Həyat və sağlamlığı təhlükəyə atmaq dinimiz tərəfindən də qadağan edilib – İbrahim Quliyev 

Aşura günü Peyğəmbərimizin (s) ən əziz nəvəsi, haqqında "Mən Hüseyndənəm, Hüseyn də məndəndir" dediyi bir şəxsin öz səhabələri ilə birlikdə Kərbəla səhrasında qətliama məruz qaldığı bir gündür.

"Olaylar" "Bildiyiniz kimi Aşura mərasimi xalqımızın milli-mənəvi mədəniyyətində mühüm yerə sahibdir. Çünki Aşura günü Peyğəmbərimizin (s) ən əziz nəvəsi, haqqında "Mən Hüseyndənəm, Hüseyn də məndəndir" dediyi bir şəxsin öz səhabələri ilə birlikdə Kərbəla səhrasında qətliama məruz qaldığı bir gündür. Bu gün bizim mədəniyyətimizdə, ədəbiyyatımızda Kərbəla faciəsi kimi də yad edilir."

Bu fikirləri Olaylar.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, fəlsəfə elmləri üzrə fəlsəfə doktoru İbrahim Quliyev deyib.

İbrahim Quliyev qeyd edir ki, Məhərrəmlik mərasimi və ya daha geniş mənada Aşura mədəniyyəti təkcə xalqımızın dini-mənəvi mədəniyyətində deyil, eyni zamanda bütövlükdə maddi-mənəvi mədəniyyəti tarixində də müstəsna yerə və rola sahibdir: "Elə bunu demək kifayətdir ki, məhz məhərrəmlik mərasiminin təşkil edilməsi nəticəsində XIX əsrdə müasir Azərbaycan teatrının təməli atılmış, "şəbeh" adlı dini tamaşalar sayəsində dini teatrın əsası qoyulub.

Xalqımızın istər keçmişi, istərsə də müasir həyatı ilə ciddi bağlılığı olan məhərrəmlik mərasimi, eyni zamanda Azərbaycan mədəniyyəti tarixində mərsiyə janrının təşəkkülü və formalaşmasına rəvac verib. Özündə igidlik, vətənpərvərlik və yüksək döyüş ruhunu əks etdirən mərsiyə ədəbiyyatının Füzuli, Seyid Əzim, Bakıxanov, Dəxil, Zakir, Dilsuz, Raci, Qümri, Sabir, Vahid və adları bura sığmayacaq qədər onlarla nəhəng nümayəndələri vardır. Məhz onların Kərbəla qəhrəmanlarının şücaət və cəsarətləri haqqında yazdıqları şeirlər tarix boyu vətənimizin keşiyində dayanmış igidlərimizə ilham mənbəyi olub.

Aşura mədəniyyətinin müasir yeniyetmə və gənclərimiz üzərindəki müsbət təsirini inkar etmək sadəlövhlik olardı. Buna görə də indiki müharibə şəraitində bu İlahi mədəniyyətin yeniyetmə və gənclərimizə doğru-dürüst şəkildə çatdırılmasını təmin etməli, onların İmam Hüseyn (ə) və onun qiyamının mahiyyəti haqqında əsaslı şəkildə maariflənmələrinə və qiyamın mahiyyətini düzgün dərk etmələrinə yardımçı olmalıyıq."

İbrahim Quliyev Aşura mədəniyyəti geniş şəkildə təbliğ edilməli, lakin təbliğat zamanı hər növ təhrif və xurafatdan çəkinməli, İmam Hüseynin (ə) qiyamının məğzinə xələl gətirən, habelə sənədləri sübut olunmamış rəvayətlər bu mövzuda söylənən moizə və xütbələrdə deyilməməli olduğunu bildiri:

"Aşura mədəniyyəti indiki şəraitə uyğun olaraq mərasim və toplu şəklində deyil, müxtəlif üsullarla (məqalələr çap etdirmək, videokonfranslar təşkil etmək, videoçarxlar hazırlamaq, müxtəlif sosial şəbəkələrdə çıxışlar etmək və s.) təşkil edilməli və hər növ qanuni vasitə ilə sözügedən mədəniyyətin təbliğinə rəvac verilməlidir.

Gəlin unutmayaq ki, həzrət Məhəmməd (s) "Həsən və Hüseyn mənim iylədiyim iki reyhanımdır", - deyə buyurmaqla biz müsəlmanları onlara qarşı biganə qalmaqdan çəkindirmiş və gül-çiçəyə göstərilən diqqət qədər onlara qarşı diqqətli olmağımızı bizdən tələb etmişdir.

Bu ayda məhərrəmlik ab-havasına bürünmək, hər növ əyləncə və şadlıqlardan çəkinmək Əhli-beytin (ə) tutduğu yoldur. Bu yolla getmək dinimizin bizə tövsiyəsidir. Necə ki, bu məqamı böyük mütəfəkkir-şair Məhəmməd Füzuli aşağıdakı şeirində bildirmişdir:

Mahi-Məhərrəm оldu məsərrət həramdır,

Matəm bu gün şəriətə bir еhtiramdır.

Təcdidi-matəmi-şühəda nəfsiz dеgil,

Qəflətsərayi-dəhrdə tənbihi-ammdır.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, son zamanlar bir çox ölkələrlə yanaşı, bizim də ölkəmizdə koronavirus infeksiyasının yayılması və fəsadlarının qarşısının alınması üçün dövlətimiz tərəfindən ciddi tədbirlər görülmüşdür. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrdən sonra kütləvi yoluxma riskini nəzərə alaraq vətəndaşlarımızın sağlamlığı naminə müvəqqəti olaraq məscidlərimizdə dini ayin və mərasimlərin, o cümlədən məhərrəmlik və Aşura mərasiminin təxirə salınmasını məqsədəuyğun hesab etmişdir. Uca Allahın yaratdığı ən müqəddəs dəyər olan insan həyatının qorunması məqsədi ilə bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Həyat və sağlamlığı təhlükəyə atmaq dinimiz tərəfindən də qadağan edilib. Allah taala "Bəqərə" surəsinin 195-ci ayəsində "Öz əlinizlə özünüzü təhlükəyə atmayın", - deyə buyurmaqla həyat və sağlamlığımızın keşiyində durmağı bizə əmr edib."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31