Qiymət dəyişikliyini labüd edən şərtlər

Bu günlərdə  Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Bu günlərdə  Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Belə ki, SOCAR Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin dəyişdirilməsini təklif edib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abunəçilərinin təxminən 51%-ni (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Əhali abunəçiləri üçün müəyyən edilən tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

Göründüyü kimi, Tarif Şurasının yeni qiymət dəyişikliyi əhalinin aztəminatlı təbəqəsi üçün nəzərdə tutulmasa da, müəyyən maraqlı qüvvələr həmişəki kimi qiymət dəyişikliyini öz təfəkkürlərinə uyğun şərh etməyə, yönləndirməyə çalışırlar. Ümumiyyətlə, hər dəfə Tarif Şurası hər hansı bir qərar qəbul edəndə həmin qüvvələr cəmiyyəti çaşdırmağa, insanlarda yalnış təsəvvür formalaşdırmağa çalışırlar. Halbuki dövlətin, onun müvafiq qurumlarının atdığı hər bir addım sırf vətəndaş məmnunluğuna, insanların baş verən qiymət dəyişikliyindən zərər çəkməməsinə hesablanır. Elə iqtisadçı ekspert Elvin Babayev də bu qənaətdədir. O bildirib ki, təbii qazın qiymət dəyişikliyinin ölkədə sürətli şəkildə bahalaşmağa gətirib çıxaracağını iddia etmək kökündən yalnışdır. Çünki qiymət dəyişikliyi ən mühüm və prioritet sahələrdən hesab edilən kənd təsərrüfatına şamil edilməyəcək: " Qərar da göstərilir ki, iqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Bu da onu deməyə əsas verir ki, ölkənin ərzaq təhlükəsizliyində başlıca yer tutan kənd təsərrüfatı sahəsində hər hansı qiymət artımı müşahidə edilməyəcək. Bu qərar və qərarın kənd təsərrüfatına şamil edilməməsi dövlətin bu sahəyə nə dərəcədə diqqətlə yanaşdığını və həmin sahənin prioritet təşkil etdiyini söyləməyə əsas verir".

Elvin Babayev deyib ki, Tarif Şurasının qəbul etdiyi qərarın digər bir müsbət istiqaməti istilik təchizatı sistemlərinə verilən təbii qazın qiymətinin aşağı salınması ilə bağlıdır: "Qərarda göstərilir ki, təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Nəzərə alsaq ki, istər paytaxt, istərsə də regionlarda inşa edilən yeni yaşayış massivlərinin mütləq əksəriyyəti məhz ümumi qazanxana sistemi ilə qızdırılır, o zaman həmin qiymət dəyişikliyinin sadə vətəndaşlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu aydın şəkildə görə bilərik".

İqtisadçı Elvin Babayev onu da diqqətə çatdırıb ki, təbii qazın tarifinin dəyişdirilməsi təkcə daxili amillərlə bağlı deyil və qlobal miqyasda bu cür dəyişikliklər baş verir: "Koronavirus pandemiyasının yaratdığı iqtisadi məhdudlaşmalar, habelə dünya ölkələrində ayrı-ayrı istehlak məhsullarının istehsal həcmlərinin aşağı düşməsi dünya iqtisadiyyatına və beynəlxalq bazarlara öz təsirini göstərir. Son bir ildə dünya bazarlarında bütün əsas ərzaq məhsulları üzrə qiymətlər davamlı şəkildə artmaqdadır. Dünya enerji bazarlarında müşahidə olunan qiymət artımları bu prosesi daha da sürətləndirir. Xüsusilə təbii qazın dünya bazar qiymətlərinin artması qeydə alınır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan istifadə edən sahələr üçün tariflər dəyişib, o cümlədən istehlakçı kateqoriyaları üçün kommunal xərclər artıb. Ona görə də Azərbaycanda da təbii qazın qiymətinin dəyişdirilməsi labüd idi. Həm də onu nəzərə almaq lazımdır ki, Azərbaycanda enerji sektorunda qiymət dəyişikliyi bir sıra ölkələrdəki kimi tez-tez baş vermir. Əgər yaxın və uzaq ölkələrə nəzər yetirsək görərik ki, həmin ölkələrdə bu kimi qiymət dəyişiklikləri bir ildə bəzən bir neçə dəfə baş verir. Ancaq Azərbaycanda təbii qaz sahəsində qiymət dəyişikliyi sonuncu dəfə 2017-ci ildə baş verib. Ötən müddət ərzində həm təbii qazdan istifadəçilərin sayının artması, həm bu sahəyə sərf olunan xərclərin, vəsaitin çoxalması də tarif dəyişikliyini labüd edən şərtlərdəndir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31