Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb
7 May 2021 15:30 Sosial"Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayon bölmələrindən uzaq məsafədə yerləşən kəndlərdə payızlıq əkinlərin yemləmə dövrü üçün mineral gübrələrin səyyar satışı başa çatıb. "Olaylar" xəbər verir ki, Səhmdar Cəmiyyət hər gün paralel olaraq 10-15 qrup olmaqla, 1190 müxtəlif kənd və qəsəbə üzrə 2000-ə yaxın səyyar satış xidməti həyata keçirib. Səyyar xidmətlərdən 8000-ə yaxın vətəndaş yararlanıb. Ümumilikdə səyyar satış zamanı 5000 tona yaxın mineral gübrə satılıb. Payızlıq əkinlərdə artıq gübrələmə mövsümü yekunlaşsa da, yazlıq əkinlər üçün gübrələmə davam edir. Bununla əlaqədar olaraq Səhmdar Cəmiyyət yazlıq əkinlər üçün ikinci mərhələ səyyar satışlara başlayıb. Fermerlər səyyar satışlardan yararlanmaq üçün mineral gübrəyə olan tələbatlarını Səhmdar Cəmiyyətin 1659 Satış Mərkəzinə müraciət etməklə bildirə bilərlər.