İntiharlar niyə uşaqlaşır?
9 Dekabr 2021 12:16 Sosialİntihar hadisələrində nəzərə çarpan ən üzücü xüsuslardan biri intiharın zaman keçdikcə cavanlaşması - yetkinlik yaşına çatmamış uşaqlarda görünməsidir. Təəssüf ki, Azərbaycanda da azyaşlı uşaqların intihar etməsi ilə bağlı xəbərlərlə tez-tez rastlaşırıq. Yeniyetməlik yaşı 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir ki, biz də bu dövrü "keçid", "təhlükəli", "dönüş" və s. dövrü adlandırırıq. Bu dövrdə yeniyetmələr arasında özünə qapanma, depresiv əlamətlər görülə bilər. Ona görə də, bu müddət ərzində valideynlər azyaşlı övladlarına daha çox zaman ayırmalıdır.
Təbii ki, yeniyetməlik dövründə olan şəxs intiharın, ölümün nə olduğunu tam olaraq dərk etmir. Amma, valideyn ilə övlad arasında yaranan boşluq, valideynlərin müntəzəm olaraq öz övladlarının psixoloji durumu ilə maraqlanmaması, stress, depressiya onları intihara sürükləyir.
Psixoloq Mələk Kərimovanın sözlərinə görə, intihar 15-24 yaş aralığında yeniyetmə və gənclərdə daha çox görülür ki, bunun da səbəbləri müxtəlif faktorlar ola bilər:
- Statistikaya baxdığımız zaman, intiharın yeniyetmələr arasında daha çox göründüyü bəllidir. Bu adətən, 15-24 yaş aralığında, bəzi kitablarda 15-29 yaş aralığında olaraq qeyd edilir. Bu yaş qrupunda intihar nisbəti daha yüksəkdir. 10 yaşına qədər olan intiharlar da mövcuddur. Amma bu çox nadir hallarda olan bir intihar girişimi olaraq qarşımıza çıxır. Məsələn, 2019-cu il Türkiyə statistikasına baxdığımız zaman, ölümlə nəticələnən intiharların 32%-nin 15-29 yaş aralığında olan insanlar təşkil edir. İntihar niyyətinin qadınlar arasında çox olması, amma reallaşan ölümlərin kişilər arasında daha çox olması da diqqətimizi çəkir. Ona görə də sırf ölümlə nəticələnən intiharlar qadınlarda 23%, kişilərdə 77% görülür.
Ümumiyyətlə intiharın səbəblərini bir çox başlıqda toplaya bilərik. Bunlardan ən yüksək risk qrupunda olanları belə sıralamaq istəyirəm.
Əsas faktorlardan biri ailə ilə əlaqədardır. Belə deyək ki, əgər ailədə ata və anadan hər hansı birində psixopatologiya varsa və yaxud ailə üzvlərindən birinin keçmişində intihar ilə əlaqədar bir hekayə varsa, yəni, ya intihar edib, ya da intihar cəhdi olubsa, bu cür ailələrdə böyüyən uşaqlarda da intihar riskinin daha çox olduğu müşahidə edilir. Eyni zamanda, ailədə psixoloji pozuntularla yanaşı, maddə asılılığı olan biri varsa və yaxud ailə üzvləri arasında davamlı münaqişələr, fiziki, cinsi istismar, şiddət varsa bu da gənclərin ailə ilə olan bağlarının sarsılmasına səbəb ola bilir. Mən burada xüsusilə cinsi istismarın üzərində daha çox dayanmaq istəyirəm. Çünki, istismar yaşanan ailədə xüsusilə ana da bu haqda məlumatlıdırsa, bunu gizlədirsə, övladını qoruya bilmirsə, bu da gənclərin, xüsusən, qızların intihar riskinə təsir edən faktorlardan biri kimi qarşımıza çıxır. Eyni zamanda, parçalanmış ailələr və ata ananın bir-birinə qarşı niftət duyğularının olması, uşağın şiddətə məruz qalan valideynin yanında qalması, məkan dəyişikliyi kimi faktorlar da intihar riskinə təsir edən faktorlardan biridir. Təbii ki, normal ailə münasibətləri, müsbət duyğuların daha çox olduğu bir ailədə yetişən uşaqların da özlərinə, mənliyə qarşı olan hörmət duyğusu daha yüksək olacaqdır. Ona görə də, adətən mənliyə hörmət duyğusu yüksək olan uşaq və yeniyetmələrdə intihar riskinin daha aşağı olduğu müşahidə edilir. Bəs mənliyə hörmət duyğusu necə formalaşır? Bu da təbii ki, ailə üzvləri arasında olan isti münasibətin nəticəsi kimi qarşımıza çıxır. Uşağa nə qədər kiçik yaşlarından etibarən hörmətlə yanaşılırsa, dəyər verilirsə, sevgi dolu mühitdə böyüyürsə, problem həll etmək bacarığının formalaşmasına dəstək olunursa, güvəndiyi bir ailəsinin olduğunu hissi verilirsə, o zaman onda mənliyə hörmət duyğusu yüksək olacaq. Bu şəxs həyatında çətinliklər olsa belə, bu çətinliklərlə baş edə biləcəyi haqqında bir inanc formalaşdıracaq. Tam əksi, özünü dəyərsiz görürsə və eyni zamanda, bunun formalaşması üçün də ailədə şərait olmayıbsa, daim evdə xor görülübsə, fiziki, emosional ehtiyacları qarşılanmayıbsa, təbii ki, belə ailədə böyüyən yeniyetmədə özünə hörmət duyğuları formalaşmayacaq. Bu formalaşmadiği zaman da həyatında olan hər hansı bir çətinlik qarşısında intihara müraciət etməyi həll yolu kimi düşünə biləcəkdir. Təbii ki, bu hissədə də profilaktik tədbir olaraq ailələrin normal psixikaya sahib uşaqlar yetişdirmək üçün məsuliyyətlərinin olduğunu demək vacibdir. Eyni zamanda şəxsdə olan emosional dəyişiklikləri də zamanında fərq edərək həssas yanaşmaq, yeri gələrsə profesyonal dəstək almaq şərtdir.
Digər bir faktor ümidsizlik hissinin şiddətli olmasıdır. Ümid əslində, bir növ insanın gələcəyini qiymətləndirməsi ilə bağlıdır deyə bilərik. Gələcək ilə bağlı planların və motivlərin olmasından ibarətdir. Bir insanda ümidsizlik duyğularının şiddətli olması, xüsusən, yeniyetmə və gənclərdə intihar düşüncəsini tətikləyən, ona yol aça bilən risk faktoru kimi qarşımıza çıxır. Ümidsizlik və çarəsizlik intihar cəhdlərində ən çox rastlanan hisslərdən ikisidir. Ona görə də, ümumi baxdığımız zaman ümidsizlik duyğusu aşağı olan insanlarla işləmək çox əhəmiyyətlidir. Çünki, bu duyğunun artırılması intihar riskinin azalmasına kömək edəcək.
Risk faktorlarından bir digəri depressiya ola bilər. İntihar düşüncəsi olan şəxslərdə depresiyanın əlamətləri çox vaxt şiddətli şəkildə müşahidə edilir. Yəni, dərin depressiyada olan bir insanın sonda intihar düşüncələrinin olması gözləniləndir. Ona görə də depressiyaya da ciddi yanaşılmalıdır. Məsələn, ailələr bu mövzuda deməməlidir ki, sənin iradən olsaydı, bu vəziyyətdən çıxardın. Ya da müqayisə etməməlidir ki, məsələn, filankəsin oğlu və ya qızı nə qədər güclüdür, öz həyatı ilə bağlı yüksək motivasiyalıdır və s. Yəni, müqayisə edilmək, məsələyə ciddi yanaşmamaq gəncin anlaşılmamasına səbəb olur. Ona görə də, necə ki, burun, qulaq, mədə ağrısında olduğu kimi həkimə müraciət etməyə üz tuturuqsa, depressiyaya da ciddi yanaşılmalı və bunun bir narahatçılıq olduğu anlaşılaraq həm psixoloq, həm psixiatrla ciddi iş aparılmalıdır. Niyə depressiya sahəsində çalışan insanlar ehtiyat edir? Dərin depressiya zamanı intiharın baş verməsi əsas faktlardan biridir. Yəni, depressiyada olanların 70%-ə yaxını intihar edir deyə ehtimal edirik.
Bir də stress səviyyəsinin şəxs tərəfindən necə qavranılmasına da diqqət edilməlidir. Bu o deməkdir ki, bir insan həyatında baş verən çətinlikləri necə qavrayır, onu nə dərəcədə qloballaşdırır. Bu da bir factor kimi qarşımıza çıxır. Əgər çətinliklər çox böyük və həll edilməyəcək məsələlər kimi görünürsə, bu yeniyetmələrdə qavranılan stress səviyyəsinin yüksək olduğunu göstərəcək. Stress səviyyəsinin yüksək olması da onlarda təşvişin artmasına səbəb olacaq.
Digər bir faktor təşviş pozuntuları ola bilir. Məsələn, təşviş pozuntusu olan yeniyetmələrdə də intihar riskinin yüksək olma ehtimalı qeyd edilə bilər. Yəni, sadaladıqlarımın hamısı bir səbəb olmasa da, hər biri intihar davranışını artıra bilən risk faktorları kimi ələ alına bilər.
Psixi pozuntular, əqli geriliklər və s. ruh sağlığına mənfi təsir edən faktorlardır və yenə də intiharda risk faktorları kimi ələ alınır.
Fiziki xəstəliklər, bədənlə, görünüşlə bağlı problemlər və bunun daha da dərinləşməsi, eyni zamanda, maddə və yaxud alkoqol istifadəsi kimi faktorlar da intiharda risk faktorları kimi qarşımıza çıxır.
Digər bir faktor isə cinsi kimliklə bağlı məsələdir və çox zaman cinsi kimlik ilə bağlı məsələlərdə də ailənin, cəmiyyətin təzyiqlərinin gənci intihara sürüklədiyini görürük.
Ümumi baxdığımız zaman, keçmiş travma dərəcəsində təsir edən həyat hadisələrinin olması da diqqət edəcəyimiz xüsusiyyətlər arasındadır.
Bundan başqa intiharda risk faktorları arasında medianın təsirini, yoldaşlarla olan münasibəti də qeyd edə bilərik. Yəni, əgər yeniyetmə və ya gəncin sosial dəstək mexanizmləri güclüdürsə, onu dəstəkləyən ən az bir dostu, rəfiqəsi varsa, bu qoruyucu faktor kimi qarşımıza çıxır. Amma yeniyetmə və gənc özünü tək hiss edirsə, cəmiyyətə uyğunlaşa bilmirsə və yaxud dostluq qurmaqda çətinlik çəkirsə bu da risk faktoru kimi qarşımıza çıxır.
Yeniyetmə intiharlarında ən vacib amillərdən biri də valideynlərin diqqətli olmasıdır. Bu hissədə valideynlər nəyə fikir verməlidirlər? Əgər yeniyetmənin
1. fiziki görünüşündə və təmizlik ilə bağlı hissələrdə dəyişiklik varsa, məsələn, çox tez-tez, saatlarla hamamda qalır və ya uzun müddət yuyunmur, saçlarını qısa kəsdirir, ya da son dönəmlərdə geyim-keçiminə fikir vermirsə,
2. mesajlarında, sosial şəbəkə səhifələrində ölümlə bağlı fikirləri çox səsləndirirsə, məsələn, "ölmək istəyirəm", "özümü öldürəcəm", "kaş daha çox yata bilsəm", "dünya mənsiz daha yaxşıdır", "onsuz mən olmasam bu dünyada bir şey dəyişməyəcək", "mən öləndən sonra hamı rahat olacaq" və s. cümlələr istifadə edirsə, bu hissələr mütləq ciddiyə alınmalıdır. Uşağın "öləndən sonra nə olur?" kimi suallar verməsi də siqnal mahiyyətində suallar kimi dəyərləndirilməlidir. Ailə bunu zarafata salmamalıdır və bununla əlaqədar diqqətli olub, mütləq profesional dəstək almalıdır. Bu hissədə ciddiyə alınmamaq bir insanın həyatının yox olması ilə nəticələnə bilər.
3. Yeniyetmə özünə qapanırsa, ümidsiz davranırsa, özünü sevmirsə, dostlarından uzaqlaşırsa, aqressivdirsə, çox ağlayırsa, əvvəl etmədiyi çılğın hərəkətləri edirsə bu zaman da ailə və çevrə mütləq həssas yanaşmalı və uyğun tədbirlərə əl atmalıdır.
Röyalə Xəyal