Uşaqlarda nifrət, kin nədən yaranır- Sevgisizlikdən, başa düşülməməkdən, yoxsa?...
9 Dekabr 2021 14:16 Sosial"Valideynlərə tövsiyyəmiz bu olardı ki, hər zaman uşaqlar arasında qayğı, diqqət, sevgi, bərabər şəkildə bölünsün"- Aytac Zeynalova
Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində diqqət cəlb edən problemlərdən biri uşaqlara qarşı təzyiq və aqressiv davranışlardır. Çox təəssüf ki, bu hal getdikcə daha da geniş vüsət alır. Ötən gün ölkəmizdə məktəblərin birində şagirdlərin bir-birlərinə qarşı etdiyi zorakılıq halını xüsusi qeyd etmək olar. Bəs uşaqlarda bu aqresiya hardan yaranır? Niyə görə son zamanlar məktəblərdə zorakılıq halları artır? Buna səbəb nədir?
Suallarımıza cavab tapmaq üçün "Sirdaş psixologiya mərkəzi"-nin psixoloq- konsultantı Aytac Zeynalova ilə həmsöhbət olduq.
- Aytac xanım, son zamanlar məktəblərdə şagirdlərin bir-birinə qarşı zorakılığı artıb. Bunun kökündə nə dayanır?
-Son dövrlər ən çox rastlaşdığımız problemlərdən biri məktəblilər arasındakı zorakılıq problemidir. Bir psixoloq olaraq gündəlik həyatımızda müraciət edən pasiyentlərin və ya vətəndaşların əksəriyyəti övladlarının zorakılıq hallarına məruz qalmasından və ya zorakılığa meyilli olmasından şikayətlənirlər.
Bildiyimiz kimi, bir neçə gün əvvəl məktəbdə zorakılıq hadisəsi baş verib .Belə hadisələrdə ilk olaraq kütləvi informasiya vasitələri çox diqqətli olmalıdırlar, belə hadisələrin hər bir saytda gözəçarpan dərəcədə paylaşılması, cəmiyyətdə bu hadisələrin geniş vüsət almasına gətirib çıxarır. Bundan başqa nəzərə almalıyıq ki, hər bir yeniyetmə fərqli ailələrdə böyüyür və onların psixoloji durumu fərqlidir. Burda ailədaxili konfliktlər, münasibətlər, yeniyetmənin böyümə istəyi , özünü başqalarına sübut etmək kimi məsələlər nəzərə alınmalıdır.
-Böyüklərdə agresiya, gerginlik və nifrət hissinin yaranmasının səbəbləri məlumdur. Bəs bu səbəblər uşaqlarda hardan qaynaqlanır? Nəyə görə onlar bir-birlərinə qarşı nifrət hissi ilə yanaşır və çox aqresiv olurlar?
-Ümumiyyətlə uşaqlarda nifrət hissinin yaranması, aqresiv olması bir çox səbəblərdən baş verə bilər. Ailədə konfliktlərin olması, düzgün münasibətlərin qurulmaması, uşaqlar arasında sevginin, qayğının düzgün bölünməməsi uşaqlarda aqresivliyə gətirib çıxaran proseslərdir. Ailə uşaqda yeni düşüncənin formalaşmasına kömək edən bir faktordur. Bizim yaşadığımız hazırkı dönəmdə elə hadisələrlə qarşılaşırıq ki, bu hadisələr bizim həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Valideyn-övlad münasibətlərində -sevgidə, qayğıda, bir-birini anlamaqda və s. məsələlərdə problemlər yaşanır. Yeniyetməlik dövründə depresiya, stres daha çox müçahidə olunan faktorlardır. Bu təbii ki, psixoloji məsələlərdir. Ailələrin daha çox maarifləndirilməsi, uşaqlarını daha yaxşı böyütməsi, psixoloji tərəfdən daha yaxşı yönəltməsi lazımdır. Əlbəttə ki, biz ümumi götürsək, uşaqlarda zorakılıq meyilləri, aqressivlik, nifrət meyilləri daha çox yeniyetməlik dövründə başlayır. Bu da onların uşaqlıqda aldığı travmalara bağlı olan bir prosesdir. Onlar ailədə gördükləri, uşaqlıqda insanlardan gördükləri bəzi zorakı davranışları daha sonra tətbiq etməyə başlayırlar. Zorakılıq dedikdə burada təkcə cinsi zoraklıqdan söhbət getmir. Bu fiziki, psixoloji və cinsi zorakılıq olmaqla bir neçə yerə bölünə bilər. Bu əsasən yeniyetməlik dövründə üzə çıxan bir prosesdir. Çünki, uşaq gördüyünü gələcəkdə özündə və ətrafa nümayiş etdirir. Təbii ki, bu sırf psixoloji bir aspektdir. Ona görə də valideynlər mütləq şəkildə psixoloji tərəflərini həll etməlidirlər. Uşaqları psixoloji cəhətdən yönləndirməlidirlər. Əsasən də sevgini və qayğını düzgün istiqamətdə bölməlidirlər ki, uşaqlar arasında paxıllıq, nifrət hissi və aqresivlik kimi hallarla rastlaşmasınlar.
-Uşaqlarda yaranan bu agresiya ailədə baş verən problemlərdən qaynaqlana bilərmi?
-Vurğulamaq lazımdır ki, uşaqlarda yaranan aqresiya ailədəki faktorlarla bağlı ola bilər. Niyə? Çünki onların ailədə gördüyü istər zorakılıq, istər uşağın anasının onun gözü qarşısında döyülməsi və digər səbəblər uşaqların cəmiyyətə qarşı daha aqressiv və nifrətlə yanaşmasına gətirib çıxara bilər. Yaxud uşaqların istəklərinə qarşı çıxılması, onların istəklərinin nəzərə alınmaması, insanlar arasında uşaqların utandırılması, sözünün keçərli olmaması, sözünün kəsilməsi, bütün bunlar uşaqlarda özgüvənsizlik, nifrət, aqresiya kimi hisslər formalaşdırır. Gələcəkdə bu mütləqdir ki, istər öz ailəsinə, istər məktəbdə uşaqlara, istər öz ətrafında olan dostlarına bunları tətbiq edir. Ümumiyyətlə ailədə müəyyən bir psixoloji yaş dönəmləri var ki, onları valideyn mütləq şəkildə maarifləndirməli və valideyn bilməlidir ki, hansı yaş dönəmində olan uşaqla necə davranmaq olar və bununla da onlar öz övladlarını gələcəyə, cəmiyyətə çox faydalı vətəndaş kimi yetişdirə bilərlər.
-Məktəblərdə daha çox hansı zorakılıq növləri ilə tez-tez rastlaşılır?
-Məktəbdə zorakılığın daha çox fiziki, cinsi və psixoloji növlərinə rast gəlmək olur. Ümumiyyətlə cəmiyyətimizdə də bu növlərinə daha çox rast gəlinir. Zorakılığa itələmək, təpikləmək, sosial manipulyasiya, qrupdan kənarlaşdırmaq kimi müxtəlif dolayı yolları vardır. Məktəbdə zorakılıq həm fiziki, həm də zehni zorakılıq olaraq paralel gedə bilər. Bu da məktəbin fəaliyyətinə mənfi təsir göstərir. Məktəbdən yayınma hallarına, valideynlərlə, müəllimlərlə kobud danışıqlara, ünsiyyətə gətirib çıxarır. Ümumiyyətlə belə düşünsək oğlanlar daha çox zorakılıqlarla qarşılaşırlar. Qızların qarşılaşdığı zorakılıqlar isə daha çox insan münasibətləri ilə əlaqələndirilir. Məktəb vaxtı baş verən zorakılıq halları gələcəkdə depressiv meyillərə, özünü tənha hiss etməyə və özgüvənsizliyə gətirib çıxaran bir hallardır. Bundan başqa biz məktəb zorakılığının bir çox növlərini də qeyd edə bilərik. Bura uşaqların, şagirdlərin təhqir olunması aiddir. Təhqir olunan şagirdlər daha çox təkliyə meyilli olurlar. Tək qalırlar. Müəllim-şagird, valideyn-müəllim, şagird valideynlərini də qeyd edə bilərik. Məsələn müəllimin şagirdlərlə konfliktlərinin olması uşaqlarda bir travma qoya bilər. Yaxud da valideynin müəllimlə hər hansı bir konfliktə girməsi uşaqda hər hansı bir travma, aqressiya yarada bilər. Bu onlara psixi təsir edə bilər. Şagirdin valideynlə münasibəti, evdə qurulan münasibətlər, məktəbdə davam edən münasibətlər, valideynin uşaqla davranışı, sevgisi, qayğısı və yaxud da zorakı davranışları nəzərdə tutula bilər.
-Bullinq nədir? Ümumiyyətlə bullinqə təkan verən amillər nələrdir?
-Bullinq bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışlarıdır. Ümumiyyətlə məktəblərdə son illərdə çox yayılıb. Şagirdlər arasında zorakılıq hadisələri gözəçarpacaq dərəcədə artıb. Bunu daha çox yeniyetməlik dövründə şagirdlər arasında, yaxud daha üstün yaş qrupları arasında olan dedi-qodular, alçaldıcı zarafatlar, xüsusi qruplaşmalar, uşaqların təklənməsi kimi meyarlarla izah etmək olar. Bullinq təcavüz, hücum, zorakılıq, təhqir, təcavüzkar bir hərəkətdir. Bir və ya bir neçə şəxs tərəfindən oluna biləcək bir hərəkətdir. Ümumiyyətlə bunun yaranmasında müxtəlif sosual və psixoloji tərəflər ola bilər. Birinci bunu ailə ilə bağlaya bilərik. Məsələn daha çox alçaldılmış,özünü başqalarından aşağı görən, zorakılıq vəziyyətində böyüyən, cəmiyyətdə və məktəbdə daha çox bu hallarla rastlaşmaq insanlarda özünü büruzə verir. Bundan başqa diqqət mərkəzində olmaq, cəmiyyət və ailə tərəfindən diqqəti özünə çəkmək kimi hallar müşahidə oluna bilər.
-Aytac xanım, əsasən bullinqə məruz qalan, hansı yaş kateqoriyalı uşağlar daxildir?
-Bullinqə məruz qalmaq hər hansısa bir yaş dövrünə bölünmür. Çünki, bu müxtəlif yaş dövrlərində ola bilər. Bildiyiniz kimi istər cinsi tərəflərdə, istər fiziki tərəflərdə, biz bilirik ki, pedofil insanlar var ki, uşaqlara belə təcavüzlərini görürük. Yaş kateqoriyasına yönəlsək , təbii ki, yeniyetməlik dövrünü götürərik. Çünki, yeniyetməlik dövründə, uşağın hərtərəfli inkişafına nəzər salsaq görərik ki, bu hallara daha çox yeniyetməlik dövründə məruz qalınır. Bundan başqa bullinqə məruz qalan zorakılıq qurbanları daha çox yoxsul ailələrdən olan uşaqlardır, fiziki məhdudiyyətli, istedadlı uşaqlar son dönəmlər cinsi azlıqların nümayəndələri olur. Bullinqə məruz qalan uşaqlarda əsasən başqalarına tabe olmaq meyilləri, özünü fiziki zorakılıqdan qoruya bilməməkləri, lağa qoyulmaları, heç vaxt qrup şəklində oyunlarda iştirak etməmələri, məsələn sinifdə lövhə qarşısında çətinlik çəkmələri, özlərinə sanki özgüvənin olmaması da bura daxil etmək olar.
-Belə məsələlərin qabardılması doğrudurmu? Yəni bu məktəblilərin gələcək həyatlarına hansı təsirlərlə ötüşə bilər?
-Ümumiyyətlə kütləvi informasiya vasitələri hər birimizin həyatının ayrılmaz bir hissəsinə çevrilib. Yaşadığımız hazırkı dövrdə kütləvi informasiya vasitələrinin rolu danılmazdır. Sadəcə bir məqamı qeyd etmək istəyirəm ki, hazırkı dövrdə həm də intiharların geniş vüsət aldığını görə bilərik. Burada istər məktəblərdə, istər ailələrdə, istərsə də zorakılıq hallarından sonrakı intiharlardan söhbət gedir. Həmçinin də zorakılıq halları, bunlar məktəblərdə olan zorakılıq halları, məktəblərdə olan halları, cinsi zorakılıqlar fiziki zorakılıqlar , psixoloji zorakılıqlar bütün bunların hamısı kütləvi informasiya vasitələrinin daha çox rolu var. Çünki bir intiharın olması bir çox saytlarda bunun yayılmasına və digər cəmiyyətdə fərqli təsirlər göstərə bilər. Ümumiyyətlə qeyd etsək bir intihar xəbərinin 5 nəfərdən 3-4 nəfərə mənfi təsir göstərməsi qeyd oluna bilər. Hər kəs bunu rahatlıqla qəbullana bilmir. Kimi ağlayar, kimi məntiqi olaraq düşünər ki, nələrsə baş verib, səbəblərinə baxar, amma ümumilikdə belə baxdıqda kütləvi informasiya vasitələrinin bizim həyatımızdakı rolu və bu xəbərləri yaymaq paylaşmaq kimi rolu bu əlbətdəki həm də mənfi təsirə malikdir. Mənfi təsirə malik olmasa da, bu zorakılıq hallarının, hadisələrinin daha geniş yayılmasına, intihar hadisələrinin daha geniş yayılmasına insanlara müsbət təsir etdiyi kimi mənfi təsirləri də qeyd etmək lazımdır.
-Valideynlər tərbiyə prosesində uşaqlara bu mövzularda nələri öyrətməlidir? Onlara bir psixoloq kimi nələri tövsiyyə edirsiniz?
-Təbiidir ki, cəmiyyət, mühit hər birimizin həyatında mühüm rol oynayır. Uşaqların böyümə tərzində, davranışlarında, gələcək, həyata hazırlıqlarında valideyn və müəllimlərində böyük rolu var Ümimiyyətlə valideynlərə tövsiyyəmiz bu olardı ki, hər zaman uşaqlar arasında qayğı, diqqət, sevgi, bərabər şəkildə bölünsün. Uşaqlara tərbiyə prosedurunda onların peşə seçimlərinə hörmətlə yanaşılsın, onların fikiri dinlənilsin, onlara hər zaman güvən hissi bəxş edilsin. Bəzi valideynlər uşağda özgüvənsizlik formalaşdırırlar, bu da uşaqların gələcək həyatlarında ciddi problemlərə və travmalara gətirib çıxarır. Cəmiyyətdə hər bir övladın yetişməsində valideynin xüsusi rolu var.
Mehriban Xəlilli