Yunus Oğuz: “Yaradıcı insanın gücü onun qələmindədir”

BSU tələbələrinin Yunus Oğuzla görüşü keçirilib

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığına cəmiyyətin müxtəlif təbəqələri tərəfindən maraq getdikcə artmaqdadır. Xüsusilə qeyd etmək lazımdır ki, gənc nəsil yazıçının elmi və tarixi araşdırmalarla zəngin olan əsərləri, romanlarına daha çox maraq göstərir. Müntəzəm olaraq respublikanın ali və orta ümumtəhsil müəssisələrində Yunus Oğuzla keçirilən görüşlər fonunda bunu aydın görmək mümkündür. Bu günlərdə yazıçı ilə gənclərin daha bir görüşü baş tutub. Daha dəqiq desək   Bakı Slavyan Universitetinin Azərbaycan filologiyası fakultəsi və Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun tələbələrlə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan ədəbiyyatı kafedrasının müdir müavini Fərrux Məmmədov universitetdə qələm əhli, yazıçı, şairlərlə görüşlərin keçirilməsinin artıq ənənə halını aldığını bildirib. O qeyd edib ki, bu kimi tədbirlər tələbələrin dünya görüşünün formalaşması, onların daha vətənpərvər ruhda böyüməsi, tariximiz, tarixi şəxsiyyətlərimiz barədə daha mükəmməl biliklər əldə etməsi baxımından əhəmiyyətlidir. Fərrux Məmmədov Yunus Oğuz yaradıcılığından da söz açıb və bildirib ki, yazıçının əksər əsərləri, romanları barədə məlumatlıdır, onları oxuyub. Onun sözlərinə görə, Yunus Oğuzun romanlarında diqqət çəkən müsbət məqamlardan biri onların oxunaqlı, eyni zamanda dərin tarixi bilgilərlə zəngin olmasıdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi cərəyanlar sektorunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru  Elnarə Qaragözova da çıxışında Yunus Oğuz yaradıcılığının məziyyətlərindən danışıb. O deyib ki, Yunus Oğuz həm şair, həm də yazıçı publisist kimi tanınır: "Yunus Oğuzun gözəl tarixi romanları da var. Romanlarında tarixi həqiqətlər açıb göstərilir. Yunus Oğuzun tarixi romanlarında insan özünü həmin dövrdə hiss edir. "Ovçu" romanı Aprel döyüşlərinin şəhidi Murad Mirzəyevdən bəhs edir. Yazıçının hələlik sonuncu olaraq qələmə aldığı  "Uçurum" romanı isə narkomaniyaya qarşı mübarizəni özündə ehtiva edir.  Romanın məziyyəti ondan ibarətdir ki, gənclər möhkəm, vətənpərvər olmalıdır". Natiq onu da qeyd edib ki,  tarixi  romanlar müəllifi kimi tanınan Yunus Oğuzun "Ovçu" romanı tamamilə yeni bir səpgidə yaranıb: "Müəllif əvvəlki romanlarında bizim keçmiş tariximizə nəzər salırdısa, bu əsərində müasir tariximizin işığında keçmişi araşdırıb və bu günümüzlə keçmişimiz arasında körpü yaradıb. Bu roman əslində bizim çağdaş mübarizəmiz haqqında böyük dastandır. Çünki, Aprel döyüşləri bizim üçün bir oyanış məqamıdır. Dövlətimizin, xalqımızın, Ali Baş Komandamızın öz torpaqlarımızı azad etmək əzmini parlaq şəkildə əks etdirib". E.Qaragözova vurğulayıb ki, "Ovçu" romanı həm də böyük ideoloji mənaya və önəmə malikdir: "Bildiyimiz kimi əsərdə üç zaman axını əksini tapıb. Alparslan, Nadir Şah və müasir dövrümüz. Bu dövrlər əsərdə elə yanaşı verilir ki, hər üç dövrdə xalqın qələbəsi təmin edilir. Mən isə deyərdim ki, əsərdə  dörd zaman və dörd Murad obrazı var. Muradın öz babası, usta Murad, xan Murad və Muradın özü. Muradın üzərində qurulan əsərə nəzər saldıqda müşahidə olunan ilk məqam reintarnasiya məsələsidir. Beləliklə, Yunus Oğuz öz əsərində Azərbaycan ədəbiyyatında çox az işlənən bir metodoloji vasitəyə reinkarnasiyaya (ruhun yenidən doğulması) müraciət edib. Əsərə nəzər saldıqda aydın olur ki, əslində Muradın qəhrəmanlığı  birdən-birə yaranmayıb, əsrlərdən gələn bir ruh idi. Bu ruhun yenidən doğulmasıdır. Reinkarnasiya zamanı qəhrəmanın ruhu zaman keçdikcə müəyyən tarixi məqamlarda meydana çıxaraq öz missiyasını yerinə yetirir. Bu əsərdə zaman dəyişsə də məkan dəyişmir. Yunus Oğuz qəhrəmanının reintarnasiyasını Azərbaycanda gerçəkləşdirib. Çünki bu torpaqda həmin missiya başa çatmamışdı. O missiyanı yerinə yetirmək üçün həmin ruh məhz bu torpaqda yenidən doğulmalı idi". Onun sözlərinə görə, əsərdəki Murad digər muradların sanki bir toplusudur. Lakin əvvəlkilərdən daha mükəmməldir".

Yazıçının sonuncu "Uçurum" romanından da bəhs edən Elnarə Qaragözova deyib ki, romanda maraqlı məqamlardan biri də hipertekstual əlaqədir. Onun sözlərinə görə, "Uçurum" romanında Yunus Oğuz "Təhmasib şah" romanı ilə hipertekstual əlaqə yaradaraq həmin romanda olan dərviş və göy qaşlı üzüklə bağlı məqamı yenidən xatırladır: "Yunus Oğuz "Uçurum" romanında yalnız narkotrafikə, narkoticarətə qarşı gömrük işçilərinin mübarizəsindən bəhs etməklə kifayətlənmir. Romanın əvvəlində - proloqda təsvir olunan insanın düşüncələri fonunda ağ ölümün mahiyyəti açılır.

Yazıçı-publisist Yunus Oğuz tələbələr qarşısında çıxış edərək yaradıcılığı, tarixi romanlar yazmağa onu vadar edən məqamlar, eləcə də digər bu kimi detallar barədə danışıb. Bildirib ki, yaradıcılığına ilk dəfə şer yazmaqla başlayıb və təxminən 15 yaşına təsadüf edib. Həmin illərdə bir qayda olaraq əsasən gənclikdən, sevgidən şerlər yazıldığını vurğulayan Yunus Oğuz onu tarixi romanlar yazmasına vadar edən məqamları belə xarakterizə edib: "Gerçək tariximizin sovetlərin zamanında gənclərimizdən, cəmiyyətimizdən, xalqımızdan gizlədilməsi məni də vadar etdi ki, tarixi gerçəklikləri üzə çıxarım və gəncləri tariximiz, keçmişimiz, tarixi qəhrəmanlarımız barədə məlumatılandırım". Yunus Oğuz romanlarında bir qayda olaraq konflikt, qarşılaşdırmaya üstünlük verdiyini, eyni zamanda tarixi mənbələrə əsaslandığını vurğulayıb: "Romanda mütləq konflikt, qarşıdurma olmalıdır". Yazıçı onu da deyib ki,  tarixi roman yazmaq çox çətindir. Çünki tarixi biliklərin olmadığı halda tarixi roman yaza bilməzsən.

Yunus Oğuz "Əmir Teymur" romanının Qazaxıstan, Qırğızıstanda təqdimat mərasimlərinin keçirildiyini deyib. Onu da qeyd edib ki, ancaq Özbəkistanda bunu bir müddət həyata keçirə bilməyib. Çünki özbəklər Əmir Teymura elə bir qüvvə kimi baxır və ona hörmət edirlər ki, sanki onlardan başqa heç kim Əmir Teymur barədə yaza bilməz. Yunus Oğuz onu da diqqətə çatdırıb ki, çətinliklərə baxmayaraq Özbəkistanda da yüksək səviyyədə kitabın təqdimatını keçirə bilib. Buna nail olmaq üçün hətta yazıçı mərhum prezident İslam Kərimova teleqram da vurub. Məhz həmin teleqramdan və İslam Kərimovun razılığından sonra "Əmir Teymur" kitabının Özbəkistanda özbək dilində təqdimatı baş tutub.

Kitab yazarkən bir qayda olaraq tarixi mənbələrdən istifadə etdiyini deyən yazıçı onu da diqqətə çatdırıb ki, mənbələri oxuyub onları ümumiləşdirmək, o qəhrəmanlarla yaşamaq lazımdır: "Əsərdə qəhrəmanla yaşamadınsa, həmin əsər effektiv olmayacaq. Həmçinin əsərlərimdə çalışıram ki, romanımı oxuyan oxucu özünü həmin dövr içərisində hiss etsin".

Cəmiyyətdə daha çox maraq doğuran və Nadir şahın müsbət obrazını yaradan Yunus Oğuz eyniadlı romanı  47 yaşında yazdığını, ancaq buna qədər də bir sıra əsərlər qələmə aldığını tələbələrin diqqətinə çatdırıb. Yunus Oğuz bildirib ki, yaradıcı insanın gücü onun qələmindədir.

Yunus Oğuzun Özbəkistanda "Əmir Teymur" kitabının təqdimat mərasimi ilə bağlı səsləndirdiyi maraqlı hadisəyə dair fikirlərini bölüşən Fərrux Məmmədov deyib ki, Aleksandr Sergeyeviç Puşkin Rusiya, Taras Qriqoriyeviç Şevçenko Ukrayna üçün necə ilahi, dahi şəxsiyyətdirsə,   Əmir Teymur da eynən özbəklər üçün anoloji anlam kəsb edir: "Ona görə də hər bir xalq, millət öz tarixi şəxsiyyətləri, mədəniyyətini üstün tutmalı, öyrənməlidir".

Nadir şahın həmişə bizə qaniçən biri kimi təqdim olunduğunu diqqətə çatdıran Yunus Oğuz bunu da sovet təbliğat maşınının günahı ilə əlaqələndirib. Bildirib ki sovetlərin zamanında bütün tarixi şəxsiyyətlərimizin qaniçən, mənfi obrazı yaradılıb: "Çox şükürlər olsun ki, artıq tariximizə, keçmişimizə, tarixi şəxsiyyətlərimizə sahib çıxmağı bacarır, onları qəbul edirik. Əgər sən Nadir şaha, yaxud Əfsələddin Xəqani, Əmir Teymur yiyə durmayacaqsansa,  başqaları ona yiyə duracaq, sahiblənəcək.  Ona görə də keçmişinlə,  tarixinlə,  şəxsiyyətlərinlə fəxr etməlisən.  Avropa hər zaman çalışıb ki, kosmopolit kimi böyüyəsən. Avropa gənclərimizin kosmopolit böyüməsi üçün milyonlar xərcləyir".

Yazıçı bir məqam da diqqət çəkib. O deyib ki, müasir Azərbaycan dilinin formalaşması da Nadir şahın zamanından başlayıb. Ümummilli lider Heydər Əliyev isə Azərbaycan dilinin inkişafına təkan verib.  Məhz Heydər Əliyevin zamanında dövlət qurumlarında kargüzarlıq işləri Azərbaycan dilində həyata keçirilib. Ona qədər isə bütün kargüzarlıq işləri rus dilində aparılırdı: "Birinci Qarabağ savaşında ona görə uduzduq ki, 19-cu əsrdə ruhumuzu parçalamışdılar.  Ordumuz,  dövlətimiz yox idi. Yenicə müstəqillik əldə edən ölkədə ordu quruculuğu, dövlətin formalaşması zəif idi. Ancaq İkinci Qarabağ savaşında ruhumuz bütövləşdi, xalq dövlət ətrafında birləşdi. Nəticə etibarilə qələbə qazandıq: "Biz bu gün xalqdan millətə keçirik. Artıq millət kimi formalaşırıq. Millət kimi formalaşmamızda da Heydər Əliyevin azərbaycançılıq ideologiyası mühüm əhəmiyyət kəsb edir. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi,  o halda ermənilər Kürün sol sahilinə qədər gəlib çıxacaqdılar.  İkinci Qarabağ savaşında qeyd etdiyim kimi bir olduq, birləşdik və hədəfimizə çatdıq, Qarabağı işğaldan azad etdik. Bundan sinra uzaq hədəflərə çatmaq üçün də bir olmalı, diri olmalıyıq".

Sonda yazıçı müəllifi olduğu kitabları tələbələrə hədiyyə edib və onlarla xatirə şəkili çəkdirib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31