ÖLÜMÜN BİR ADDIMLIĞINDA ÖLÜMÜ YENƏN İGİD !
9 Dekabr 2021 10:15 Sosial"...Ata, buralar çox gözəldir, cənnət kimi yerdəyik, düşməni məhv edə-edə gedirik. Məndən narahat olmayın. Üç gün keçməz sənə Ağdam torpağından zəng edəcəm...". Eltunun sonuncu danışığından atasının qulağında qalan və axır nəfəsinəcən unutmayacağı son sözlər. Ata bir də böyük sərkərdə Atillanın o məşhur ifadəsini unutmayacaq: "Müharibənin bir fərqi var. Orda son mənzilə atalar oğulların deyil, oğullar ataların çiynində gedir". Eltun kimi neçə-neçə çiçəyi burnunda fidanlarımız atalarının, analarının çiyinlərində getdi son mənzilə. Azərbaycan xalqı ipin incəldiyi yerdən qopmasını qəbul etməyib, ipə incəldiyi yerdən düyün vuran xalqdır. O düyünü vuran oğulları isə Azərbaycan anaları doğub böyütdü. Heç birinin yeri dolmadı, heç biri əvəzlənmədi, amma bir öldükcə min doğulduq. Tarixin adımız keçdiyi hər səhifəsinə bunu yazdıq biz. Çörəyini yediyimiz kimi, qurşununu da yedik. Təki Vətən yaşasın, dedik.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də var, göz yaşı da. Amma burada bir qəhrəman var. Analar... Bu torpağı qorumaq üçün övlad böyüdən, tərbiyə edən analar. Azərbaycanın üç minə yaxın oğlu torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Hər biri qəhrəmanlıq dastanı. Belə dastan oğullarımızdan biri Məmmədov Eltun Ramil oğludur.


Eltun 2000-ci il aprelin 14-də Yevlaxda anadan olmuşdu. Atası Ramil 1993-cü ildə 16 yaşında Ağdamdan qaçqın düşüb. Uzun illər ailəsi ilə bərabər saysan bitməz çilələr çəkərək o rayonda, bu şəhərcikdə, çadırda, yol kənarında, su qırağında məskunlaşıb, yurdunun azad olmasını gözləyiblər. Evlilik yaşına çatanda yevlaxlı Ramiyə xanımla ailə qurub. 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi qaçqınlar üçün tikilmiş binadan Ramilə də mənzil düşüb. Ramilin qardaşı Məmmədov Rafiq Aslan oğlu 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə igidliklə savaşaraq şəhid olmuşdur. Ramil bu evdə həyat yoldaşı Ramiyə ilə 4 övlad böyüdüblər. Eltunun böyük bacısı Fidan ailəlidir, balaca bacısı Ramiləni Şamama nənəsi saxlayıb. Evin sonbeşiyi Rafiq isə şəhid əmisinin adını daşıyır. Əmisinin torpaqda yatdığı qədər yaşasın.
Eltun 9-cu sinifdə oxuyanda iki dəfə sənədlərini Cəmşid Naxçıvanski adına Ali Hərbi Liseyə verib. Hərb peşəsinə böyük məhəbbəti olsa da imtahandan keçə bilməyib. 2018-ci ildə əsgərliyə gedib. Ürəyindəki hərb arzusunu reallaşdırmağa fürsət yaransa da, anası razı olmayıb. 2019-cu ildə əsgərlikdən qayıdıb. Lakin hərbçi olmaq arzusundan əl çəkməyib. 2020-ci ildə öz istəyi ilə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq üçün müraciət edib və sevdiyi hərb sənətinə dönüb. Çox keçmədən tariximizdəki və taleyimizdəki 27 sentyabr günü yetişib. Eltun ilk vaxtlar tibb xidmətçisi kimi fəaliyyət göstərib, yaralıların döyüş bölgəsindən çıxarılıb ilkin tibbi yardım göstərilməsi üçün ən qaynar nöqtələrə girib. Həm də aktiv döyüşlərə atılıb, qəhrəmanlıqla döyüşüb.
Oktyabrın 8-də evlərinə zəng edərək, anası ilə danışmaq istəyib. Amma anası danışa bilməyib, atası danışıb oğluyla. Ailəsinə ümid, inam, qələbə müjdəsi verib. Ertəsi gün - oktyabrın 9-da Suqovuşanın azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub. Eltunun özündən sonra geridə millətinin övladlarına hədiyyə etdiyi vətən qalıb.
Bu yazımda Eltunun yaxın dostu şəhid Səmədov Sadiq İbrahim oglunun adını cəkməsəm olmaz. Atalarımız yaxşı deyib: Dost min isə azdır, düşmən bir isə coxdur. Eltunla Sadiq bir məhəllədə böyüyüblər. I sinfə də bir yerdə gediblər, hec zaman ayrılmayıblar. Miharibədə də bir yerdə vuruşublar. Sadiq onun yaralandıgını görüb, irəli atılıb, döyüş meydanından cıxarıb, amma özü də düşmən gülləsinə tuş gəlib. Eltun tibbi kömək göstərənlərə qışqırırmış ki, Sadiqi xilas edin, Sadiqi, o da yaralıdır. Ancaq nə Sadiqi, nə Eltunu xilas etmək mümkün olmayıb...
Yenə şəhidin evindəyəm. Nənəsi Simuzər xanımla söhbət edirəm. Gözlərindəki bitməyən kədərin ağırlığı başımı aşagı dikməyə məcbur etdi məni. Simuzər nənənin ciyəri yansa da:- Bala dərdinə dözmək olur, Vətən dərdinə dözmək olmur, - deyir və əlavə edir: "Ulu öndər Heydər Əliyev 1998-ci ildə Yevlaxın EKO qəsəbəsinə gəlmişdi. Qaçqınlar üçün qəsəbənin açılışı idi. Bizə də ev verdilər. Hələ Eltun dünyaya gəlməmişdi. Ulu öndər mənim evimə gəldi, söhbət etdik. Məndən soruşdu ki, ana, nəyə ehtiyacın var, sənə nə yardım edim? Mən də dedim ki, mən şəhid qanı axmış torpağımızı istəyirəm sizdən. Mənim bu istəyimi ulu öndərin oğlu İlham Əliyev həyata keçirdi. Balalarımızın axan qanı ilə. Nəvəm şəhid oldu, ən yüksək məqama ucaldı. Amma torpağımız da azad oldu. Biz artıq doğma yurdumuza qayıdacağıq".
Simuzər nənə də ipin incələn yerinə bir düyün vurdu, heç pozulmayacaq möhür kimi...
Yenə məmmədovlar ailəsindəyəm. Varaqlasan ürəyini Ramilə ananın hər səhifəsində nə qədər yaraları var. Göz yaşları yuyur üzünü hər sabah. Ailə dövlətdən hər cür qayğı ilə əhatə olunduqlarını deyib, səbirsizliklə Ağdama qayıdacaqları günü gözləyir.
Vətən yolu bildiyin Ağdama gedən yollarına artıq yolçu olacaqsan Ramilə ana. Daha yuvası dağılmış göyərçinlər kimi pərən-pərən düşməyəcəksən yurdundan. Vətən əlçatandır, ünyetəndir artıq. Bu ifadəolunmaz xoşbəxtlik sənə oğlunun hədiyyəsidir. Yaman günümüzün ömrü uzun olsa da, sonu da oldu, balan sənə vətən bağışladı. Daha heç kim sənə Qarabağlı qız, qarabaxtlı qız demiyəcək. Amma həsrət yağışı cığır açacaq səni oğlunun məzarına aparan yollara. Məmmədov Eltun Ramil oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Eltunun uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!
Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti