“Ağ ölüm” və sonu bilinməyən sonsuzluq…

"Gənc və yeniyetmələri  maddə asılılığından uzaqlaşdırmaq üçün onlarda daxili və xarici resursları inkişaf etdirmək lazımdır"

Müsahibimiz Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyevdir.

-Ramin müəllim, son zamanlar  Azərbaycan gəncliyini məhvə aparan narkomaniya  kəskin artıb, buna səbəb nədir?

-İlk öncə qeyd etmək lazımdır ki, hazırda narkomaniya təkcə Azərbaycanın yox, bütün dünya dövlətlərinin əsas aktual məsələlərindən biridir. Narkomaniyaya aparan yolu biz konkret olaraq, hər hansısa bir faktorla əlaqələndirə bilmərik. Bu sosial, iqtisadi, psixoloji, fizioloji, bioloji-  beş əsas sferada baş verən dəyişikliklər fonunda irəliləyən və formalaşan bir problemdir. Kəskin artmasına səbəb, əvvəlki dövrlərə nisbətən insanların texnologiyadan istifadəsi, internet aləmində daha çox informasiya bolluğuna məruz qalmasıdır. Nəticədə insanlarda  narkotik, psixoaktiv maddələrlə tanışlıq daha erkən yaşlarda baş verir. Biz bilirik ki, hüquq- mühafizə orqanları öz üzərlərinə düşən işi layiqincə yerinə yetirirlər. Amma, bu elə bir problemdir  ki,  nə qədər hüquqi baxımdan mübarizə aparsaq da Azərbaycanın yerləşdiyi əsas coğrafi zona buna imkan verir ki, Azərbaycanda da qeyri-qanuni olaraq narkotik maddələrin satışı baş verir və əlçatanlığı da insanları daha çox maddəyə yönləndirir. Səbəb olaraq həmçinin, uşaqlıq travmalarını, natamam ailələr, uşaq vaxtı ailədə baş verən konfliktləri, uşaqların  özünütəsdiqə can atmasını, özünü günahlandırma, özünü qiymətləndirmənin aşağı olması, təsdiqləmə və s. misal göstərmək olar. Maddə istifadəsində bu problemlərin basdırılması artıq asılılıq faktorunu ortaya çıxarır ki,  bu da davamlı şəkildə baş verən xroniki bir xəstəlik halına çevrilir.

-Gənclər niyə görə belə tez təsir altına düşüb bu bəlanın aludəçisi olur? Buna səbəb ailədaxili münaqişələrdirmi?

-Gənclərin daha tez  təsir altına düşməsinə əsas səbəb  bu yaş dövründə beyində gedən proseslərdir.  Ümumiyyətlə insan orqanizmi ana bətnində öz inkişafını dayandırır. Buna əl, ayaq, daxili orqanlar, digər üzvlərimiz daxildir. Yeganə orqanımız beyindir ki,  əsas da alın payımız olan prefrontal korteks adını verdiyimiz qərar vermə bölgəmizdir ki,  yeniyetməlik yaş dövründə yox, hətta 18-20 yaşda inkişafa başlayır. Biz 10-15 il öncə yeniyetməlik yaş dövrünü 15-18 yaş aralığında qeyd edirdik. İndi isə informasiya bolluğunu nəzərə alaraq insanların daha tez informasiya əlçatanlığı olduğuna görə, bu yaş həddinin 10-12, 11-13, 12-14  yaş kimi dəyərləndirə bilərik. Bu yaşda prefrontal korteksimiz inkişaf etmədiyinə görə ata biləcəyimiz addımların arxa fonunda emosional qərarlarımız durur.  Yəni, beyin məntiqi olaraq düşünmür, asılılığı tam dərk etmir, problemi qısa yolla rahat şəkildə aradan qaldırmağa çalışır. Amma şəxs düşünmür ki, sabah o problem yenə olduğu kimi yerində qalır və onun yanında ikinci bir problem, asılılıq problemi meydana gəlir. Bu da çox ağır bir prosesdir ki,  insanda istər psixoloji, sosial və digər problemləri ortaya qoyur.

- Bəzən insanlar narkotik aludəçilərini bir neçə kateqoriyaya bölürlər. Gah deyirlər, kasıblar daha çox qurşanır, gah da deyirlər, varlılar daha çox aludəçi olur. Həmçinin də bunu oxumuş, ali təhsilli və yaxud oxumamış, savadsız insanlar təsnifatına bölürlər. Sizcə bu fikirlər düzgündürmü? Necə düşünürsünüz, narkoman olan şəxs öz təbəqəsinin  təsirindən düşür bu yola?

-Hardasa 15 ilə yaxındır ki, mən narkologiya sahəsində psixoloji xidmətlə məşğulam. Qarşılaşdığım əksər pasiyentlərin dəyərləndirməsini aparsaq, baxarıq ki, IQ səviyyəsi yüksək, dünyagörüşü geniş, maraq dairəsi geniş, təhsilli, 2-3 xarici dil bilən pasiyentlərimiz heç də az olmayıb. Hətta mən müqayisədə deyə bilərəm ki, daha çox olub, nəinki daha  az.  Ona görə də, biz burada məsələyə kasıb-varlı, təhsilli-təhsilsiz olaraq yox, ümumi bir prizmadan yanaşmalıyıq. Əlbəttə, şəxs hansı ailədə doğulub boya-başa çatırsa, o ailənin də qanunları sistemi ilə böyüyür. Orada ortaya qoyulan istənilən travmatik hadisə, şəxsiyyətlərarası münasibətlərdəki boşluq, varlı ailələrdə də, kasıb ailələrdə də  öz təsirini göstərir. Əslində bir az başqa bir prizmadan yanaşırdım ki,ali təhsilli, IQ səviyyəsi yüksək, özünə güvəni daha çox olan şəxslər maddə asılılığına daha yatqın olurlar. Ona görə ki,  bir növü bu işi bacaracaqları, " bir dəfə ilə heç nə olmaz, mən asılı olmaram, mən ali təhsilliyəm, mən 5 dil bilirəm, mən müəyyən bir müəssisənin rəhbəriyəm və insanları idarə edirəm"  kimi yalnış düşüncələr şəxsi maddəyə aparır. Amma bilirik ki,  maddənin beyindəki  təsiri elə bir formada baş verir ki,  yəni təhsilli və yaxud təhsilsiz, kasıb və varlıya baxmır. Şəxsdə tez bir zamanda asılılıq meydana gəlir ki,  onda da geriyə dönüş  artıq olmur.

- Ramin müəllim, gəncləri, yeniyetmələri bu yoldan necə çəkindirmək olar?

-Gənc və yeniyetmələri maddə asılılığından uzaqlaşdırmaq üçün onlarda daxili və xarici resursları inkişaf etdirmək lazımdır. Yəni şəxs özünə güvənməlidir.  Bu özünə güvən çox adekvat olmalı, məntiqi əsaslara söykənməli, özəyi boş olmamalı, özünə inanmalı, uşaq vaxtından ailə tərbiyə sistemində, düzgün cəzalandırma və düzgün mükafatlandırma metodları insani keyfiyyətlərə əsaslanmalıdır. Bu çox həssas bir məsələdir. Şəxs bir növü o həzzi ekstremal, xarici olaraq yox,  daxili olaraq  özü həyata keçirməli, ortaya qoymalı və həzzi kənarda axtarmalıdır.  Biz bilirik ki, maddə  asılılığında şəxs, beynin ifraz etmədiyi endorfini başqa bir amillərdə axtardığına görə asılı bir şəxs tipinə çevrilir. Ona görə də, uşaq vaxtından ona güvənmək, inanmaq, " mən səni anlayıram, mən səni düşünürəm, mən sənə güvənirəm, mən səni sevirəm, sən mənim üçün çox dəyərlisən"  və s. kimi yanaşmaq və onun  fikirlərinə bir uşaq kimi yox, şəxsiyyət kimi hörmət qoymaq, onu dəyərləndirmək, imkanlar yaratmaq  və s.  kimi müsbət keyfiyyətləri formalaşdırmaqla uşağı müstəqil, öz sözünü deyə bilən bir şəxsiyyət amilinə çevirmək lazımdır.  Gələcəkdə təsir altına düşməməsində  bu kimi müsbət faktorlar rol oynaya bilər. Bu zaman şəxs maddə asılılığına yönəlmiş olmur.

-Bəs bir narkoloq olaraq   deyə bilərsinizmi, bu bəladan xilas olmaq mümkündürmü?

-Ümumiyyətlə psixoaktiv maddə asılılığı xroniki bir beyin xəstəliyidir. Bununla  bərabər bir ailə xəstəliyidir. Yəni şəxs asılı olduğu təqdirdə ailəni də  özü kimi asılı bir ailə formasına çevirir.  Ona görə də, xroniki sözündən yola çıxaraq onu deyə bilərik ki, bu yolda atılan addımlar sadəcə olaraq şəxsin maddədən uzaqlaşmağının müddətini artırmaqdan ibarətdir. Biz burada saxlama sözündən istifadə edirik. Saxlama yəni, şəxs maddə istifadə etmir, amma yenə də narkotik maddə istifadəsi qrupu  risk qrupuna  aiddir. Yəni istənilən an beyin əvvəlki həzzi əldə etmək üçün  əvvəlki davranışlara, düşüncələrə səbəb ola bilər. Düzgün müalicə metodlarının tətbiqi vacibdir. İlk növbədə şəxs detoksdan keçir, yəni tibbi müdaxilə olur. İkincisi isə psixoterapiyalardır ki, şəxsdə maddəyə qarşı tənqidi fikir formalaşsın. Üçüncü reabilitasiya prosesidir ki, çox vacibdir, minimum 6 ay  davam edir. Onu qeyd edim ki, Azərbaycanda 10-11 reabilitasiya mərkəzi var. Araşdırmalarıma görə   reabilitasiya mərkəzlərinin deyərdim ki, 80%-nin  sadəcə  adı  reabilitasiya mərkəzidir. Yəni gördükləri heç bir işin reabilitasiya ilə əlaqəsi yoxdur. 2-3 reabilitasiya mərkəzində düzgün iş  aparılır. Psixoloqlar,  qrup terapiyaları,  fərdi terapiyalar, asudə vaxtın düzgün dəyərləndirilməsi, 12 addım proqramıdır.  Bunlar həyata keçirilir. Digərlərində çox əminliklə deyə bilərəm ki, sadəcə olaraq psixoloqu ştata götürüblər ki,  ad olsun ki, "Mənim mərkəzimdə psixoloq var." Amma psixoloqun gördüyü iş hansı səviyyədə effektivdir deyə bilmərəm. Buradan  onu deyə bilərəm ki, düzgün reabilitasiya prosesi vacibdir. Dördüncü isə şəxsin resosializasiyasıdır ki, bu da şəxsin yenidən sosiallaşmasının   başlamasıdır.  Bu sosiallaşma prosesində həm ailənin, həm cəmiyyətin rolu vacibdir. Düzgün əmək fəaliyyəti bərpa olunmalı, ailə bağları yenidən qurulmalıdır. Günahlandırmadan, mühakimə etmədən, müqayisə etmədən şəxslə düzgün ünsiyyət aktının qurulması və şəxsə keçmişi xatırlatmadan gələcəyə yönümlü, pozitiv addımların atılmasında dəstək olunmalıdır.

-Maddə asılılığı nədən yaranır?

-Maddə asılılığının yaranma səbəbi bəzi elm adamlarına görə genetik faktorlara, bəzilərinə görə sonradan qazanılma, yəni sosial psixoloji və  fizioloji faktorlara əsaslanır.  Əslində biz maddə asılılığını biopsixososial problem kimi dəyərləndiririk. Bu üçfaktorlu dəyərləndirmədir.  Öz gəldiyim nəticəyə əsaslanaraq onu deyə bilərəm ki, maddə asılılığına səbəb heç bir genetik faktor deyil. Bununla bağlı heç bir elmi araşdırmamız yoxdur. O fikir sadəcə olaraq heç bir fakta əsaslanmayan fikirdir.  Yəni yalan məlumatdır.  Maddə asılılığı ilə bağlı heç bir elmi əsas göstərilmir ki,  bu genetik amilə səbəb olub.  Maddə asılılığına səbəb, şəxsin uşaqlıqda yaşadığı travmalardır və bu travmalar nəticəsində beyin inkişafdan dayanır, düzgün inkişaf etmir. Düzgün inkişaf etməyən beyin hər zaman asılılığa meyilli beyin kimi qəbul  olunur.  Bu travmaların da yaranma  səbəbi əlbəttə düzgün olmayan, natamam ailələrlərdir. Atanın rəhmətə getməsi, tək ana övlada baxır, ata sevgisinin olmaması və yaxud bunun əksini qeyd edə bilərik, ana sevgisinin olmaması və.s kimi qeyd etmək olar. İngiltərədə maraqlı bir tədqiqat aparılıb.  Belə  ki, maddə asılılarına sual verilib ki, ilk maddə istifadə edərkən  hansı hissi keçirmisiz? Əksəriyyətinin cavabı çox maraqlı olub ki, " ilk dəfə maddə istifadə edərkən elə hiss etdim ki, kimsə tərəfindən qucaqlanıram, o sevgini görürəm". Bu da  doğurdan da bizə imkan verir ki, bu fikri  irəli sürək ki,  maddə asılılığına səbəb uşaqlıqdakı sevgi əskikliyindən əmələ gəlir. Yəni yətərincə  sevginin verilməməsi uşaqda maddə asılılığına səbəb ola bilər.

-Narkotik istifadə edən pasiyentlərdə nə kimi psixoloji  problemlərin üzə çıxma ehtimalı var?

-Psixoaktiv maddə istifadəçilərində əksər hallarda 3 sferada problem ortaya çıxır. Bu sosial, psixoloji və fizioloji problemlərdir.  Sosial problemlər onun cəmiyyətdə qarşılaşdığı problemlərdir. İşə, dərsə və yaxud hər hansısa bir anlara,   davranışa marağın düşməsi, dost çevrəsindəki dəyişikliklər,  fiziki olaraq ağrılar, arıqlama, saçın tökülməsi, ağız-burun suyunun saxlana bilməməsi, sümüklərdə deformasiya, mədə-bağırsaq sistemlərində ciddi problemləri fiziki problemlər kimi dəyərləndirə bilərik.  Psixoloji olaraq isə tənhalığa meyillilik,  göz kontaktı qura bilməmək, yalan danışmaq, ünsiyyətdən qaçmaq  kimi hallar baş verir. Amma maddə istifadəçilərində hazırda müşahidə etdiyimiz problemlərdən  daha çoxu şəxsiyyət pozuntularıdır. Bu da maddənin ağırlığından, müddətindən, qəbul formasından asılı olaraq dəyişir.  Yəni bəzi maddələr var ki, tez bir zamanda  şəxsdə ciddi şəxsiyyət pozuntuları, şizofreniya, disosiatif şəxsiyyət pozuntuları, panik atak və təşviş pozuntusu, absesiyalar, bipolyar pozuntu və.s kimi pozuntular ola bilər. Bunların da aradan qaldırılması  uzun bir zaman tələb edir. Düzgün mütəxəssis nəzarəti tələb edir ki,  şəxs həm maddədən uzaqlaşmaq üçün cəhd  edir, həm  psixoloji, fizioloji, sosial və psixiatrik problemlərdən  uzaqlaşmaq üçün ortaya çox ciddi bir iş qoymalı, cəhd etməli və güc sərf etməlidir.

-Yenidən  narkotik istifadə edən pasiyentlərin fiziologiyasında, anatomiyasında nə kimi dəyişikliklər baş verir?

­Ümumiyyətlə narkotik vasitə istifadəsində  beynimizdə mükafatlandırma sistemi pozulur. Yəni normal vaxtı  beynimizin ifraz elədiyi dopamin 80/1 vahidi keçmirdisə,  maddə istifadəsindən sonra beynimiz 1500/1, 2000/1 vahid dopamin ifraz edir. Nəticədə normal davranışlarımızdan  uzaqlaşırıq. Mükafatlandırma və cəzalandırma sistemində ciddi problemlər  gəlir ki,  şəxs maddə istifadə etmədiyi təqdirdə, o, dopamin ifrazı ilə yenidən  tanış olmaq istəyir,  yenidən o həzzi yaşamaq istəyir ki,  Bu da ona görə şəxsi  xroniki bir beyin xəstəliyindən əziyyət çəkən şəxs modelinə çevrir. Yəni maddə istifadəsindən əvvəl beynimiz tam başqa bir funksiya ilə, maddə istifadəsindən sonra tam başqa bir funksiya ilə çalışır. Bu da təbii olaraq  həm bizim orqanizmimizdə,  həm digər faktorlarda kəskin şəkildə özünü ifadə edir.

    Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31