşıyıb:
Ömür bağışlamaq mümkün olsayıdı,
Mən sənə ömrümü verərdim, Bəhruz
Mən sənin yerinə ölərdim, Bəhruz
Bu misralar, Rəhilə xanımın Bəhruza həsr etdiyi şeirdəndir. Yox, sanmayın ki, bu fikirdə yanlışlıq var. Qətiyyən! Rəhilə xanım od-od, köz-köz yanır balası üçün. Tez-tez bizə şəhidin yazdığı şeirləri, statusları göndərir. "Dünya" adlı şeirində Bəhruz deyir:
Ey Bəhruz, qapılma bu dünyaya sən,
Bil ki, hər şey kimi sən də fanisən.
Yox, sən fani deyilsən Bəhruz. Sən yaşayırsan. Vətən səni yaşadır. Bizlər səni yaşadırıq. Bibin, yox səhv etdim, anan Rəhilə xanım səni yaşadır və yaşadacaq.
Rəhilə xanımla söhbət edirəm. Mənə bu şəkli göstərir: -Bəhruz son dəfə xudafizləşib qapıdan çıxanda yenidən geri qayıtdı, bibi, gəl birlikdə şəkil çəkdirək,- dedi. Sonradan telefonla çəkdiyi bu şəkli bibisinin telefonuna da köçürür. Şəkildə şəhidimizin sevincli, Rəhilə xanımın isə üzündəki kədər gözümdən yayınmadı. Bəlkə ürəyinə damıb ki...
Məmmədov Bəhruz Tahir oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə"medalları ilə təltif olunmuşdur. Bəhruzun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti