Qanun qarşısında hamı bərabərdir
“Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq.
27 Avqust 2020 13:12 Sosial"Qanun qarşısında hamı bərabərdir, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazları yoxdur, heç kimin keçmiş xidmətləri nəzərə alınmayacaq. Hər kəs keçmiş xidmətlərə görə dövlətdən layiqli qiymət alıbdır."
Ölkə başçısı bu fikirləri hər çıxışında dönə -dönə təkrar edir. Vəzifə səlahiyyətindən istifadə edən məmurlara hər dəfə bu cür xəbərdarlıq mesajları səslənir. Bu mesajlar həm də vətəndaşlara güc, stimul verir. Bununla prezident hər an sadə insanların, vətəndaşların yanında olduğunu hiss etdirir. Qanunun təkcə sadə insanlara deyil, yüksək məqamda dövləti təmsil edən hər bir insana şamil olduğunu bildirir. Bəli, vəzifəmizdən, mövqeyimizdən, siyasi iradəmizdən asılı olmayaraq hər birimiz Azərbaycan Konstitutusiyası qarşısında birik- azərbaycanlıyıq, sadə vətəndaşıq. Bu dövlətin məmurları üçün də, sadə vətəndaşı üçün də qanunu birdir. Hamımız bu qanunun aliliyinə güvənirik. Hamımız bu qanuna inanırıq. Və ən əsası hamısı bu qanun tabeyik!
Mart ayından dünya və eləcə də Azərbaycan çətin sınaqla üz-üzədir. Dövlətimiz bu cür çətin sınaqla əzmlə mübarizə aparır. Bu aylar ərzində ölkə rəhbərliyi və aidiyyatı qurumların məqsəd təkcə dövlətin iqtisadiyyatın sağlam saxlamaq deyil, həm də vətəndaşların sağlamlıqlarını qorumaqdır.
Ölkəmizdə koronavirus pandemiyasının yayılmağa başladığı gündən etibarən insanların sağlamlığının qorunması məqsədilə hökumət tərəfindən müxtəlif istiqamətli tədbirlər görülmüş, qərarlar qəbul edilmiş və xüsusi karantin rejimi tətbiq olunmuşdur. Məhz bu səbəblə 6 aydır ölkədə kütləvi tədbirlər, məclislər qadağan olunub. Burada yeganə amal yeni COVİD-19 virusuna qarşı vətəndaşları qorumaqdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tibbi maska və digər qoruyucu vasitələr istehsal edən fabrik və sexlərin tikilib istifadəyə verilməsi ölkədə bu sahədə kifayət qədər ehtiyat yaratdı. Bundan əlavə, modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi ilə koronavirusa yoluxanlar müalicə olundu. Məhz modul tipli xəstəxanalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Modul tipli xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.
Bu günə kimi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən vətəndaşlar məsuliyyətə cəlb edilib. Ötənlərdə bəzi vəzifəli şəxlərin, məmurların toy mərasimlərini təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və ictimai qınağa tuş gəlib.
Ölkəmizdə koronavirusla mübarizənin mühüm uğur şərtlərindən biri uyğun qayda və məhdudiyyətlərin istisnasız hər kəs tərəfindən tam icra edilməsi, koronavirusun kasıb-varlı, vəzifəli-vəsifəsiz tanımadığı kimi, karantin qaydalarına uyğunlaşmaq zərurəti də "Həsənağanın, Atoppanın bacısı uşaqları" prinsipi çərçivəsində istisnalar tanımamalı olduğunu bildirən "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev təəssüflə qeyd edir ki, əslində biz bu gün nələrin şahid olduq?
Aydın Quliyev faktlar və araşdırmalar, inzibati tənbehlər, ictimai qınaqlar hesabına cəmiyyətimizin əsasən sadə, ad-sansız, təmkinli maddi təminat səviyyəsində dayanan hissəsinin karantin qaydalarına uyğunlaşmasını dərk edilən şüurlu yaşayış normasına çevrilməsinə nail ola bildiyimizi qeyd edir: "Ancaq cəmiyyətimiz təəssüf ki, tək bu kəsimdən ibarət deyil. Tanınmışlardan sayılan bir qrup insanlardan həm karantinə maksimum uyğunlaşmaq, həm də başqalarına müsbət nümunələr göstərməsini gözlədiyimiz halda sözün əsil mənasında utancverici nümunələrin şahidi oluruq. Adlı-sanlı dövlət məmurlarının, ziyalıların, sabiq və indiki millət vəkillərinin, toy-şənlik süfrələrində "qarnını və cibini otaran" şou əhlinin cəmiyyətimizin karantinə məsuliyyətlə uyğunlaşan hissəsindən fərqli və ərköyün davranışlar nümayiş etdirməsi bir neçə cəhətdən anormal və ziyanlı sayılan sayqısızlıq nümunələridir. Toy-ziyafət şənlikləri quran tanınmışlar ilk olaraq cəmiyyətimizin böyük bir hissəsinə qarşı sadəcə hörmətsizlik edir.
İkinci, başqalarının da ümumi qaydalardan kənara çıxmasını təşviq etmək kimi bağışlanmaz mənəvi cinayətə qol qoyullar.
Üçüncü, dövlətin və cəmiyyətimizin böyük hissəsinin zəhməti hesabına əldə edilmiş antipandemik uğurları bir anın içində dəyərsiz edərək, yeni yoluxma risqləri yaradırlar."
Siyasi ekspert qeyd edir ki, öz nəfsinə əsir düşərək karantin qaydalarını pozan vəzifəli şəxslərin, millət vəkillərinin, müğənnilərin mənəvi cinayəti xüsusilə ağır və bağışlanmazdır: "Bir neçə saat ərzində öz qarnına və cibinə işləyən "bədnəfs" bir şou əhlinin cəmiyyətin mütləq çoxluğundan fərqli neqativ hərəkətlər etməsini hardasa bağışlamaq olar. Axı belələri milli, ictimai və siyasi ali dəyərləri özünün "dolu soyuducusundan" çox -çox aşağıda görməyi, heç kimdən utanıb qızarmadan bir həyat normasına çevirdiklərini açıqca deyirlər. Bəs sizlərə nə deyək, ay karantini pozaraq oğluna, qızına, kürəkəninə, arvadına xüsusi kütləvi ziyafət süfrələri açdıran tanınmış filankəslər? Cəmiyyətin can sağlığını qorxulu xəstəlikdən qorumaq üçün lazım bilinmiş qadağanları nümayişkaranə pozmaqla kimə meydan oxuyursuz? Əlinizə bir ictimai tribuna keçən kimi ali dəyərlərdən, xalq-millət mənafelərindən elə dəm vurursuz ki, "ağzınıza çullu dovşan yerləşmir". Xalqa hörmət etmirsinizsə, heç olmasa yüksək tribunalarda xalqa nümayiş etdirmək istədiyiniz sifətinizə hörmət qoyun. Baxmayaraq ki, bu sifətinizin saxta olduğunu az əvvəl dedim. Sizlər heç kimdən artıq deyilsiniz... Mütləq çoxluqdan fərqlənmək üçün eqoistcəsinə etdiyiniz hərəkətlər üstünlük yox, sadəcə mənəviyyatsızlıqdır."
Qanunlar hər bir şəxs üçün eyni qüvvəyə malik olmalı, tanınmış və vəzifəli şəxslər qanunların tələblərinə daha da ciddi formada riayyət etməli olduqlarını qeyd edən "QHT.az" saytının rəhbəri, İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycan hökuməti müxtəlif qaydaları tətbiq edən zaman ölkə əhalisinin maraqlarını və ölkənin gələcəyini düşünüərək, hər addımı dəfələrlər düşünərək atır.
"Belə halda kimlərinsə bu qaydaları pozması yolverilməzdir. Cənab prezident də dəfələrlə bu məsələyə münasibət bildirərək qeyd etmişdir ki, hansısa şəxslərin məsuliyyətsiz davranışına yol vermək olmaz.
Çox təəsüflə qeyd etmək lazımdır ki, son bir neçə gündə bəzi vəzifəli və tanınmış şəxslərin toy, nişan və ad günləri təşkil etməsilə bağlı müxtəlif məlumatlar yayılıb. Bu kimi halların baş verməsi cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb."
İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri bildirir ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üstün olması qəbuledilə bilməz: "Cənab prezident dəfələlrə vurğulayıb ki, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır. Biz mütəmadi olaraq izləyirik ki, bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib. Azərbaycan Prezidenti ölkədə qanunun aliliyinin qarantıdır, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Cənab prezident tərəfindən göstərilən bu siyasi iradədən çıxış edərək hər bir şəxs bilməldir ki, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilir, onların barəsində cəza tədbirləri görülür və qarşıdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcəkdir.
Hər bir vətəndaş anlamalıdır ki, koronavirusla mübarizə ümummilli məsələdir. Heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz."
"Bu reallığı hamıdan çox bəzi akademiklər, digər vəzifəli şəxslər bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar. Çox təəsüf hissi ilə qeyd edirəm ki, cəmiyyət həmin şəxslərdən nümünəvi davranış gözlədiyi halda, onların bu məsuliyyətsiz davranışı insanlarda haqlı narazılıq yaradıb. Müvafiq qurumlar tərəfindən də vəzifəsindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, karantin qaydalarını pozan hər bir şəxsə adekvat cəza tədbiri görülməkdədir."
"SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bir neçə gün əvvəl Ramiz Mehdiyevin karantin rejimi şəraitində qəbul edilmiş qanunları pozaraq, nəvəsinə toy etməsini və bu olayın ictimai rəydə kəksin narazılıq yaratdığını qeyd edir.
Onun sözlərinə görə, artıq beş aydan çoxdur ki, tətbiq edilən karantin rejiminin əsas məramı və məqsədi həm də onu ehtiva edir ki, insanlar vəzifəsindən, sosial təbəqəsindən və s. amillərdən asılı olmayaraq qəbul olunmuş qanunlara birmənalı şəkildə riayət etməli, özünün və ətrafının sağlamlığını qoruması üçün dövlətin apardığı siyasətə dəstəyini göstərməlidir: "Prezident İlham Əliyev bu günə qədər dəfələrlə çıxışlarında vurğulayıb ki, heç kim vəzifəsinə, ranqına görə, qanun qarşısında bir-birindən üstün deyil. Məhz dövlətimizin başçısı müxtəlif tədbirlərdə açılış mərasimlərində pandemiyanın tələb etdiyi şərtlərə əməl etməklə xalqa örnək, nümunə göstərib. O, bununla hər birimizə mesaj göndərib ki, qanun bütün məqamlarda şahdır. Bəli, çətindir və bu çətinlik yalnız bizdə deyil, bütün dünyada mövcuddur. Ancaq bütün bu müvəqqəti çətinliklərə rəğmən, ölkəmizdə köklü islahatlar davam etdirilir, hətta sosial layihələrin icrası təxirə salınmayaraq, daha geniş müstəvidə aparılır. Biz bu barədə kifayət qədər danışmışıq, fikirlərimizi açıqlamışıq. Dövlətin, hakimiyyətin məqsədi birdir - xalqa dayaq olmaq və xalqın maraqlarına cavab verən siyasəti davam etdirmək".
Siyasi ekspert vurğulayır ki, özlərini vəzifəcə üstün sayan, hətta yumşaq desək, "nə istəsəm edərəm" düşüncəsi ilə yaşayan bir sıra məmurlar hüquq aliliyini bir kənara qoyaraq, açıq-aşkar şəkildə qanunları nəinki pozublar, həm də hörmətsizlik göstəriblər: "Barəsində bəhs etdiyimiz toy mərasimi də bu sıradandır. Sual olunur: məgər Ramiz Mehdiyev Azərbaycan vətəndaşı deyilmi? Yaxud, o da bu ölkənin vətəndaşıdırsa, hansı fövqəl rütbəsinə görə özünü xalqdan üstün hesab edir? Əgər Prezident İlham Əliyev özünü xalqın bir nömrəli xidmətçisi olaraq təqdim edirsə, Ramiz Mehdiyev və başqaları qanunları pozmaqla bu ali xidməti hansı məqsədlə və hansı haqla kölgə altına salmağa cəhd göstəriblər? Xalq, ictimai rəy qanunsuz qaydada baş tutmuş toy mərasimindən sonra daxilindəki hiddətini, narazılığını haqlı olaraq öz gizlədə bilmədi və yenə də əsaslı sual etdi ki, yerlərdə kiçik şadlıq, yaxud yas mərasimləri keçirən vətəndaşlar cərimələnirlərsə, müvafiq cəzalara layiq görülürlərsə, bəs onda məmurlar hansı səbəblərə görə qanundan kənarda qalırlar? Bax, bu məqamda, bu əsnada dövlət başçısının sözügedən məsələyə göstərdiyi sərt reaksiyası və məhkəmənin çıxardığı məlum qərar sübut etdi ki, Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, ali, sarsılmaz iradəsi və ən vacibi, xalqının yanında dayanması, xalqına arxalanması, xalqının isə Ona olan əsaslı etimadı mövcuddur. Bu həqiqət, bu gerçəklik özünü sözügedən məsələdə kifayət qədər isbat etdi".
Ay An