Daxili bazarın qorunması, yoxsa inhisarçılara xidmət edən yenilik? ŞƏRH

Nazirlər Kabineti tərəfindən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilib.

Nazirlər Kabineti tərəfindən "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklər edilib. Lakin bu qərar ölkənin bəzi kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.Yeni qaydalara görə, fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb. Belə ki, indiyədək vətəndaş şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi. Yeni dəyişikliyə görə bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq intenet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir. Digər narahatlıq doğuran məqam isə bir nəfərin 300 və 800 dollarlıq limitdən ay ərzində cəmi bir dəfə istifadə edə bilməsi ilə bağlıdır. Maraqlıdır, sözügedən yenilik vətəndaşlar üşün nə dərəcədə sərfəlidir?

Daxili bazar necə qorunur?

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük siyasətinin əsas məqsədi öz səlahiyyətləri daxilində ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin, daxili bazarının qorunmasında, dövlətin iqtisadi siyasətindən irəli gələn digər vəzifələrin yerinə yetirilməsində iştirak etməkdən ibarətdir. Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb. Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Qeyri-qanunu ticarət aradan qaldırılır

Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı. Beynəlxalq təcrübə olaraq, məsələn Türkiyə Respublikasının qanunvericiliyinə əsasən qeyri-kommersiya məqsədləri üçün eyni fiziki şəxs tərəfindən 2 (iki) təqvim ilində yalnız 1 (bir) ədəd telefon aparatları, mobil və ya başqa simsiz rabitə şəbəkələri üçün telefon aparatları gömrük ərazisinə gətirilə bilər və həmin telefon aparatları 1 (bir) təqvim ayı ərzində həmin dövlətin müvafiq qurumlarında mütləq qaydada qeydiyyata alınır.

Beynəlxalq praktika nə deyir?

Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir. Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiya Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur. Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur. Göstərilənləri, eləcə də beynəlxalq təcrübəni nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişikliklər edilməsi zərurəti yaranıb.

"Limitlər mərhələli şəkildə dəyişdirilməlidir"

Millət vəkili Vüqar Bayramov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən gömrüklə əlaqədar qəbul edilən qərarda limitlərin kəskin endirilməsi nəzərdə tutulub. Nəzərə alsaq ki, 1500 dollarlıq limit aylıq 800 dollara, poçt xidmətləri vasitəsilə birdəfəlik sifariş 1000 dollardan 300 dollara endiriib ki, bu da 3 dəfədən çox azalma deməkdir. Dövlət Gömrük Komitəsinin arqumenti ondan ibarətdir ki, şəxsi istəklə bağlı sifariş verilən məhsullar daha sonra satışa çıxarılır, vergidən yayınır və nəticə etibarilə bunun da izlənməsi çətin olur. Ekspert bildirib ki, Dövlət Gömrük Komitəsi Avropa ölkələrində olduğu kimi şəxsi istehlak üçün gətirilən malların istehlak bazarına daxil olmasının qarşısının alınması ilə bağlı yeni mexanizmlərin hazırlanmasını təklif edib: "Həmçinin bu cür malların satışına görə cərimələrin, eləcə də inzibati məsuliyyətin ağırlaşdırılması da nəzərdə tutula bilər ki, şəxsi istehlak üçün gətirilən mallar daha sonra istehlak bazarında satılıb vergidən yayınmasın. Amma bütövlükdə biz təklif edirik ki, bu tip limitlər azaldılan zaman mərhələli şəkildə azaldılmalara gedilsin, kəskin azaldılmalar olmasın. Bütün hallarda limitin 3 dəfədən artıq azaldılması məqsədəuyğun deyil. Buna görə də, bu məsələyə yenidən baxılması və limitlərin optimallaşdırılması daha əlverişlidir". V.Bayramov vurğulayıb ki, bizim hər zaman istinad etdiyimiz inkişaf etmiş və ya Avropa Birliyinə üzv olan ölkələrdə limitlərin çox nadir hallarda 3 dəfədən çox azaldılması və ya dəyişdirilməsi baş vermir: "Adətən limitlər mərhələli şəkildə dəyişdirilməlidir ki, həmin fəaliyyətlə məşğul olanlar öz işlərini qaydasına qoysun, xüsusən də şəxsi istehlak üçün sifariş verənlər bu limitlərə uyğunlaşsınlar və limitlərin mərhələli azalmasının təsirləri müəyyənləşdirmək mümkün olsun. Bu baxımdan optimal dəyişikliklər edilməsi daha məqsədəuyğun olardı. Bizim təklif də ondan ibarətdir ki, limitlərin bu cür kəskin azalması deyil, mərhələli şəkildə dəyişdirilməsi həyata keçirilsin və bununla da limitlərin dəyişdirilməsinin şəxsi istehlaka təsirlərini qiymətləndirmək mümkün olsun. Bütün bunların fonunda Nazirlər Kabineti tərəfindən, eləcə də Dövlət Gömrük Komitəsi tərəfindən mövcud limitlərin belə kəskin azaldılması həyata keçirilməməsi daha yaxşı olardı. Düşünürəm ki, həmin limitlərə yenidən baxılıb optimallaşdırılması mümkündür".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31