KAŞ ÖLƏ BİLƏYDİM CIDIR DÜZÜNDƏ
16 Dekabr 2021 10:13 SosialƏminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti...
Nəfəsi güclə alır, kəsik-kəsik danışır, amma nitqi aydındır. Sözləri ürək dağlayır: "Qardaşlar, vətən uğrunda, əsas vətəndir. İnşallah, qardaşlarımız irəli gedər. Atam İlqar, anam İlhamə, qardaşım İlham, mənim arxamca ağlamayın. Mən ölmürəm, hər zaman sizin yanınızda olacağam..."
Sonra aydın şəkildə dostlarının adını çəkir, onlara salam göndərir...
Sosial şəbəkədə yerləşdirilən, özümün də baxdığım qısa bir videogörüntüdən söz açıram. Ölüm anında şəhid İntiqam İlqar oğlu İsmayılov döyüşçü dostundan onun son anlarını telefonla çəkməyi xahiş edir. Anası İlhamə xanımla evlərində söhbət edirəm. Üzündə azərbaycanlı xanımlara məxsus abır-həya, işıq var. Gözünün yaşı da ki, qurumur. Döyüş yoldaşları İntiqamın bu video-mesajını valideynlərinə də göndəriblər. Ancaq İlhamə xanım bir dəfə də olsun özündə qüvvə tapıb bu görüntünü izləməyib. Kim bilir, bəlkə də artıq balasının yoxluğuna ürəyi dözməyəndə, səbri tam tükənəndə ürəyi parçalana-parçalana ciyərparasının son sözlərinə qulaq asacaq?! İndilikdə isə: - Özünə elə gözəl hərbi paltar tikdirmişdi ki, al bayrağımızı evimizdə gizlətmişdi ki, tezliklə müharibəyə yollanacağından xəbər tutmayaq".
Öləndə də igidliyini qoruan şəhidimizin görüntülərdə söylədikləri mənə Ramiz Rövşəni xatırladır:
Nə var allahdan yuxarı?
Nə var qədərdən aşağı?
Çəkdiyim ahdan yuxarı
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı
Demə biz ki, quş deyilik
Allaha tanış deyilik
Ruhum, dur, yığış, gedirik
Sən yuxarı, mən aşağı
Bəli, Allahın lap üst mərtəbəsində ruhu həmişəlik yer aldı İntiqamın.
Xanabad kəndində, İlqar İsmayılovun ailəsində 1996-cı ilin 24 dekabrında dünyaya gəlmişdi. Evin iki oğlundan biri, ailənin sonbeşiyi idi. Xanabad kənd tam orta məktəbdə onu boksçu kimi tanıyırdılar. Müxtəlif səviyyəli yarışlarda iştirak etmişdi, uğurları vardı. Bir arzusu da hərbçi olmaq idi. Məktəbdən məzun olduqdan sonra həqiqi hərbi xidmətə yollandı. Yaxşı kəşfiyyatçı kimi yetişdi, qulluq etdiyi hərbi hissədə fərqləndi, təltiflərə, sertifikatlara layiq görüldü. Xidmətini başa vurub qayıtdıqdan sonra cəmi 5 gün qaldı doğmalarının yanında, yenidən qayıtdı xidmət keçdiyi hərbi hissəyə, bu dəfə müddətdən artıq həqiqi hərbi xidmət qulluğuna.
Atası İlqar söyləyir ki, 5 ildən artıq idi hərbi xidmətdəydi və bu zaman ərzində İntiqam mükəmməl bir hərbçi kimi yetişmişdi. Döyüşlərin ilk günündən ta müharibə başa çatanacan ən ağır əməliyyatlarda iştirak etmişdi: -Altı gün ötürdü, zəng edirdi - dərdli ata deyir. -Danışanda da yüksək əhval-ruhiyyədə olurdu. Ona özündən muğayat olmağı tapşırırdım, narahat olma, deyirdi, bir də ki, alnıma nə yazılıbsa o da olacaq. İntiqam çox cəld, çevik uşaqdı. 44 günlük müharibədə burnu da qanamamışdı. Oğlumla sonuncu dəfə oktyabrın 25-də danışdım, ondan sonra əlaqəmiz olmadı. Döyüşçü dostları ailəyə İntiqam haqqında o qədər gözəl şeylər söyləyiblər ki... İlqar kişi mənimlə söhbətində onları iftixar hissilə xatırlayır:
-Demək Şuşaya hücum planı hazırlanarkən İntiqam birincilər sırasında yer alıb. Şuşaya daxil olub. Şəhəri mənfur düşməndən azad edən oğullardan biri olub igid balam. Çox inanırdım ki, İntiqam sağ-salamat dönər, qurban da demişdim o qapıdan girən günə. Amma hər şey başqa cür oldu.
Noyabrın 8-si müharibənin ən böyük uğurlarından - Şuşanın azad olunmasının şahidi olan İntiqamın gənc həyatının son günü olur. Düşmənin atdığı minamyot onu ağır yaralayır. Vəziyyətinin ciddiliyini görən İntiqam döyüşçü yoldaşından son xahişini edir, onu telefonuna çəkməyi və doğmalarına verməyi istəyir.
İsmayılovlar ailəsinin ilki İlham söyləyir ki, döyüşçülərdən kimsə ona hərbi hissədə daha asan bir işə keçməyi təklif edəndə çox əsəbləşib: - Mən hələ Xocalı faciəsində öldürülənlərin qisasını almamış, Şuşanı almamış şəhid olmayacağam" deyib.
Millət vəkili, Milli Məclisin vitse-spikeri, demək olar ki, Yevlaxın bütün şəhid ailələrində olan Əli Hüseynli şəhid ailələrinə baş çəkərkən, bu ailədə də olmuş, İntiqamın vətənpərvərliyindən, rəşadətindən söhbət açmışdır: - Şəhidimiz dediyi kimi də etdi. Şuşa düşmən tapdağından azad olduqdan sonra şəhidlik zirvəsinə ucaldı.
...Daha bir nakam gənc. Çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha böyük hədəfləri vardı, hərbi təhsil almağı düşünürdü. Amma qanlı bir müharibədə bir anda arzuları ilə birgə əbədiyyət yolçusu oldu. Bir ailənin oğlu idi, bir Vətənin fəxri oldu. Ölümü qorxu ilə deyil, məğrurcasına qarşıladı. Şuşa şəhidimiz İntiqamın həyat hekayəsi mənə "Qar çiçəkləri" əfsanəsini xatırlatdı. Qədimlərdə- saatın, əqrəbin, fəslin, günün, tarixin olmadığı zamanlarda insanlar yazı, yayı, qışı, axşamı, sabahı havadan, göydən, torpaqdan, suyun buxarlanmasından bilirmişlər. Yazın gəlişi əcdadlarımız üçün həyatın başlanğıcına, dirilişə, yaranışa işarəymiş deyə, işarəsi də qar çiçəkləriymiş. Qarın altından çiçək azca boylandımı, insanlar qışın çiləsindən çıxdıqları üçün ocaq yandırar, üstündən atlanar, halay çəkər, bayram edər, bir-birlərinə pay apararmışlar. Qar çiçəyi çıxıbsa, demək həyat başlayır. O vaxtlardan qar çiçəkləri türk mədəniyyətində müjdəçi, həyat, diriliş, yaranış simvoludur. İntiqam və onun kimi şəhid oğullarımız millətimizi həyata bağlayan, ümidini dirildən, Şuşadan xoş xəbər gətirən qar çiçəkləridir. Ruhumuzun, qələbəmizin qar çiçəkləri. Bundan sonra sonsuzadək şəhid xiyabanlarından, təpə başındakı, dərə kənarındakı məzarlıqlardan boylanacaqlar qar çiçəklərimiz...
Bu günlərdə yenə İntiqam İsmayılovun ailəsində oldum. Ona aid yan-yana düzülmüş fotoşəkillər, əşyalar, yaxşı idmançı olduğu üçün yarışlarda qazandığı mükafatlar, fəxri fərmanlar və diğər eksponatlar guşəsini bəzəyir. Ana bu şəkilləri elə sığallayır ki, sanki canlıdırlar və bu şəkli göstərib yavaşca deyir: "Mənim cəngavər balam". Valideynləri gecə-gündüz onun rəsmlərdən lal baxışı, əşayları ilə söhbətləşdiklərini, tez-tez kənd qəbirstanlığındakı məzarını ziyarət etmklə keçirdilklərini deyirlər. Şəkillərdən baxan İntiqam sanki danışacaq, hər şey o qədər canlı və təzədir ki, elə bil özü öz əlilə düzüb.
Dövlətimizin bütün diqqət və qayğısını daim hiss etdiklərini, maddi və mənəvi yardımla təmin olunduqlarını diqqətə çatdırmaqla yanaşı, İntiqamla bağlı xatirələrini də mənimlə bölüşdülər. Sən demə qanlı döyüşlər zamanı ölümcül yaralanan İntiqam son nəfəsində, "Heyif ki, qəlpə yarasından həlak oluram"deyib. Görün bizim kimi nə qədər qəhrəman, cəsur, düşmənin anasını ağlatmış oğullar var.
İsmayılov İntiqam İlqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. İntiqamın uğrunda canından keçdiyi Şuşa Azərbaycandır!

