“Qərbi Azərbaycanın coğrafiyası” silsiləsindən – İqlim şəraiti

Regionun relyef stukturu əsasən yüksək dağlıq və dağlararası çökəkliklərdən, eləcə də hündür düzənliklərdən ibarət olduğundan, hakim hava axınlarının ilboyu landşaft hövzələrinə güclü təsiri bölgədə sərt, soyuq, qarlı-şaxtalı keçən qışın, mülayim-isti və rütubətli yayın keçməsi ilə səciyyələnir. Səciyyəvi  iqlim şəraitinin  formalaşmasında hakim küləklərin istiqaməti Aralıq-Qara dəniz hövzələrindən, İran dağlıq yaylası və Ərəbistan yarımadası üzərində yaranan enliklər üzrə atmosfer sirkulyasiyası ilə yanaşı,həmçinin mikrorelyef örtüyündən yaranan dağ-dərə boyunca sirkulyasiya edən hava kütlələrinin rolu böyükdür. 

Anadolu dağlıq yaylası ilə Qarabağ vulkanik yaylası arasında, Arazboyu-Ağrıdağ  vadisi ilə Şərqi Göyçə silsiləsi hüdudlarında fəal dağəmələgəlmə bölgəsini tutan Qərbi Azərbaycanın relyef-landşaft strukturunun 50 faizi yüksək dağlıq hövzələri (700-800 m-dən 2800-3900 m hündürlüyə malik qurşaqları) tutur (şimalda Dağ Borşalı yaylası, Göyçə gölü ətrafında Pəmbək, Gəyən, Basarkeşər və Dərələyəz dağları, cənubda meridianal istiqamətdə uzanan Zəngəzur və  Mehri silsilələri..., Oxçuçay ("Gığı dərəsi" boyunca) -Bazarşay, Ağrıdağ və Göyşə gölü çökəklikləri..., Arpaçay, Zəngibasar, Vedibasar  və Dilican vadiləri...).

Ona görə də bölgənin iqlim şəraiti məhz bu təbii-coğrafi vahidlərinin təsiri altında minilliklər boyunca təşəkkül tapmış, həm də əski Türk-Müsəlman toplumunun etnogenetik və morfobioloji irsinin, genetik-qan yaddasının formalaşmasına bilavasitə təsir edən amilə çevrilmişdir. Əski tarix boyunca regional iqlim özəlliyinin təsiri, yüksəklik-dağ havasının ruhu, iqlim şəraitinin sərtliyi kökənli Oğuz-Hun, Qıpşaq-Sak tayfalarının döyüşkən, mübariz ruhunun mayasına çevrilmişdir.

Xüsusilə, yüksək dağlıq qurşaqların (2500-3500 m hündürlüklü) hakim iqlim şəraiti bölgə əhalisinin əyilməyən, mübariz, "dağ havası"nın yaratdığı iradəsinin təcəssümünə səbəb olmuş, düşmənə qarşı müqavimət hissini artırmışdır.

Görkəmli rus coğrafiyaçısı-iqlimşünas A.İ.Voeykov (1842-1916) yazmışdır ki, insanı iqlim yaradır...

Təsadüfi deyil ki, yuxarıda göstərilən relyef-landşaft strukturunun özəlliyi nəticəsində Qərbi Azərbaycan ərazisndə 6 iqlim rayonu ayrılmışdır:

-cənub-şərqdə, 1000 m hündürlüklü yaylaların (Qarabağ yaylasının qərb hissəsi) quru-subtropik qurşaq (yayı isti, qışı mülayim keçməklə);

-Ağrıdağ-Arpaçay vadisinin  quru kontenental qurşağı (isti yay, soyuq qış, yağıntısı az olmaqla);

-Ağrıdağ düzünün ön dağlığı hövzəsi (quru-mülayim şərait, yağıntının miqdarı 650 mm-dək, yay isti, qış soyuq keçir);

-Dağ Borşalı yaylası, Pəmbək dağlıq silsiləsi və "Dilican dərəsi"ni tutan şimal hissə (1500-1800 m hündürlüklü qurşaq, yay sərin, qış sərt keçir, qar çox yağır, yağıntının miqdarı 800 mm-dək);

-mərkəzi hissənin yüksək dağlıq qurşaqlarını (Göyçə gölünü əhatələyən və 1800-3000 m mütləq yüksəkliyə malik dağları bürüyən) tutan iqlim şəraiti (daha sərt iqlim göstəricilərinə malik olmaqla);

-həmin hissədə 3000 m-dən yüksək olan ərazilərin çılpaq qayalıq landşaftı və dağ-tundra iqlimi (qısa mülayim yay, uzun, şaxtalı-soyuq qış dövrü, daimi qar-buz örtüyü ilə səciyyəvidir);

İqlim qurşaqlarının və iqlim rayonlarının fəsillər üzrə orta illik göstəricilərinə əsasən demək olar ki, Dilican vadisi mülayim temperatur, Şirəel düzü isə kontenintal göstəricilərə malikdir, bölgə üzrə ən yüksək (maksimum) temperatur həddi (müsbət 44 dərəcə, 2011-ci ilin iyul ayında qeydə alınıb) Mehri nahiyəsində, ən aşağı (minimum) mənfi şərait isə Dağ Borçalıda, Qızıl Qaya platosunda yerləşən eyni adlı kənddə 1961-ci ildə olub (mənfi 46 dərəcə). Bu göstərici Cənubi Qafqazda ən aşağı temperatur kimi meteroloji tarixə düşmüşdür.

Ümumiyyətlə, Dağ Borçalı mahalı uzun keşən qarlı-şaxtalı qışla (bəzən mənfi 35-40 dərəcə) və qısa, amma isti yayla (müsbət 34-36 dərəcə) səciyyələnir.

Temperatur şəraiti relyef örtüyünə uyğun olaraq fəsillər üzrə dəyişilir, belə ki, yay dövrü may ayının son həftəsinə düşür, dağlarda isə iyun ayının sonundan başlayır və avqust ayının 25-27-dək davam edir, orta temperatur göstəricisi 10 dərəcədir (payız fəslinə uyğun).

Düzən ərazilərdə yanvar ayının orta temperaturu mənfi 5 dərəcə, iyul ayında bu göstərici 26 dərəcədir, dağlarda isə müvafiq olaraq, mənfi 14 və müsbət 10 dərəcədir.

Bölgə üzrə yağıntılar da qeyri-bərabər paylanmışdır. Anadolu yaylası üzərində formalaşan isti hava kütlələrinin hakim olduğu Ağrıdağ düzü vadisində ən az yağıntı düşür (200-250 mm), Zəngibasar və Vedibasar yaylasının orta dağlığında 500-600 mm, Göyçə gölü ətrafındakı yüksək dağlıqda 700-900 mm olur.

Atmosfer çöküntülərinin daha çox düşdüyü ərazi Dağ Borçalı və Sünik mahalları, meşə örtüyü ilə landşaft qurşaqlarıdır.

Burada ən çox yağıntı Qərbi Zəngəzurda Qapan nahiyəsində Yuxarı Gilətağ kəndində müşahidə edilib - 810 mm, şimal hissədə isə Dilican meşələrində -750 mm. Hər iki hövzə subtropik iqlim qurşağı daxilindədir.

Ən az qar örtüyü də Ağrıdağ düzündə və Mehri vadisində, eləcə də Göyçə gölü hövzəsindədir.

Göyçə gölü və ətraf relyef-landşaft örtüyünün iqlimi xüsusilə səciyyəvidir. Gölü uzunluq boyunca əhatə edən Şərqi Göyçə silsiləsindən şərqə doğru Şahdağ sıra dağlarına (Hinaldağ zirvəsi, 3367 m) qədər olan dağarası çökəklikdə enən soyuq hava kütlələrinin (dağ-dərə küləkləri) təsiri nəticəsində qış ayları uzun olur (noyabr-mart ayları), aprel-may ayları yağışlar çox yağır. 1988-ci ildə Göyçə gölünə tökülən Ayrım çayı yaz aylarında daşqın yaratmış, Aşağı və Yuxarı Şorca kəndlərini sel basmışdır (oxşar hadisə 1976-cı ildə də qeydə alınıb). Bu hissədə soyuq hava şəraiti daha çox  həm də İnəkdağ, Daşkənd, Canəhməd kəndlərində, isti mühit isə Göyçə gölü sahillərində müşahidə olunur (bu ərazilərdə oktyabr ayına kimi bostan-tərəvəz məhsulları yetişdirilir).

Göyçə gölü sahillərində yay aylarında daha çox isti küləkləri - "Qarabağ yeli" (Kəlbəcər nahiyəsi istiqamətindən əsən) bir həftə ərzində hakim olur.

Regionda qış aylarında şimal və qərb hava kütlələri, gecə-gündüz (dağ-dərə) küləkləri uzun müddət əsir (15-20 m/san.). Hakim küləklərin istiqaməti dağların quzey səmti, vadilərin və dərələrin istiqamətləri boyunca müşahidə edilir.

Soyuq dekabr ayında Göyçə gölü donur, 50-70 sm qalınlığında buz bağlayır, 15-20 dərəcə şaxta olur, qar örtüyünün qalınlığı 1,5 m-ə çatır, 1965-1967-ci illərdə "dovşanı əllə tutmaq olurdu", amma sonrakı onilliklərdə qarın qalınlığı azalmağa başladı...

Dərələyəz mahalının relyef-landşaft mürəkkəbliyi (xüsusilə 2300 m yüksəklikdəki Qısırdağ aşırımı (Zəngəzur və Dərələyəz silsilələrini ayıran) qış fəslinin uzun müddət davam etməsi (noyabr-may ayları ərzində), qar örtüyünün davamlılığı (quzeylərdə yayda qar-buz kütləsinin qalması, 1968-ci ildə 2 m qalınlığında qar düşməsi), çayların rejimin də sel-daşqın hadisələrinin təkrarlanması (Qarabağ yaylasının qərb hissəsindəki Kəlləqayadan, Çıqıllı bulaqdan, Ayı bulağında başlayan Kilsəçayi, Dərəyurd çayı, Arpa şayında)... müşahidə olunur. Yağıntılı dövr payıza təsadüf etsə də (bəzən may ayında da güclü yağışlar yağır), bu fəsil nisbətən sakit və mülayim keçir.

Yüksəklik hissələrdə hava şəraitinin seyrək və günəş radiasiyasının güclü olması səciyyəvi hal hesab edilir. Yaylaqlarda, açıq dağ talalarında yay aylarında buludsuz, açıq havada istinin təsiri daha çox hiss olunur.

Oxşar iqlim-relyef şəraiti Ağbaba mahalında da (Qərbi Azərbaycanın şimal-qərbində, Araz şayı hövzəsində) qeydə alınır. Ərazinin Quzey və Güney dağları soyuq, kəskin kontenintal, Şirəel düzü mülayim iqlim şəraiti ilə seçilır. Bu bölgənin iqlim durumuna yay aylarında Aralıq dənizi hövzəsindən daxil olan isti və rütubətli hava kütlələri (Qars vilayəti ilə qonşu olduğundan), qışda isə Gürcüstan ərazisindən təsir edən soyuq antisiklon axınların təsiri müşahidə olunur (1500-2000 m yüksəkli qurşaqlarda).  Ona görə də yay bərk isti (may-iyun ayları həm də yağışlı olur), qış isə şaxtalı-boranlı (ən soyuq yerlər Quzukənd, Ellərkənd, Qarabulaq, Çivinli.. kəndləridir, Daş körpü kəndindən şimal-şərqdə yerləşən ərazilər) keşir, 1986-cı, 1992-ci illərdə düşən qarın qalınlığı 2 m-ə çatmışdır.

Yay aylarında Qərbi Azərbaycanın cənub hissəsinə (Vedibasara qədər olan ərazilərdə) təsir edən isti hava axınları Ərəbistan yarımadası üzərindən də yayılır.

Göründüyü kimi, müxtəlif iqlim şəraiti landşaft örtütünün müxtəlifliyinə, əsrarəngiz, mənzərəli təbii şəraitin (füsunkar dağ göllərinin, güllü-çiçəkli dağ-çəmən örtüyünün, dağ yarımsəhra vadilərinin...) yaranmasına, meşə zolaqlarının paylanmasına səbəb olmuşdur.

(ardı var)

(Yazının hazırlanmasında həm də Göyçə bölgəsinin Basarkeçər nahiyəsinin Pəmbək və Çamırlı (Nərimanlı) kənd sakinlərii Bəymalı Gülmalı oğlunun (1950) və Hacı Novruz Məhəmməd oğlu İsmayılovun (1932), Dərələyəz mahalının Paşalı nahiyəsinin Köçbəy kənd sakini Kimran Məmiş oğlu  Xanlarovun (1947) məlumatlarından istifadə edilmişdir.)

       Qismət  Yunusoğlu,

                                      Bakı Dövlət Universitetinin müəllimi 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31